Şəki sakini gəlininə göz qoyan atasını öldürdü
"Atam dedi ki, birinci arvadınla cinsi əlaqədə olmağa imkan vermədiniz, onu qaçırdınız evdən. İndi heç olmasa bu arvadı mənimlə bölüş. Onun bu sözlərindən əsəbiləşdim, yerə yıxıb boğmağa başladım".
Bakı Ağır Cinayətlər Məhkəməsində Şəki şəhər sakini Anar Qasımovun məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxs doğma atasını qətlə yetirməkdə ittiham olunub. Məhkəmə yolu ilə müəyyən edilib ki, Anar Qasımov atası Məzahir Qasımovu boğmaqla onun həyatına son qoyub. Hadisə 2008-ci ilin avqust ayının 23-də baş verib. Həmin gün saat təqribən 21:00 radələrində ata-oğul arasında ailə-məişət zəminində mübahisə yaranıb. Yaranmış mübahisə isə qansız ötüşməyib. İnsidentə səbəb mərhumun gəlini ilə yaxınlıq etmək istəməsi olub.
Məhkəməyə verdiyi ifadəsində Anar Qasımov göstərib ki, atası uzun illər spirtli içki qəbul edib və sərxoş həyat tərzi sürüb. Bundan başqa, atası onun birinci arvadı Səbinə Musayeva (ad şərti verilib) ilə cinsi əlaqədə olmaq istəyib və bu məqsədlə gəlinini öz yatağına aparıb. Bu vaxt Məzahirin arvadı onları bir yerdə tutub. Baş verən biabırçılıq nəticəsində daha həmin ailə ilə birlikdə yaşaya bilməyəcəyini düşünən Səbinə ər evini birdəfəlik tərk edib, Anar Qasımov isə başqa bir qızla ailə həyatı qurub.
Təqsirləndirilən şəxs: "Atam müntəzəm olaraq spirtli içkilər qəbul edirdi. Sərxoş olduğu vaxtlarda heç bir əsas olmadan məni tez-tez söyüb-döyürdü, ailədə narahatçılıq yaradırdı. Nə vaxtsa səhvini başa düşəcəyini güman edib, onun bu hərəkətlərindən heç kimə şikayət etmirdim. 2007-ci ilin aprel ayının 12-də Şəki şəhər sakini Səbinə Musayeva adlı qızla evləndim. Valideynlərimlə, o cümlədən atamla bir evdə yaşamağa başladıq.
"Atam arvadıma sataşmaq istəmişdi"
Evlənəndən təxminən 10-15 gün sonra atam Məzahir heç bir səbəb olmadan məni və arvadımı bir neçə dəfə nalayiq söyüşlərlə söyüb təhqir etmişdi. Bunun səbəbini atamdan soruşanda, "yaxşı edirəm, evin kişisi mənəm, özüm bilərəm", - deyirdi. 2007-ci ilin iyul ayında Səbinə atama çay verərkən atam gəlinin yaxasından tutub onu özünə tərəf çəkmişdi və sataşmaq istəmişdi. Anam Pərvanə onun bu hərəkətini görüb atama acıqlanmışdı və bu səbəbdən evdə dava-dalaş düşmüşdü. Mən işdən qayıdandan sonra bu barədə anamdan və arvadımdan eşitdim. Bununla bağlı atamdan soruşanda o, cavabında içkili olduğunu, nə etdiyini xatırlamadığını dedi.
"Arvadım atamın hərəkətlərinə dözməyib məndən ayrıldı"
Atamın Səbinəyə qarşı olan münasibətinə görə o, qohumlarıgilin evinə getdi, bir müddət sonra geri qayıtdı. Çox keçmədi ki, əvvəlki vəziyyət yenə də təkrarlandı. Atam içkili vəziyyətdə gəlini yenə söyüb, təhqir edirdi. Bu hadisədən təxminən 30-40 gün keçdikdən sonra həyat yoldaşım atama çay verərkən atamın sərxoş vəziyyətdə onun əlindən tutub özünə tərəf, oturduğu çarpayıya çəkməsini təsadüfən öz gözlərimlə gördüm və Səbinəni onun əlindən aldım. Həmin gün atam məni və evdəkilərin hamısını nalayiq söyüşlərlə söyüb evdən çıxdı. Axşam sərxoş vəziyyətdə evə gələndə yenə də bizi təhqir etməyə başladı. Baş verənlərə dözməyib Şəki rayon Polis Şöbəsinə şikayət etdik. Şəki rayon məhkəməsinin qərarına əsasən atamı 3 gün həbs etdilər. O, evə qayıtdıqdan sonra ayrı-ayrı vaxtlarda, yenə də hamımızın, o cümlədən də arvadımın ünvanına nalayiq söyüşlər söyürdü. Arvadım atamın hərəkətlərinə dözməyib məndən ayrıldı. Uşağımız olmadığına görə, hətta atam ona, "oğlumun uşağı olmur, gəl mənimlə yaxınlıq et, uşağın olsun", - demişdi. Atamın bu hərəkətləri ailəmin dağılmasına səbəb oldu.
"Toy gününün səhərisi atam bizi evdən qovdu"
İkinci dəfə 2008-ci ilin avqust ayının 3-də Lalə (ad şərti verilib) adlı qızla ailə qurdum. Toyun səhərisi günü, yəni avqustun 4-də atam sərxoş vəziyyətdə toydan əldə olunan qazancı tələb etməyə başladı. Atama dedim ki, ziyana düşmüşük. Bu sözlərdən sonra o, yaşadığımız evin həyətində qohum-əqrəbanın yanında məni söyərək, arvadımı da götürüb evdən çıxmağımı tələb etdi. Avqust ayının 8-də həyat yoldaşımla birlikdə evdən çıxmaq məcburiyyətində qaldıq və kirayə ev tutub oraya yığışdıq. Bir gün sonra atam kirayə tutduğum evə gəldi, bir daha söyüş söyməyəcəyinə vəd verib bizi evə qaytardı. Lakin iki gündən sonra yenə də əvvəlki vəziyyət təkrarlanmağa başladı, əksinə, bu dəfə daha da dözülməz oldu.
"Xeyri yoxdur, birinci arvadına heç nə edə bilmədim, ikinci arvadını sənin gözünün qarşısında zorlayacağam"
23 avqust 2008-ci ildə saat təqribən 20:00 radələrində axşam yeməyini yedikdən sonra atam yatmaq üçün evə qalxıb çarpayısına uzandı. Bacım evdən aralıda yerləşən mağazadan dəftər-qələm və başqa şeylər almaq üçün getmişdi. Yeməkdən sonra anam bazarlıq etmək üçün məndən 5 manat pul aldı və Laləni də özü ilə götürüb mağazaya getdi. Anamgili qapıdan yola salıb evə qayıdanda gördüm ki, atam pilləkəndə oturub. O, anamın harada olduğunu soruşduqda, Lalə ilə birlikdə mağazaya getdiklərini bildirdim. Atam isə, "birinci arvadınla cinsi əlaqədə olmağa imkan vermədiniz, onu qaçırdınız evdən. İndi heç olmasa bu arvadı mənimlə bölüş, xeyri yoxdur, onsuz da arvadını sənin gözünün qarşısında zorlayacağam", - dedi. Onun bu sözlərindən bərk əsəbiləşdim. Atam əsəbiləşdiyimi görüb evə gedib öz çarpayısında oturdu.
Toydan cəmisi 20 gün sonra
Atamın arxasınca evə keçdim və oturduğu çarpayıya yaxınlaşdım, qarşısında diz çöküb hərəkətlərinə son qoymasını xahiş etdim. Lakin atam dediklərimə məhəl qoymayaraq bir az əvvəl dediyi sözləri yenidən təkrarladı. Atamın biabırçı hərəkətləri son həddə çatmışdı. Əsəblərimi cilovlaya bilmədim, həm arvadımın, həm də evdəkilərin canını qurtarmaq üçün onun üstünə atıldım, sol əlimlə üzündən çarpayıya basdım, sağ əlimlə isə boğazından tutub boğmağa başladım. Nəfəsi kəsilənədək boğdum. Öldüyünə əmin olduqdan sonra meyitin üzünü divara tərəf çevirərək üstünə yorğan örtüb həyətə düşdüm.
"Belə atam olduğu üçün utanıram"
Həyətdə bacım Tünzalə ilə rastlaşdım. Tünzalə atamın harada olduğunu soruşanda yatdığını dedim. Bacımın arxasınca arvadım, anam və qardaşım Tural gəldilər. Lakin hadisə barədə onlara heç nə demədim. Təxminən bir saat həyətdə oturduqdan sonra hamısı yatmağa getdi. Səhər üzü saat təqribən 06:00 radələrində anam atamı ayılda bilmədiyi üçün səs-küy salaraq evdəkiləri yuxudan oyatdı. Hər şeydən xəbərsiz kimi qardaşım Turalla birlikdə atamı həyətə düşürüb su hovuzunun yanında arxası üstə uzatdıq, ayılması üçün onun üzünə, bədəninin müxtəlif yerlərinə su tökdük. Ayılmadıqda, dayım Xəlilə və təcili yardıma zəng vurduq. Həkimlər atamı müayinə edib bir neçə saat əvvəl öldüyünü bildirdilər. Hadisə yerinə gələn polis işçilərinə atamı öldürdüyümü könüllü olaraq etiraf etdim. Belə atam olduğu üçün utanıram".
"Atam içkili olanda hamımızı söyürdü"
Zərərçəkmiş şəxs qismində dindirilən Pərviz Qasımov ifadəsində göstərib ki, 2007-ci ilin aprel ayında həqiqi hərbi xidmətə getməzdən əvvəl bütün ailə üzvləri, o cümlədən qardaşı Anarın arvadı Səbinə ilə bir evdə yaşayıblar. 2008-ci ilin oktyabr ayının 7-də hərbi xidmətdən qayıdıb. Xidmət etdiyi dövrdə atasının öldürülməsi barədə heç bir məlumatı olmayıb: "Hərbi xidmətdən qayıtdıqdan sonra qardaşım Anarın atamı namus üstündə boğub öldürdüyünü anam Pərvanədən eşitdim. Atam sağlığında hər gün çoxlu miqdarda spirtli içki qəbul edirdi, sərxoş olduğu vaxtlarda hamımızı söyüb təhqir edirdi".
"Məzahir gəlinə əxlaqsız təkliflər etmişdi"
Şahid qismində dindirilən Pərvanə Qasımova ifadəsində Məzahir Qasımovla 1984-cü ildə ailə qurduqlarını göstərib: "Məzahir tikinti ustası işləyirdi, evə həmişə sərxoş vəziyyətdə gəlirdi, həm məni, həm övladlarımı, həm birinci gəlinim Səbinəni, həm də ikinci gəlinim Laləni nalayiq söyüşlərlə söyüb təhqir edirdi. Məzahir Səbinəyə sataşmışdı, ona əxlaqsız təkliflər etmişdi. Onun Səbinəyə əl ataraq çarpayısına dartmaq istədiyini özüm görmüşdüm, buna görə də ərimlə dalaşmışdım. Hətta evdə yaratdığı vəziyyətlə əlaqədar polisə müraciət etmişdik. Lakin heç bir nəticəsi olmamışdı. O üzdən də oğlumla gəlinim ayrılmaq məcburiyyətində qalmışdılar. Ötən ilin avqust ayının 3-də oğlum ikinci dəfə ailə qurdu. Elə toyun səhərisi gün Məzahir mərəkə qopararaq toyda yığılmış pulları istədi, təzə gəlinin ünvanına biədəb söyüşlər işlətdi. 24 avqust 2008-ci ildə sübh çağı Məzahiri oyatmaq istədim. Ancaq onun öldüyünü hiss edib səs-küy saldım. Çağırılan həkimlər Məzahirin ölməsini təsdiq etdilər. Evimizə gələn polis işçilərinin sözlərindən Məzahiri Anarın boğub öldürdüyünü eşitdim".
Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Tünzalə Qasımova, Tural Qasımov, Lalə Qasımova və Səbinə Musayeva eyni məzmunlu ifadə veriblər, yuxarıda göstərilən xüsusatları bir daha təsdiq ediblər.
QEYD: Məhkəmənin hökmü ilə Anar Qasımov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Son söz əvəzi: Ehtiras yataqda yaranır, elə orada da ölür. Ona görə ölməyə dəyərmi?!.
İnarə Rafiqqızı