Bir övladın dramı...

Bir övladın dramı...

26 İyul 2011 17:41
Bəyəndim (0) Bəyənmədim (0)
Məhəbbətdən nifrətə gedən yol

Tək olan Allahdır. Ondan başqa heç kəs tək və mükəmməl ola bilməz. Hamının kiməsə ehtiyacı vardır. Valideynlərin bir-birinə, övladların valideynlərə, qardaşın bacıya və sair. İnsan təkləndiyi halda özü də istəmədən simasını itirməyə başlayır. Əvvəlcə insani keyfiyyətlərdən, sonra isə cəmiyyətdən təcrid olur.

Məhəbbətdən yaranan insan məhəbbəti yaratmalıdır. Övladlar bu məhəbbətin rəmzi sayılır. Hər bir övlad böyüdükcə ona verilən sevgini, qayğını, nəvazişi özündə böyüdür. Və nə vaxtsa bu sevgini artıqlaması ilə geri qaytara bilir. Zülm, dava-dalaş, iztirab görmüş övladlarsa təbii ki, mənfi keyfiyyətləri daxilində böyüdür. Gün gəlir, bu keyfiyyətlər insanı tamamilə eybəcərləşdirir...

O, bir zamanlar ailənin ən sevimli övladı idi. Valideynləri onun yolunu nə az, nə çox - düz yeddi il gözləmişdilər. Nəzir-niyazla, sədəqələrlə, qurbanlarla həyata gəlmişdi Ümid. O, ata-anasının, nənə-babasının yeganə ümidi idi. Bir zamanlar həmyaşıdları kimi nəvazişlə əhatə olunmuşdu. Bəlkə də o vaxtlar çoxları ona həsəd aparırdılar. Lakin gün gəldi, çərxi-fələk tərsinə dövran etməyə başladı. Ümid gözlənilmədən nifrətə çevrildi. O özü də istəmədən valideynləri üçün arzuolunmaz övlad olmağa başladı.

Hər şey soyuq qış günü başladı. 1993-cü ilin yanvar ayı idi. Havalar olduqca şaxtalı keçirdi. Üç yaşlı Ümid həmişəki kimi atasının yanında qalmışdı. Anası isə işlədiyi xəstəxanada növbədə idi. Gecəyarısı olsa da, Ümid hələ də yatmamışdı. Sabahdan bəri özünü narahat hiss elədiyindən heç günorta da yuxuya getməmişdi. Görünür, ürəyinə nə isə dammışdı. Beləcə, səhər açıldı. O, atasının qucağında yenicə mürgüləmişdi. Bu vaxt ev telefonu zəng çaldı. Xəbər gəldi ki, Ümidin anasını maşın vurub. Doğrudur, sonradan bu xəbər öz təsdiqini tapmadı. Bununla belə, qadın qeybə çəkilibmiş kimi izsiz-tozsuz yoxa çıxmışdı. Sən demə, o, çoxdan bəri görüşdüyü bir insana qoşulub qaçmışdı. Hətta işdən də çıxmışdı.

Bu xəbər Ümidi də, atasını da, qohumları da möhkəm sarsıtdı. Onlar uzun müddət Ümidin anasını axtardılar. Lakin məhkəməyə qədər qadın tapılmadı. Yalnız məhkəmə zalında məlum oldu ki, o, xeyli vaxtdır küsülü olduğu, yola getmədiyi əri ilə boşanmaq istəyir. Bunun üçün birtərəfli qaydada məhkəməyə ərizə verib. Ümidin atası fağır adam olduğundan taleyinə üsyan edə bilmədi. Odur ki, həyat yoldaşının qəfil zərbəsinə dözməli oldu. Hətta məhkəmədə qadın ərini ləkələməkdən, onu xəyanətdə ittiham etməkdən belə çəkinmədi. Heç üç yaşlı oğlu Ümidin göz yaşlarına belə məhəl qoymadı.

O zamanlar balaca Ümid nə baş verdiyini anlamırdı və anasının soyuqqanlı hərəkətini heç cür dərk edə bilmirdi. Bununla belə, ümidini üzmürdü. Ona elə gəlirdi ki, evdə adət elədiyi dava-dalaş bu dəfə də sülhlə bitəcək və o, yenə də anasının qucağında yuxuya gedəcək. Ancaq nə o gecə, nə də növbəti gecələr o, anasının qucağında yuxulamayacaqdı. Heç qəddar ananın üzünü belə görməyəcəkdi. Taleyin ilk zərbəsi Ümid üçün sarsıdıcı olsa da, sonrakı zərbələr daha da ağır oldu.

... Ögey ana himayəsində böyüyən Ümid artıq özünə qarşı diqqətin azaldığını hiss edirdi. Atası içkiyə qurşanmışdı. Analıq isə bütün meylini öz körpəsinə salmışdı. Və demək olar ki, ərinin acığını onun oğlu Ümiddən çıxırdı. Altı yaşlı Ümid günlərlə ac-susuz qalır, dərdini bölüşməyə adam tapmırdı. Doğrusu, nənə-baba da ona əvvəlki qayğını göstərmirdilər. Sanki yadlaşmışdılar və ya nədənsə incimişdilər. Ümid bu soyuq münasibətin səbəbini çox sonralar anladı. Ona aydın oldu ki, nənə-babası bir zamanlar onun atasının anası ilə evlənməsinə narazı idilər. Anası uşaq evində böyüdüyündən qocalar bu nikaha qarşı çıxırdılar. Lakin atası anasını qaçırdıqdan sonra məcburən gəlinlərini qəbul etmişdilər.

... İllər sürətlə bir-birini əvəz edirdi. Ümidin atası artıq dünyasını dəyişmişdi. Analıq isə yenə də ona göz verib-işıq vermirdi. Məktəb təhsilini yarımçıq qoyan Ümid analığının təkidi ilə ağır işlərdə işləyirdi. Yaşına uyğun olmayan işlər görür, çörəkpulu qazanmaq üçün dəridən-qabıqdan çıxırdı. Belə ki, evə lazımi qədər pul gətirməyəcəyi təqdirdə, analığı onu döyəcək, işgəncə verəcəkdi. On yaşlı Ümid taleyinə boyun əyərək gecə-gündüz çalışırdı. Əslində o, işdən qorxmurdu və vaxtını evdə keçirməkdənsə küçələrdə olmağa üstünlük verirdi. Küçə həyatı onu mətinləşdirməklə bərabər, həm də sərtləşdirmişdi. Ümid böyük adamlar kimi siqaret çəkir, hərdən isə araq içirdi. Bəzən də çoxlu pul əldə etmək istəyi ilə avara uşaqlara qoşularaq maşınlardan oğurluq edirdi. Oğurladığını sataraq pula çevirir, bir qismini evə gətirirdi. Yerdə qalanını isə tüfeyli həyata sərf edirdi. Bu cür həyat tərzi onu tezliklə dəmir barmaqlıqlar arxasına gətirib çıxardı. Ümidin türmə ilə ilk tanışlığı həlledici oldu. O, burada cinayət yolunu seçmiş həmyaşıdları ilə qarşılaşdı. Onlardan fərqli düşüncə tərzini, danışıq manerasını öyrəndi. Lakin bütün bunlara baxmayaraq, Ümid hələ də qəlbən saf idi. O, ürəyinin dərinliyində mərdlik, səxavət, ədalət kimi müsbət insani keyfiyyətləri qoruyub-saxlaya bilmişdi. Məhz bu keyfiyyətlər onu qırılmaz dostluq telləri ilə Azad adlı oğlana bağladı. Yeniyetmələr bir-birinə sədaqət, dostluq andı içdilər. Günlərin bir günü kütləvi dava zamanı Ümid dostu Azadı qoruyarkən bir neçə nəfərə ölümcül xəsarət yetirdi. Cəza müddətinə bir qədər də əlavə olundu. Bu hadisə Ümidin həyata baxışlarını daha da sərtləşdirdi.

... On beş yaşlı Ümid azadlığa çıxmışdı. Heç yerdə iş tapa bilmirdi. Analığı da onu qəbul etməkdən imtina edirdi. Onun gedəsi yeri, sığınacaq məskəni qalmamışdı. Ümid son dəfə bəxtini sınamağa çalışdı. Anasını dilə tutmaq üçün evlərinə yollandı. Ancaq qapını onun üzünə açan olmadı. Ümid axşama qədər həyətdə gözləməli oldu. Hava qaraldıqda evlərinin işığının yandığını gördü. Bir daha bloka daxil olub zəngi basdı. Xeyli müddətdən sonra qapı açıldı. Analıq olduqca narazı görünürdü. O, Ümidi görən kimi, "Sən burada yaşamırsan, çıx get, bir daha dala qayıtma!" - deyə qışqırdı. Ümid cəsarətini toplayıb içəri soxuldu. Yataq otağından yad bir kişinin çıxdığını gördükdə dəhşətə gəldi. Kişi alt paltarında heç kimə əhəmiyyət vermədən evdə gəzişirdi. Sərxoş olduğundan Ümidə göz süzdürüb, "Ona deməmisən mən gəlmişəm?" - deyə atmaca atdı. Ümid bu təhqirə dözmədi. Daha doğrusu, atasının ruhunun təhqir olduğunu düşündüyündən əsib-coşdu. Hərəkətlərinə nəzarəti itirən Ümid cibindən çıxardığı bıçaqla kişiyə xəsarət yetirdi. Sonra analığının üstünə şığıyıb onu səkkiz bıçaq zərbəsi ilə qətlə yetirdi. Ürəyi soyumadığından qadına bir neçə zərbə də vurdu.

... Ümid analığının cansız bədəni ilə tək qalmışdı. Bu vaxt bacısı qonşudan qayıtdı. İçəri girər-girməz anasının qətlə yetirildiyini görcək, qışqır-bağır salmaq istədi. Ancaq qardaşının onu da öldürə biləcəyini düşündüyü üçün qorxdu. Səsini çıxarmadan ağlamağa, Ümidə yalvarmağa başladı. Təbii ki, Ümid bacısına xəsarət yetirə bilməzdi. O, qızı sakitləşdirib evi tərk etdi və təslim olmaq üçün birbaş polis idarəsinə yollandı.

Ümid hal-hazırda cəzasını 6 saylı cəzaçəkmə müəssisəsində çəkir. Azadlığa buraxılmasına üç ildən bir az artıq vaxt qalıb.

SON SÖZ ƏVƏZİ:

Ataların belə bir misalı var: "Nə əkərsən, onu da biçərsən." Bu misalı daha çox övladların tərbiyəsinə şamil etmək olar. Tanrı tərəfindən onların taleyi biz böyüklərə həvalə olunmuşdur. Odur ki, biz övladlarımıza, ümumən uşaqlara qayğı ilə, nəvazişlə yanaşmalıyıq. Həyatda elə addım atmalıyıq ki, uşaqlar bundan əziyyət çəkməsinlər. Əks halda, Ümid kimi uşaqlar ümidlərimizi puça çıxaracaqlar. Gəlin unutmayaq ki, uşaqlar bizim sabahımızdır. Sabah isə bu gündən başlayır.

Qeyd: Məqalə ittiham aktına əsasən qələmə alınmışdır.

Aqil Hüseynov

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.