Bakıda narkotik və saxta ABŞ dolları satan cinayətkar dəstə saxlanıldı

Bakıda narkotik və saxta ABŞ dolları satan cinayətkar dəstə saxlanıldı

8 Oktyabr 2015 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Odlu silah alqı-satqısı, narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib. Nəticədə odlu silah-sursatın alqı-satqısı, külli miqdarda müxtəlif növ narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.

Belə ki, Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Astara rayon sakini Zaur Əliyevin "AKSU" markalı avtomatı, patron darağını və 114 ədəd müxtəlif çaplı patronları sentyabr ayının 22-də adı istintaqa məlum olan şəxsə 1500 manata satması müəyyən edilib. Tədbirin davamı olaraq oktyabr ayının 2-də Zakir Əliyev 1 ədəd qumbaranı həmin şəxsə 300 manata satmaq istəyən zaman yaxalanıb. Zəngilan RPŞ və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri daha bir əməliyyat tədbiri ilə Astara rayon sakinləri Elşən Ağalı, Röyal Əliyev, eləcə də Bakı şəhər sakinləri Tural Səfərov və Hüseynağa Əsgərov da tutulublar. Elşən Ağalının paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə olan heroin, tiryək və həşiş, eləcə də 22300 saxta ABŞ dolları aşkar edilərək götürülüb. İlkin dindirmə zamanı Elşən Ağalı narkotik vasitələri bir müddət əvvəl satış məqsədi ilə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyini, saxta pulların isə ona satmaq məqsədilə Hüseynağa Əsgərov tərəfindən verildiyini bildirib.

Elşən Ağalı - saxlanılan şəxs: "Daha əvvəl də məhkumluq həyatı yaşamışam. Orda da bir İranlı ilə tanış olmuşam. Çıxandan sonra da onunla əlaqəm olub. Gedib oradan Bakıya satmaq üçün narkotik, tiryək, heroin, həşiş qatranı gətirmişəm".

Hüseynağa Əsgərov - saxlanılan şəxs: "Külli miqdarda ABŞ dollarını Fuad adlı şəxdən almışam, 45 faizlə Elşənə satmışam".

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayətin digər iştirakçılarının da tapılıb tutulmaları və məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mediainfo.az