Sumqayıtda ata qızının sevgilisini bıçaqladı
MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində 1952-ci il təvəllüdlü Nizami Vəliyevin məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxs qızı ilə qeyri-rəsmi ər-arvad münasibətində olan Hüseynqulu Səfərova bıçaqla xəsarət yetirməkdə ittiham olunub.
Məhkəmə yolu ilə müəyyən edilib ki, Nizami Vəliyevin qızı Yaqut Vəliyeva ərindən ayrılandan sonra qohumu Hüseynqulu ilə bir yerdə yaşamağa başlayıb. Üç uşaq anası olan qızının bu hərəkəti Nizami Vəliyevə pis təsir edib. Odur ki, o, bununla bağlı bir neçə dəfə qızı ilə söhbət edərək, Hüseynqulu ilə görüşməməyi ona tapşırıb. Amma atasının iradlarına baxmayaraq Yaqut Hüseynqulu ilə əlaqəsini kəsməyib.
Buna səbəb isə adları çəkilən şəxslərin uzun illər bir-birlərini sevməsi olub. Hələ uşaq ikən Hüseynqulu ilə Yaqut bir-birlərini istəsələr də, sonuncunun valideynləri bu izdivaca razılıq verməyiblər. Hətta valideynləri qızı başqasına ərə verməklə bu məhəbbətə son qoyduqlarını düşünüblər. Amma nə yazıq ki, yanılıblar...
Hadisə 2009-cu ilin yanvar ayının 16-da baş verib. Həmin gün səhər saatlarında qızının yaşadığı evə gələn Nizami Vəliyev onunla mübahisə edib. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən Nizami Vəliyev mətbəxdən götürdüyü bıçaqla Hüseynquluya zərbə endirib. Sonra isə mənzildən çıxaraq birbaş avtovağzala yollanıb. Lakin polis əməkdaşları onu yaxalayaraq polis şöbəsinə gətiriblər.
"YAQUT MƏNİM BÖYÜK QIZIMDIR"
Təqsirləndirilən şəxs qismində dindirilən Nizami Vəliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib: "Dörd qız atasıyam. Yaqut mənim böyük qızımdır. 1991-ci ildə qızım yaxın qohumum Arif Vəliyevlə ailə həyatı qurdu. Birgə nikahdan 3 uşaqları vardı. 2008-ci ilin yay aylarında mənə məlum oldu ki, qızım Hüseynqulu adlı qohumumla görüşür. Həmin vaxt Arif artıq qızımdan ayrılmışdı və onlar Sumqayıtda olan evlərini satıb, pulunu yarı bölmüşdülər. Yaqut payına düşən puldan özünə ayrıca ev almışdı. Nəvəm bir neçə dəfə mənə anasının Hüseynqulu ilə görüşdüyünü demişdi. Dəfələrlə Yaqutla bu haqda danışıb ona tapşırmışdım ki, Hüseynqulu ilə əlaqəsini birdəfəlik kəssin. Hər dəfə də Yaqut mənə söz verirdi ki, bu məsələni qurtaracaq, amma Hüseynqulu ilə ər-arvad kimi münasibət saxlamağa davam edirdi. Yanvar ayının 14-də sonuncu dəfə Yaqutla bu barədə söhbətimiz oldu. Ona qəti şəkildə xəbərdarlıq etdim ki, bir daha Hüseynqulu ilə görüşməsin. Ertəsi gün Hüseynqulunun yenə də qızımın yanında olduğunu eşitdim. Yaqutla növbəti dəfə danışmaq və bu məsələyə birdəfəlik son qoymaq üçün yanvar ayının 16-da rayondan Bakıya, oradan da marşrut avtobusu ilə Sumqayıta yollandım. Səhər saatlarında qızımın yaşadığı evə çatdım, darvazanın bağlı olduğunu görüb hasardan içəri tullanaraq həyətə düşdüm.
"MƏNİM HEÇ KİMİ VURMAQ, ÖLDÜRMƏK NİYYƏTİM OLMAYIB"
Evin qapısını üzümə nəvəm Xəzər açdı. Ondan Hüseynqulunun onlarda olub-olmadığını soruşdum. Xəzər Hüseynqulunun yataq otağında olduğunu bildirdi. Mən yataq otağının qapısını döyüb açmaq istəyəndə qapının arxadan bağlı olduğunu gördüm. Yaqut qapını açıb, mənə acıqlandı və nə istədiyimi soruşdu. Qızımın mənimlə bu cür danışmasına dözməyib onunla savaşdım. Bu zaman Hüseynqulu araya girib məni dəhlizə itələdi və barmağımı əzdi. Mən mətbəxə keçib bıçaq götürdüm. Hüseynqulu bıçağı əlimdən almağa cəhd edəndə onu vurdum. Ona neçə zərbə vurmağımı xatırlamıram. Amma yerə qan töküldüyünü görüb əlimi saxladım. Vaxt itirmədən Xəzəri də götürüb mənzildən çıxdım. Yolda bıçağı tulladım. Marşrut avtobusuna minib Bakı şəhərinə-avtovağzala gəldim. Ağdama gedən mikroavtobuslardan birinə mindim. Nəvai postuna çatanda polis əməkdaşları məni avtobusdan düşürüb Sumqayıta qaytardılar. Polis əməkdaşlarına hadisəni olduğu kimi danışdım. Mən Sumqayıta gələrkən heç kimi vurmaq, öldürmək niyyətim olmayıb. Hüseynqulunun araya girməsi mənə pis təsir etdi, ona görə də onu bıçaqla vurdum. Əməlimdən peşmanam, gərək təmkinli olaydım və bu ailə məsələsini başqa yolla həll edəydim".
"BİZ YAQUTLA BİR-BİRİMİZİ UŞAQLIQDAN SEVİRDİK"
Zərərçəkmiş şəxs qismində dindirilən Hüseynqulu Səfərov ifadəsində göstərib ki, qohumu Yaqutu uşaqlıq vaxtından sevib: "Bir-birimizi sevirdik, evlənmək istəyirdik. Lakin həmin vaxt Yaqutun valideynləri buna imkan vermədilər. 1991-ci ildə Yaqutu atasının əmisi oğlu ilə - Ariflə evləndirdilər. Yaqut ərdə olanda görüşməsək də, hərdən telefonla danışırdıq. 2008-ci ilin yayında Yaqut rəsmi şəkildə ərindən boşandı. Bundan sonra biz birlikdə yaşamağa başladıq. Bununla bağlı nə Yaqutun atası, nə də başqa qohumlarımla söz-söhbətim, mübahisəm olmayıb. Bizim bir yerdə yaşamağımızı mənə heç kim irad tutmayıb.
"ONUNLA BARIŞMIŞAM VƏ ONU BAĞIŞLAYIRAM"
Hadisə baş verən gün səhər tezdən yataq otağının qapısı döyüldü. Qapını açanda Yaqutun atası Nizamini gördüm. Yaqutla Nizami savaşan zaman onları ayırmaq üçün araya girdim və sonuncunu dəhlizə çıxartdım. Nizami bıçaq götürüb üstümüzə gəldi və sol böyrümdən mənə bıçaqla zərbə endirdi. Ona heç bir müqavimət göstərmədim, Nizami məni vurandan sonra hərəkətlərini dayandırdı və çıxıb getdi. Məni isə xəstəxanaya apardılar. Nizami ilə aramızda heç bir mübahisə, münaqişə və ədavət olmayıb. Onunla barışmışam və onu bağışlayıram, Nizamiyə qarşı heç bir iradım və tələbim yoxdur".
"HƏLƏ UŞAQ İKƏN ANAMIN BİBİSİ OĞLU HÜSEYNQULU İLƏ BİR-BİRİMİZİ SEVİRDİK"
Məhkəmədə şahid qismində Yaqut Vəliyeva da dindirilib. O, ifadəsində göstərib ki: "Hələ uşaq ikən anamın bibisi oğlu Hüseynqulu ilə bir-birimizi sevirdik, evlənmək istəyirdik. Amma valideynlərim məni atamın əmisi oğlu ilə evləndirdilər. Həmin nikahdan 3 uşağım var. Ariflə ailə qurandan sonra tez-tez dalaşırdıq, yola getmirdik. 1995-ci ildə Arif evlənmək üçün Gəncə şəhərindən bir qadın gətirib onunla birlikdə yaşamağa başladı. Sonra qadın çıxıb getdi. Bundan sonra yenə valideynlərim məni zorla Ariflə barışdırdılar və biz yenə də birlikdə yaşamağa başladıq.
2004-cü ildə Sumqayıt şəhərindən dördotaqlı ev aldıq və ailəmlə birlikdə oraya köçdük. 2008-ci ilin avqust ayında Ariflə rəsmi qaydada ayrıldıq. Boşanandan sonra yaşadığımız evi satıb "Xəzər bağları" massivində ikiotaqlı bağ evi aldım. Evdə təmir işləri aparandan sonra hadisədən təxminən bir həftə əvvəl uşaqlarımla birlikdə həmin evə köçdüm. Arifdən ayrılandan sonra Hüseynqulu ilə birgə yaşayırdım. Təzə evə köçəndə Hüseynqulu da mənimlə həmin evə köçmüşdü.
"ATAM MƏNƏ HÜSEYNQULU İLƏ GÖRÜŞMƏMƏYİ TAPŞIRMIŞDI"
Hadisədən əvvəl atam mənə bir neçə dəfə xəbərdarlıq etmişdi ki, Hüseynqulu ilə görüşməyim. Amma buna əhəmiyyət verməmişdim. Hadisə baş verən gün yataq otağının qapısı döyüldü. Hüseynqulu qapını açanda atam içəri girib söyüş söydü, məni təhqir etdi. Hüseynqulu bizi ayırmaq üçün atamı dəhlizə itələdi. Atam isə mətbəxdən bıçaq götürüb onu vurdu. Mən Hüseynquluya yardım edib qanı saxlamağa çalışdım, təcili yardıma zəng vurdum. Təcili yardım maşını gəlib Hüseynqulunu xəstəxanaya apardı. Atamın tapşırıqlarına əhəmiyyət vermədiyimə görə, baş vermiş hadisədə özümü günahkar sayıram. Atama kobud cavab verməsəydim, bəlkə bu hadisə baş verməzdi".
Məhkəmənin hökmü ilə Nizami Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
SON SÖZ ƏVƏZİ:
Məhəbbət bir oddur. Zəifdirsə, həyatın küləkləri onu söndürəcək. Güclüdürsə, daha da alovlanacaq. Bu dəfə məhəbbət o qədər güclü alovlandı ki, onun oduna yananlar da oldu...
İnarə Rafiqqızı
O.M.