Qadın ərini bağışlasa da, qanun bağışlamadı

Qadın ərini bağışlasa da, qanun bağışlamadı

13 Noyabr 2015 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Məhəmməd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Məhəmməd Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Məhəmməd Əliyev 16 aprel, 2015-ci ildə qeyri-rəsmi həyat yoldaşı Ayşən Gülüşova ilə barışmaq üçün baldızının yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Tağıyev küçəsindəki mənzilinə gedib.

Ərlə arvad arasında yaranan münaqişə qansız ötüşməyib. A.Gülüşova onunla barışmayacağını bildirdikdə Məhəmməd bıçağa əl atıb. O, cibindən çıxardığı bıçaqla hamilə arvadının baş-boyun nahiyəsinə ardıcıl zərbələr endirib.

Hadisə A.Gülüşovanın 8 yaşlı bacısı oğlunun gözləri önündə baş verib. Vurduğu zərbələrin təsirindən arvadının öldüyünü zənn edən Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət yetirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar.

Həkimlərin səyi nəticəsində Ayşən Gülüşovanın həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxs qismində dindirilən Məhəmməd Əliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Ayşəni öldürmək niyyətində olmadığını göstərib.

Zərərçəkmiş şəxs qismində dindirilən Ayşən Gülüşova həyat yoldaşından şikayətçi olmadığını deyib və barışıq ərizəsi yazaraq məhkəməyə təqdim edib.

İnarə Rafiqqızı