Əmisi oğlunun başını kəsənin məhkəməsi olacaq
Bakıda əmisi oğlunu qətlə yetirən Elşən Nəsirovun cinayət işi üzrə məhkəmənin vaxtı bəlli olub.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramovun icraatına verilib. Məhkəmə prosesinə hazırlıq iclası martın 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə keçən il noyabr ayında Nizami rayonu, Qara Qarayev, 55 ünvanında baş verib. Lerik rayon sakini, 23 yaşlı Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Nəsirov Elnur Balaşirin oğlunun başını kəsərək qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü təslim olub.
Araşdırma zamanı məlum olub ki, E.Nəsirov hadisəni namus üstündə törədib. Belə ki, Elnur Nəsirovun öz əmisi qızı ilə ailə həyatı quracağı gözlənilsə də, o, təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla evlənib. Onun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Nəticədə Elnur Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.
Onu da qeyd edək ki, öldürülən Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur..
Mediainfo.az