Qatilə 18 il həbs verildi

Qatilə 18 il həbs verildi

3 Sentyabr 2015 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində söyüş üstündə adam öldürməkdə təqsirləndirilən Fəqani Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1981-ci il təvəllüdlü F.Şükürov Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə təqsirləndirilib. Hadisə 2014-cü ilin noyabrın 1-də Abşeron rayonunun Hökməli kəndində, Fəqani Şükürovun evinin yaxınlığında baş verib.

F.Şükürov ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib və yaralını idarə etdiyi "VAZ-2121" markalı avtomobildə Klinik Tibbi Mərkəzə aparıb. Həmin şəxs aldığı xəsarətdən orada dünyasını dəyişib.

F.Şükürov könüllü olaraq Abşeron Rayon Polis Şöbəsinə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "Etro" markalı ov tüfəngini təhvil verib.

Araşdırma zamanı müəyyən olunub ki, F.Şükürov qeyd edilən tarixdə saat 01 radələrində, yaşadığı evdə olarkən küçədən söyüş səsləri eşitdiyindən bayıra çıxaraq orada olan 5-6 nəfər tanımadığı şəxslərə irad tutduqda aralarında mübahisə yaranıb. Bundan sonra F.Şükürov həmin şəxsləri qorxutmaq məqsədilə özünə məxsus təklüləli ov tüfəngini evindən götürərək küçəyə çıxıb sakit olmalarını tələb etdikdə, həmin şəxslərdən Qurbanov Kamal Rafiq oğlu tüfəngi onun əlindən almaq istərkən atəş açılması nəticəsində döş nahiyəsindən xəsarət alıb. F.Şükürov K.Qurbanovu özünə məxsus "NİVA" markalı avtomobillə xəstəxanaya apararkən sonuncu aldığı xəsarətlərdən yolda ölüb.

Məhkəmənin hökmü ilə Fəqani Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Mediainfo.az