
“Mağazaya girən kimi dedi, "gözəl, necəsən"
Satıcı qıza sataşıblar, dava düşüb, bir nəfər bıçaqlanıb
Bakı Ağır Cinayətlər Məhkəməsində qıza söz atmaq üstündə bir nəfəri bıçaqlayan Rövşən Əhmədovun məhkəməsi keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən, zərərçəkən və şahid ifadə verib.
Təqsirləndirilən R.Əhmədov deyib ki, hadisə baş verən gün axşam toya gedəcəyi üçün özünə paltar almağa gedib: "Köynək üçün bir dükana girdim, bu qızın işlədiyi dükan idi. Normal formada salam verib qiymətləri soruşdum. Bəyəndiyim paltar olmadı, getdim onun yanındakı başqa dükana. Mən qıza başqa heç nə demədim, söz atmadım. Yandakı dükanda bir nəfər məni çağırdı, gətirdi qızın yanına, dedi, bu qıza niyə söz atmısan. Dedim, söz atmamışam. Orda mənə şillə vurdu. Getdik başqa yerdə söhbəti həll etməyə. Dönərxananın arxasına çatanda mənim boğazımdan tutub boğmağa başladı. Mən də boğulan anda bıçağı çıxarıb onu vurdum".
Zərərçəkən Baba Babayev ifadəsində deyib ki, oğlanın söz atdığını qız özü deyib: "Mən tez-tez həmin dükandan paltar alırdım, qızı da elə tanıyırdım. Şəxsi tanışlığım yox idi. Həmin gün gəldim, gördüm, kefsizdir. Soruşdum ki, nə olub, dedi, oğlan mənə söz atdı. Mən də axtarıb onu tapdım. Gətirdim qızın yanına. Orda qız özünə də dedi ki, mənə söz atdı. İçəri girib deyib ki, "necəsən, gözəl".
Ondan sonra 34-ün həyətində söhbəti davam etdirdik. Mən onu boğmağa başladım. O da özünü qorudu, nəyə əli çatdısa, onu da etdi. Mən onu boğurdum. Şikayətçi deyiləm. Xahiş edirəm, imkan varsa, buraxın getsin".
Hadisəyə səbəb olan Aygün Əliyeva ifadəsində deyib ki, oğlanın ona "gözəl" deməsi xoşuna gəlməyib: "Mən dükanda idim. Bu gəldi, içəri girən kimi dedi, "gözəl, necəsən". Mən də əsəbləşdim, şalvarlara baxıb getdi. Sonra Baba gəldi, köynəyə baxırdı. Mən də əsəbimdən öz-özümə donquldanırdım. Soruşdu, nə olub, dedim. Mənim xoşum gəlmir o sözdən, "gözəl" sözündən. Baba da getdi, bir az sonra oğlanı gətirdi. Yanımda ona bir şillə vurdu. O da Babanı çölə çağırdı, getdilər".
Məhkəmə istintaqı tamamlanıb.
Mediainfo.az