Oğru: "Evə tək girmişəm"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vaqif Rüstəmov və Aqşin Qarayevin cinayət işi üzrə məhkəməsi keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və zərərçəkən - Təranə Qurbanova ifadə verib.
T.Qurbanova işdən evə gələrkən mənzilində oğurluq olduğunu hiss etdiyini bildirib. "Hadisə günü işdən evə gəldim. Qapını açarkən qıfılın çətin açıldığını gördüm. İçəri daxil olanda mənə məxsus olan qızıl-zinyət əşyaları olan qutunu stolun üstündə gördüm. Sonra baxdım ki, qutunun içərisi boşdur. Çantalarım isə çarpayının üzərinə atılmış formada qalıb. 2800 manat dəyərində qızıllarım oğurlanıb. Dərhal qonuşun evində təhlükəsizlik kamerası var. Ora baxdım, həmin 2 şəxsin binanın dəhlizində görüntülərini aşkarladıq. Məhkəmədən xahişimiz ondan ibarətdir ki, dəymiş ziyan tamamilə ödənilsin".
Təqsirləndirilən şəxs Vaqif Rüstəmov həmin mənzilə tək girdiyini bildirib: "Mən həmin evə tək girmişəm. Həmin vaxt Aqşin liftin yanında məni gözləyirdi. Daha sonra qızılları götürüb evdən çıxdım".
Məhkəmənin növbəti iclası oktyabrın 8-nə təyin edilib.
Mediainfo.az
Qeyd edək ki, V.Rüstəmov və A.Qarayev Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.