Arvadını güllələdiyi üçün 9 il 6 ay müddətinə azadlıqdan məhrum edildi - FOTO

Arvadını güllələdiyi üçün 9 il 6 ay müddətinə azadlıqdan məhrum edildi - FOTO

17 Oktyabr 2015 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayon sakini Seyran Tahirovun (1967-ci il təv.) CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 131.1-ci (ehtuyatsızlıqdan sağlamlığa az ağır və ağır zərər vurma) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Ötən il aprelin 17-də Saray qəsəbəsinin S.Qaziyeva küçəsi, ev 5-də yaşayan Seyran Tahirov ailə münaqişəsi zəmnində özünə məxsus 16 kalibrli ov tüfəngindən atəş açmaqla arvadı Məhbubə Tahirovanı ağır yaralayıb və hadisə yerindən qaçıb. Kliniki tibbi mərkəzə çatdırılan qadının həyatını həkimlər xilas etməyə nail olublar. Elə həmin gün şübhəli şəxs Abşeron RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və cinayətdə işlətdiyi silahı polisə təqdim edib. Fakta görə İstintaq şöbəsində ilkin olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi qaldırılıb. Müəyyən edilib ki, Tahirovların ailə münasibətləri bir ilə yaxındır ki pozulub, onlar rəsmi boşanmasalar da, ayrı-ayrı yaşayıblar.

İş üzrə dindirilən təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı və iki uşağı ilə uzun illər Saray qəsəbəsində yaşayıb. Son 1 ildə yoldaşı ilə münasibətləri pis olub, buna görə öz evindən gedərək qardaşının evində məskunlaşıb. Lakin həyat yoldaşı onun barəsində yaxınlarının və tanışlarının yanında təhqiredici sözlər işlətməkdə davam edib. Bundan qəzəbləndiyindən Seyran aprelin 17-də səhər özünə məxsus ov tüfəngini götürərək evinin yanına gəlib və arvadının işə getməsini gözləyib. Məhbubə Tahirova evdən çıxıb, küçə ilə gedərkən arxadan ona iki dəfə atəş açıb. Mütəmmadi olaraq ova getdiyini deyən Seyran ona görə evində həmişə silah saxlayıb.

Məhkəmə prosesində Seyran Tahirov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, bildirib ki : "qadın ki, kişinin sözü ilə oturub-durmursa, o qadın nəyə lazımdır? Hələ qadının yaşamağındansa, ölməyi daha yaxşıdır. Bir ildir ki, evimdən ayrı düşmüşdüm, Məhbubə saymamazlıq edirdi, nalayiq sözlər işlədirdi". O, əməlindən peşman olmadığını qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəsinin hökmü ilə S.Tahirov 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi hökmünün qüvvəsində saxlanılması barədə qərar qəbul edib. (7news)

Mediainfo.az