Qardaşını öldürdü, arvadına sahib çıxdı

Qardaşını öldürdü, arvadına sahib çıxdı

19 İyul 2011 10:26
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Goranboy rayonunda baş verib

Məhkəmə

Qəsdən adam öldürməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Goranboy rayon sakini Nurlan Alcanovun məhkəmə istintaqı başa çatıb. Nurlan Alcanov doğma qardaşını qətlə yetirməkdə ittiham olunurdu.

Məhkəmə yolu ilə müəyyən edilib ki, təqsirləndirilən şəxsin qardaşı Ruslan Alcanov öz həyat yoldaşını Nurlan Alcanova qısqanıb. Bu səbəbdən də iki qardaş arasında narazılıq və dava-dalaş yaranıb. Arvadını qardaşına qısqanan Ruslan Nurlandan ata evini həmişəlik tərk etməyi tələb edib. Nurlansa ailə daxilində yaranmış söz-söhbətlərə birdəfəlik son qoymaq qərarına gəlib. Növbəti dava-dalaş zamanı qardaşı tərəfindən döyülən Nurlan evdən götürdüyü balta ilə onun baş nahiyəsindən zərbə endirib. Zərbənin təsirindən Ruslan hadisə yerindəcə dünyasını dəyişib. Qardaşını qətlə yetirən qardaş cinayətin izini itirmək məqsədi ilə meyiti həyətdəki ayaqyoluna atıb və üstünü torpaqlayıb. Sonra isə qardaşı arvadını evə gətirərək, həbs olunan günə qədər onunla qeyri-rəsmi ər-arvad kimi yaşayıb.

"Sənin mənim ailəmlə bir evdə yaşamağın mümkün deyil"

Təqsirləndirilən şəxs qismində dindirilən Nurlan Alcanov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, doğma qardaşı Ruslan həyat yoldaşını ona qısqanırmış: "Hərbi xidmətdən 2007-ci ilin yanvar ayında qayıtmışam. Həmin vaxtdan da qardaşım Ruslan, onun həyat yoldaşı Sahibə ilə bir evdə yaşamışam. Qardaşım arvadı Sahibəni mənə qısqanırdı. Bu səbəbdən də qardaşımla münasibətimiz pozulmuşdu, tez-tez aramızda narazılıqlar baş verirdi.

2008-ci ilin fevral ayının sonlarından Ruslan arvadını və azyaşlı qızını özü ilə apararaq Gəncə şəhərində yaşayan qayınanası Aləmzər Əliyevanın evində saxlayırdı. 5 mart 2008-ci il idi. Saat təxminən 21:30 radələri olardı. Qardaşımın arvadını mənə qısqanması ilə bağlı yenə də aramızda mübahisə düşdü. Yaranmış söz-söhbət sonda dava-dalaşla nəticələndi. Ruslan mənə başa salmağa çalışırdı ki, sənin mənim ailəmlə bir yerdə yaşamağın mümkün deyil. O, məndən tələb edirdi ki, evi tərk edib başqa yerə köçüm. Mən isə Ruslanın dedikləri ilə razılaşmaq istəmirdim. Ruslan fiziki cəhətdən məndən güclü olduğundan hətta tez-tez məni döyürdü də. Bu dəfə də Ruslan məni döyməyə başladı.

"Qardaşımı öldürüb, meyitini gizlətdim"

Ruslan tərəfindən döyülməyimə dözməyib evdən götürdüyüm balta ilə onun baş nahiyəsinə zərbə endirdim. Zərbənin təsirindən qardaşımın keçindiyini görüncə isə özümü itirdim. Nə edəcəyimi bilmirdim. Əvvəlcə qorxdum. Sonra isə cinayətin izini itirmək məqsədi ilə meyiti sürüyüb həyətin ortasına apardım və həyətdəki ayaqyoluna atdım. Onun qanlı paltarlarını, yataq ləvazimatını da ayaqyoluna tulladım. Sonra isə üstünü torpaqla örtüb basdırdım. Evdə olan qan izlərini yuyub təmizlədim.

"Qardaşımı öldürdüyümü onun arvadından gizlətdim"

Hadisənin səhəri günü qardaşım arvadı Sahibəyə telefon açaraq Ruslanın işləmək məqsədi ilə Bakı şəhərinə getdiyini bildirdim. Sahibəyə dedim ki, qızını da götür, evə gəl. Qardaşımı öldürdüyümü Sahibədən gizlətdim. Onu öz arvadım kimi saxlayacağımı vəd etdim. 15 may 2009-cu ilə kimi Sahibə ilə faktiki ər-arvad kimi yaşamışam".

"Ərim mütəmadi olaraq qardaşını döyür, qazandığı pulları zorla tutub onun əlindən alırdı"

Zərərçəkmiş şəxs qismində dindirilən Sahibə Qurbanovanın (mərhumun arvadı) ifadəsindən:

- Ruslan Alcanov mənim həyat yoldaşım olub. O, Goranboy şəhərindəki atası evini təmir etdirdikdən sonra məni həmin evə gətirmişdi. 2007-ci ilin yanvar ayında qaynım Nurlan əsgərlikdən qayıdıb bizimlə bir evdə yaşamağa başladı. Nurlan meyvə yeşikləri düzəltməklə bərabər ev təmiri ilə məşğul olurdu. Təxminən bir ay sonra iki qardaş arasında mübahisə baş verdi. Ümumiyyətlə, onların arasında tez-tez dava-dalaş olurdu. Ruslan idmanla məşğul olduğu üçün fiziki cəhətdən Nurlandan güclü idi. O, tez-tez Nurlanı döyür, qazandığı pulları zorla tutub əlindən alırdı. 2007-ci ilin axırlarında Ruslan işləmək üçün Bakı şəhərinə getmişdi. Bakıda bir ay qaldıqdan sonra bir qədər pul qazanıb evə gətirdi. Həmin puldan evimizə "Samsunq" markalı televizor da almışdı. 2008-ci ilin fevral ayının axırında qızımın müalicəsi ilə əlaqədar ərim məni Gəncə şəhərinə - anamın evinə apardı. Martın 5-də Ruslan günorta vaxtı Gəncəyə - anamgilə gəldi. Mənə təklif etdi ki, onunla birlikdə Dəliməmmədliyə gedim. Amma sonra belə razılaşdıq ki, pul tapandan sonra gəlib bizi aparsın. Həmin gün gecə saat təxminən 23-24 radələrində Ruslan anamın mobil telefonuna zəng vuraraq bizi ertəsi gün gəlib aparacağını söylədi.

"Nurlan mənə dedi ki, qardaşım Bakıya işləməyə gedib"

Ertəsi gün qaynım Nurlan zəng vuraraq, Ruslanın pal-paltarlarını yığışdırıb Bakı şəhərinə işləməyə getdiyini bildirdi. Ərimin 10-15 günə qayıdacağını deyib, Ruslanın xahişi ilə bizi evə aparacağını söylədi. Mən də razılaşdım. Nurlan Gəncəyə gələrək qızımla məni götürüb Dəliməmmədliyə apardı. Anamla mən Ruslanın qəflətən Bakıya gedişinin səbəbini soruşduqda, Nurlan dedi ki, işləməyə gedib, tezliklə qayıdacaq.

"Ayaqyolunu dağılmış vəziyyətdə görüb şübhələndim"

Mən qızımı da özümlə götürüb Nurlanla birlikdə evimə gəldim. Evə girərkən dəyişiklik hiss etdim. Döşəmə yarıya qədər qırmızı rəngli boya ilə rənglənmişdi. Ruslan yatan dəmir çarpayının baş tərəfində divarda silinmə izləri olan ləkələr gördüm. Yorğanın üzlüyü, döşəyin altına qoyulan adyal, Ruslanın dəst cins paltarı, ayaqqabıları, pencəyi yox idi. Həyətə çıxarkən tualeti dağılmış vəziyyətdə görüb şübhələndim. Nurlandan səbəbini soruşduqda o, Ruslanın əşyaları özü ilə apardığını, döşəməni isə özü rənglədiyini söylədi. Tualetin niyə uçduğunu soruşduqda Nurlan dedi ki, külək uçurub, mən də torpaqla basdırmışam.

"Sonradan bilmişəm ki, Nurlan qardaşını öldürüb ayaqyolunda basdırıbmış"

"Novruz bayramı"nda anam bizə qonaq gəlmişdi. Anam divardakı ləkələri görüb şübhələndi. Dedi ki, Ruslanı axtarışa verdirəcəyəm. Nurlan ona mane olaraq, "qardaşım telefon oğurluğu ilə məşğul olur, şəklini televiziyada göstərsələr, tutacaqlar", - dedi. 15 may 2009-cu ilə qədər Nurlanla bir evdə yaşamışam.

Hüquq - mühafizə orqanlarının əməkdaşları həyətə gəlib axtarış apardılar. Həmin vaxt Nurlanın Ruslanı ötən ilin mart ayının 5-də öldürüb həyətdəki tualetdə basdırdığını bilmişəm.

İş üzrə dindirilən digər şahidlər - Aləmzər Əliyeva, Fərqanə Əsgərova, Elman Bayramov, Cəlal Şükürov, Nadir Ələkbərov ifadələrində zərərçəkmiş şəxsin göstərdiklərinə uyğun ifadə veriblər.

Onlar Nurlanın qardaşı Ruslanla dalaşaraq onu balta ilə vurub öldürdüyünü və həyətdəki tualetdə basdırdığını eşitdiklərini bildiriblər.

QEYD: Məhkəmənin hökmü ilə Nurlan Alcanov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Müəllifdən: Deyilənlərə görə, Nurlanın uşaqlığı və yeniyetməliyi o qədər də ürək açan olmayıb. O, atasız böyüyüb, anası intihar edib, bacıları isə uşaq evində böyüyüblər.

Son söz əvəzi:

Deyirlər, günah ömürdən uzun olur. Nə vaxtsa ömür bitəcək. Lakin günah qiyamət gününədək yaşayacaq. O qiyamət gününədək ki, günahların cəzası ölümdən də betər olacaq...

İnarə Rafiqqızı

O.M.