İllərdir ata bildiyi adamı namus üstündə öldürdü

İllərdir ata bildiyi adamı namus üstündə öldürdü

27 İyul 2011 14:59
Bəyəndim (0) Bəyənmədim (0)
Sevgidən nifrətə doğru bir addım

Dünyada hər şeyin və hər kəsin kölgəsi vardır. İşıq düşərkən o, qara rəngdə əks olunur. Hətta ən ülvi hiss sayılan məhəbbət də qara kölgəyə malikdir. Bəzən bu kölgə başqasının həyatını qaraldacaq qədər həlledici olur.

16 yaşlı Sərvinaz həyatından çox razı idi. Belə ki, ailənin tək övladı olduğundan valideynləri tərəfindən qayğı ilə, nəvazişlə əhatə olunmuşdu. Anası məktəbdə ədəbiyyat müəllimi işləyirdi. Son dərəcə savadlı, ziyalı qadın idi. Sərvinazın təhsilə maraq göstərməsində, tərbiyəli böyüməsində anasının müstəsna xidmətləri olmuşdu. Onun atası özəl bizneslə məşğul olduğundan tez-tez əcnəbi ölkələrə səyahət edirdi. Daha dəqiq desək, çox vaxt evdə tapılmırdı. Hər dəfə geri qayıdarkən Sərvinaza gözəl hədiyyələr verir, sürprizlər edirdi. Bir sözlə, həyat bu gənc qızın üzünə gülürdü. Lakin bir gün hər şey gözlənilmədən dəyişməyə başladı.

Orta məktəbi yaxşı və əla qiymətlərlə bitirən Sərvinaz Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə yüksək balla daxil olmuşdu. O, adəti üzrə dərsə gedib-gəlirdi. Burada tanış olduğu, əlaqə yaratdığı qızlarla rəfiqəlik edirdi. Hər bir gənc qız kimi o da kimisə bəyənir, həyatının romantik anlarını yaşayırdı. Oğlanlar da bu yaraşıqlı qıza biganə deyildilər. Çoxları onun qəlbini oğurlamaq üçün dəridən-qabıqdan çıxırdı. Hətta ona görə davalar da düşürdü. Lakin Sərvinaz heç kimə əhəmiyyət vermədən təhsilinə davam edir, qəlbində qoruyub-saxladığı saf məhəbbətini büruzə vermirdi. Nəhayət, çoxdan bəri gözlədiyi gün gəlib çatdı. Hər dəfə onu görmək üçün BDU-ya gələn, ancaq ürəyini açmağa cürət etməyən İlkin cəsarətini toplayıb Sərvinaza yaxınlaşdı. Onu çoxdan bəri bəyəndiyini, niyyətinin ciddi olduğunu bildirdi. Sərvinaz qəlbən sevinsə də, hisslərini gizlətməyi bacardı. Cavabı qısa və konkret oldu: "Məni məndən yox, valideynlərimdən istə". Doğrusu, onun bu cavabı rəfiqələrinin gülüşünə səbəb oldu. Hətta Sərvinazı köhnə fikirli olmaqda qınayanlar da tapıldı. Lakin o, doğru bildiyi yoldan çəkinmədi. İlkinlə tənəffüslərdə və ya dərsdən çıxarkən metroya qədər məsafədə görüşsə də, nə onun maşınına mindi, nə də dəvətlərinə razılıq verdi. Sınaqlardan üzüağ çıxan Sərvinaz İlkinin qərarını daha da qətiləşdirdi.

O zamanlar İlkin İqtisad Universitetinin sonuncu kursunda qiyabi təhsil alırdı. Eyni zamanda müxtəlif şirkətlərdə mühasiblik edirdi. Gəliri pis deyildi. O, anasına və kiçik bacısına yaxşı baxırdı. Həmçinin artırdığı pullarla özünə maşın və birotaqlı ev də almışdı. Özü də tərbiyəsi, yaraşığı, mədəniyyəti ilə çoxlarından seçilirdi. İlkinin Sərvinaz adlı qızı sevməsini anası, bacısı da bilirdi. Və bu qızla ayaqüstü görüşdən sonra hər ikisi razılığını vermişdi. Ana oğlunun seçimini o qədər bəyənmişdi ki, tezliklə elçi getməyi qərara almışdı. Lakin Sərvinazın atası ezamiyyətdə olduğundan qız elçilik gününü təyin edə bilmirdi.

Bir gün Sərvinaz dərsdən çıxıb İlkinlə birlikdə metroya sarı gedərkən təsadüfən maşınların birində atasının olduğunu gördü. Gözlərinə inanmadı. Maşınlar sıx getdiyindən addım-addım irəliləyə bilirdilər. Sərvinaz özünü nə qədər cilovlamağa çalışsa da, qeyri-ixtiyari maşına baxdı. Sükan arxasında ortayaşlı bir qadın əyləşmişdi. Yanında isə Sərvinazın atası oturmuşdu. Gülüb-danışırdılar. Ata Sərvinazı görən kimi bir anlıq tutuldu. Ancaq özünü sındırmayıb yenidən sürücü qadınla söhbətinə davam etdi. Hiss olunurdu ki, olduqca səmimidirlər. Həmin gün Sərvinaz gördüklərini anasına danışdıqda, ana bunun mümkün olmadığını söylədi. Əlavə etdi ki, atası ilə tez-tez telefonla danışır və ata bir həftədən sonra qayıdacaq. Sərvinaz yenə də nə baş verdiyini anlaya bilmirdi. Axı o, həqiqətən atasını görmüşdü. Əgər gördüyü adam başqası olsaydı, reaksiya verməzdi. O isə Sərvinazı oğlanla görən kimi bir anlıq tutulmuş, sonra birtəhər özünü ələ ala bilmişdi.

Aradan bir gün keçməmiş ata gözlənilmədən gəlib çıxdı. Həmişəkindən fərqli olaraq Sərvinaza hədiyyə gətirməmişdi və son dərəcə pərt görünürdü. Ondan qəfil gəlişinin səbəbini soruşduqda, ata müxtəlif bəhanələr gətirdi. İşinin alınmadığını deməklə yanaşı, həm də pis yuxu gördüyünü, guya bu yuxuda Sərvinazın başına iş gəldiyi üçün narahat olduğunu bildirdi.

Həmin gündən sonra atanın Sərvinaza qarşı münasibəti kəskin dəyişdi. O, nəinki elçiliyə etiraz etdi, hətta qızına qarşı küskünlüyünü də büruzə verməyə başladı. Elə bil əvvəlki ata deyildi. Hər dəfə elçilikdən söz düşəndə bərk hirslənir, qızının ərə gedəcək yaşda olmadığını deyirdi. Sərvinaz gününü ağlamaqla keçirir, bununla belə sirrini heç kimlə bölüşmürdü. İlkin hər dəfə ondan kefsiz olmasının səbəbini soruşduqda, o, özünü pis hiss elədiyini deyir, suallardan yayınırdı. Sərvinaz atasının göz önündə başqa bir adama çevrilməsindən qorxuya düşmüşdü.

Nəhayət, qorxduğu başına gəldi. Sərvinazın atası xəlvəti surətdə İlkinlə görüşərək ona hədə-qorxu gəldi. Qızından əl çəkməsini qəti şəkildə ondan tələb etdi. Təbii ki, İlkin bu təhdidlərdən qorxmadı. Əksinə, Sərvinaza qoşulub qaçmağı təklif etdi. Vəziyyətin nə vaxtsa düzələcəyinə ümid edən Sərvinaz təklifi rədd etdi. O, valideynlərinin xeyir-duası olmadan, canı qədər sevdiyi atasının razılığı olmadan ailə qurmaq istəmirdi. İlkin də tərbiyəli olduğundan Sərvinazın atasına ağır cavablar qaytarmırdı. Hər görüşdə, telefon zəngində təhqir olunsa da, məhəbbəti naminə dözür, dərdini içinə salırdı.

Günlərin bir günü atası Sərvinazla səmimi söhbət etmək qərarına gəldi. Atanın bu addımı Sərvinazın ürəyincə oldu. Belə ki, o, aralarındakı münasibətin düzələcəyini düşünürdü. Həmin gün ata-bala mehribancasına söhbət etdilər. Hətta qərara aldılar ki, qış tətili zamanı ailəvi surətdə Moskvaya getsinlər və yeni 2008-ci ili orada qarşılasınlar. Ata təyyarəyə üç bilet alsa da, Sərvinazın anası ürəyindən müalicə aldığından gedə bilmədi. Qadın iki il idi ki, mikroinfarkt keçirmişdi və ev şəraitində müalicə alırdı. Həm də son hadisələrə görə əsəbləri gərgin olduğundan özünü narahat hiss edirdi.

Beləcə, Sərvinazla atası Moskvaya yollandılar. Hər şey də bundan sonra başladı. İllərdən bəri doğma ata bildiyi adam qızına ləyaqətsiz təkliflər edərək, ona İlkindən ayrılmaq üçün dil tökməyə başladı. Məqsədinə çatmadıqda, hətta Sərvinaza eşq elan etdi.

Onlar Bakıya qayıtdıqda, Sərvinaz tamamilə başqa bir adam olmuşdu. Sanki həyatdan küsmüş, özünə qapılmışdı. O, sirrini heç kimlə bölüşə bilmirdi. Odur ki, evə qapılıb dərdini içində çəkirdi. Anası dözməyib ondan bunun səbəbini soruşduqda Sərvinaz hər şeyi açıb-danışmasa da, ona bir sual verdi: "Mənim atam kimdir?" Qızının qəfil sualı ananı çaşdırdı. O, Sərvinazın həqiqətləri öyrəndiyini anladığı üçün suala doğru cavab verməli oldu: "Sən beş aylıq olanda atan öldü. Mən təklikdən qorxurdum. Ona görə də ikinci dəfə ərə getməli oldum. Biz onunla məktəbdən bəri bir-birimizi sevmişdik, amma qovuşa bilməmişdik. Mən dul qalandan sonra biz ailə qurduq. Mən onun evli olduğunu bilə-bilə razılıq verdim. O, həm öz ailəsinə, həm də bizə baxmağa başladı".

Söhbət zamanı aydın oldu ki, ata illərdən bəri xaricə getmək adı ilə öz ailəsinin yanında qalırmış. Məhz bu xəbər Sərvinaz üçün həlledici oldu. Atalığı növbəti dəfə ona təcavüz etməyə cəhd göstərərkən, Sərvinaz onun içkili olduğundan istifadə edib balta ilə başına zərbə endirdi. Kişi elə ilk zərbədən dünyasını dəyişdi. Həmin vaxt anası qonşuya iynə vurdurmağa getmişdi. Qadın geri qayıdarkən gözlərinə inana bilmədi. Sevdiyi insan, yəni həyat yoldaşı qan içində yerə sərilmiş, ondan da çox sevdiyi insan, doğma qızı əlində balta ağlayırdı...

Müəllifdən:

İnsan ikinci dəfə ailə qura bilər. Bu, hər kəsin hüququdur. Lakin başqasının ailəsinə, xoşbəxtliyinə şərik çıxmaq olmaz. Çünki yalan, eqoizm üzərində qurulan ailə xoşbəxt ola bilməz.

Son söz əvəzi:

Yalnız şəffaf olan varlığın kölgəsi olmur. Şəffaf paklıq, saflıq rəmzidir. Deməli, insan mənəviyyatı da saf və pak olmalıdır ki, kiminsə taleyini qaraltmasın.

Qeyd: Məqalə ittiham aktına əsasən qələmə alınmışdır. Müəyyən səbəblərdən qəhrəmanların adları öz adlarına uyğun dəyişdirilmişdir. Hal-hazırda Sərvinaz cəzasını 4 saylı Cəzaçəkmə Müəssisəsində (Qadın kolonunda) çəkir.

Könül AYPARA

O.M.