Məmur ərini öldürməkdə təqsirləndirilən qadının cinayət işi ibtidai istintaqa qaytarılıb

Məmur ərini öldürməkdə təqsirləndirilən qadının cinayət işi ibtidai istintaqa qaytarılıb

3 Noyabr 2015 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovu qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

Prosesdə X. İsgəndərovanın vəkili tərəfindən ötən proses zamanı verilən vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək işi yenidən ibtidai istintaq orqanına qaytarıb.

Qeyd edək ki, ötən proses zamanı X. İsgəndərovanın vəkili çıxış edərək bildirib ki, cinayət işinin sübutları saxtalaşdırılıb. Vəkil cinayətin X. İsgəndərova tərəfindən törədilmədiyini bildirib və işin yenidən araşdırılmasını istəyib.

Xatırladaq ki, F. İsgəndərov evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurulmaqla amansızlıqla qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Mediainfo.az