Qatil qardaşlar müttəhimlər kürsüsündə

Qatil qardaşlar müttəhimlər kürsüsündə

2 Oktyabr 2015 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar və Zülfüqar Yusibovun cinayət işi məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elçin Quliyev ifadə verib. O, ifadəsində taksi sürücüsü olduğunu bildirib.

"Hadisə olan günü Vüqar mənə zəng eləyib dedi ki, gəl bizim qapıya. Mən də getdim. Dedi ki, Aşurgilin maqazininə sür. Yolda Zülfiqar Vüqar qardaşları söhbət edirdi. Onlar bir mübahisə edirdi ki, söhbəti mən edəcəm sən qarşıma, o biri də əksini. Maqazinə çatdıq. İçəri girdik. Kassanın yanında Səbuhi vardı, mübahisə oldu. Söyüş söyüldü. Əl-qol hərəkətləri bir-birini itələdilər. Maqazində alışqanlar yerə töküldü. Vüqargil Vasifgillə çölə çıxdı. Mən Səbuhi ilə yerə tökülənləri yığdıq. Həmin vaxt Vüqarda bıçaq olduğunu görmüşdüm. Çöldən səs-küy gəldi. Səbuhi, Elçin, dalınca mən bayıra çıxdıq. Vasif yerdə idi. Qan aparırdı. Asif də qaça-qaça maşının üstünə gedirdi. Qoymadım. Dedim, qardaşın yaralıdı, get, ona kömək elə. Maşına oturdum. Vüqar və Zülfüqar maşındaydı. Vüqar dedi ki, sür qaynatam gilə".

Şahid ifadəsindən sonra hakimlər və dövlət ittihamçısının suallarını cavablandırıb.

Məhkəmə prosesi oktyabr 9-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2014-cü ilin iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Məmmədov və Yusifovlar (onlar qohumdur) arasında borc üstündə düşən dava qətllə nəticələnib. Belə ki, qəsəbə sakini 25 yaşlı Vüqar İsmayıl oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib. Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayit Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər. Abşeron Rayon Polis Şöbəsində istintaq aparılan zaman məlum olub ki, Vüqar Yusifovun qardaşı Zülfüqar Yusifov da hadisə yerində olub.

Vüqar və Zülfüqar Yusifov qardaşları Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Mediainfo.az