Bir milyonluq cinayət işi ilə bağlı yeni xəbər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin növbəti məhkəmə iclası keçirilib.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilənlər ifadə veriblər, onlardan bir qismi özünü təqsirli bilsə də, digərləri günahsız olduqlarını deyiblər.
"Atrabank" ASC-nin Nəsimi filialının mühasibi, 03.03.2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Babayev Həsənağa Məmmədhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə, tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyn Yadulla oğlu, Kərimov Əlirza Abuzər oğlu və Cəfərov Səhadət Səməd oğlundan ibarət, Qazıyev Səbuhi Ağabala oğlu isə Rzayev Ramşan Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq, 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik ediblər.
Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə külli miqdar təşkil edən 1.270.884,46 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb. İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər
tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla – ilkin mühasıbatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib.
Dövlətə vurulmuş ziyandan 190.550 manatı ödətdirilib, 363.987 manat məbləğində əmlak üzərinə həbs qoyulub. Cinayətkar dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilib, onlardan yeddi nəfəri barədə məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin növbəti iclası sentyabrın 17-nə təyin edilib.
Mediainfo.az