Azərbaycanlı arvadını öldürən hindli intihar etmək istədi

Azərbaycanlı arvadını öldürən hindli intihar etmək istədi

14 İyul 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)
O, bir neçə dəfə arvadını ölümdən xilas etmişdi

Məhkəmə

"İlhaməyə neçə zərbə vurmağımı xatırlamıram. Bir də o zaman ayıldım ki, o, arxası üstə döşəməyə yıxılıb və bütün bədəni qan içərisindədir. Mətbəxə keçib başqa bir bıçaq götürdüm. Qarın nahiyəmə həmin bıçaqla zərbə vurdum və çarpayının üstünə uzanıb öz ölümümü gözlədim".

Həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 1974-cü il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı Coqa Ram Santox Lalın məhkəmə araşdırması başa çatıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Coqa Ram 2007-ci ilin may ayının 19-da gecə saat 02:00 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsindəki 3-cü Mədənin 125 saylı Korpusunda yeni tikdirdikləri evdə şəxsi münasibətlər zəminində həyat yoldaşı İlhamə Qurbanova ilə mübahisə edib. Evdən onu qovacağı ilə hədələyən arvadı ilə növbəti dəfə dalaşan Coqa Ram qadından qisas almaq məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla ona bir neçə dəfə zərbə endirib. Ağır dərəcəli bədən xəsarəti almış İlhamə Qurbanova hadisə yerindəcə keçinib. Lakin bununla kifayətlənməyən Coqa Ram artıq dünyasını dəyişmiş arvadının boynunun ön səthini də bıçaqla kəsməyi unutmayıb.

"Bir-birimizi sevirdik"

Təqsirləndirilən şəxs qismində dindirilən Coqa Ram ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib:

- Milliyyətcə hindliyəm. Hindistanda böyümüşəm. Orta məktəbi də orada bitirmişəm. Dubayda işə düzəlib yaşayırdım və tikinti işləri ilə məşğul olurdum. 1995-ci ildə işlədiyim şirkət tərəfindən Bakıya ezam olundum. Bir market vardı, onun təmiri ilə məşğul olurdum. Həmin marketdə işləyən İlhamə Qurbanova ilə də orada tanış olmuşdum. Bir-birimizi sevirdik. Bu səbəbdən də mən Dubaya gedib oradakı firmadan işdən çıxdım. Daimi işləmək üçün Bakıya qayıtdım. 1998-ci ildə İlhamə ilə ailə həyatı qurdum. İlhamənin valideynləri, qardaşı onun mənə ərə getməyinə razı deyildilər. Lakin toy olandan və övladımız dünyaya gələndən sonra qayınatam Əli və qayınanam Qumru ilə münasibətlərimiz düzəldi. Qayınatamla münasibətim daha yaxşı idi. Çünki qayınatam təbiətcə mülayim, mehriban insandır. Qayınanam Qumru isə daim bizim ailə işlərimizə qarışır, narazılıq yaradırdı. İlhamə xəstə idi. Bir neçə dəfə qıcolmaları olurdu, mən ona yardım göstərib xilas edirdim. Arvadım məni sevirdi. Lakin çox qısqanc olduğundan məni hamıya qısqanırdı. İşdən gec gələn kimi dava-dalaş salırdı. Mən ailəmi götürüb Hindistana aparmışdım. Lakin Hindistanda hava çox isti olduğundan İlhamə orada yaşaya bilmirdi. Bu səbəbdən də biz yenidən Bakıya qayıtmalı olduq. Mən qayınatam Əlinin adına torpaq sahəsi alaraq orada ev tikdim. Evimi özüm təmir etdim, mənzil üçün mebellər aldım. Artıq uşaqlar böyümüşdü. Böyük uşağım orta məktəbə gedirdi. Bütün ailələrdə olan xırda söz-söhbətlər bizim ailəmizdə də olurdu. Son 7-8 ay ərzində işlərim düz gətirmirdi. Ona görə də evi satıb İngiltərəyə köçməyi qərara almışdım. Ancaq İlhamə mənə deyirdi ki, Bakıdan heç yana köçməyəcəyəm və evi də satmağa qoymayacağam. Bundan sonra demək olar ki, evimizdə hər gün mübahisəmiz olurdu. Hətta İlhamə mənim cibimdən pulları da çıxarıb öz anasına verirdi. Uşaqlarımızı da saxlamaq üçün anasına vermişdi.

Hadisə baş verən gün axşam saat 20:00 radələrində evə gəldim. Mənzildə heç kim yox idi. Qapını açıb içəri keçdim. Özümə şam yeməyi düzəldib yeməyimi yedim. Yemək zamanı 200 qram araq içdim. Təxminən bir saatdan sonra İlhamə evə gəldi. Bundan sonra "Barmek"in işçisi qapının zəngini çaldı. Mən qapını açdıqda "Barmek"in işçisi dedi ki, işığa 100 dollar məbləğində borcunuz var. Evə keçib İlhaməyə dedim ki, işığın borcunu ödəsin. İlhamə isə cavabında onda pul olmadığını söylədi. "Barmek" in işçisinə pul olmadığını deyib, onu yola saldım. İlhamə mənim ondan işıqpulu istəməyimdən narazı qalaraq ev telefonu ilə anasına zəng vurub, məndən gileyləndi. Telefonu İlhamənin əlindən alıb, qardaşı ilə söhbət etmək istədiyimi bildirdim və bizə gəlməsini tapşırdım. Bu zaman İlhamə telefonun naqilini çıxardaraq əlaqəni kəsdi. Biz bir-birimizi təhqir etdik. Bərk əsəbiləşdiyimdən evdə olan kerosini otaqlara, döşəməyə tökdüm, evi yandıracağımı dedim. İlhamə bunu görüb qonşumuz Mətanətgilə qaçdı. Çox güman ki, yenə də anasına zəng vurmağa getdi. Bir azdan İlhamə Mətanətlə birlikdə darvazadan həyətə girdi. İlhaməni evə buraxmadım. Mətanətə isə dedim ki, mən sənin ərinlə aranızda olan münasibətlərə qarışmadığım üçün sən də bizim işlərimizə qarışma. Bundan sonra Mətanət çıxıb öz evlərinə getdi. Mən də evə keçdim. Evdə İlhamə məni söydü, təhqir etdi, biryolluq çıxıb getməyimi istədi. Artıq neçə aydan bəri olan söhbətlərə dözməyib mətbəxə keçdim. Hər əlimə bir mətbəx bıçağı götürüb yataq otağına qayıtdım və İlhaməni vurmağa başladım. İlhaməyə neçə zərbə və harasından vurmağımı xatırlamıram. Bir də o zaman ayıldım ki, o, arxası üstə döşəməyə yıxılıb və bütün bədəni qan içərisindədir. Bıçaqları İlhamənin yanına tulladım. Mətbəxə keçib başqa bir bıçaq götürdüm və qarın nahiyəmə vuraraq çarpayının üstünə uzanıb öz ölümümü gözlədim. Bir müddətdən sonra hiss etdim ki, kimsə məni yumruqla vurur. Gözümü açanda qarşımda İlhamənin atasını gördüm. Ayağa qalxıb bayıra qaçdım. Qorxdum ki, qayınatam məni öldürə bilər. Qayınatam mənim arxamca qaçaraq, həyətdə tutub saxladı. Polis gələndən sonra polis əməkdaşlarına təhvil verdi. Törətdiyim əməldən peşmanam. Əlavə olaraq bildirmək istəyirəm ki, son vaxtlar İlhamənin avtobus dayanacağında bir oğlanla söhbət etdiyini görmüşdüm və onun pis yola düşməsindən şübhələnmişdim.

"Son 6 ayda evlərində tez-tez mübahisələri olurdu"

Zərərçəkmiş şəxs qismində dindirilən Əli Qurbanovun (mərhumun atası) ifadəsindən:

- İlhamə ilə Coqa Ram 1998-ci ildə ailə qurmuşdular. İlk vaxtlar kirayədə yaşayırdılar. Sonralar Coqa Ram torpaq sahəsi alaraq fərdi ev tikdi. Qızımın əri ilə münasibəti yaxşı idi. Lakin son 6 ayda evlərində tez-tez mübahisələri olurdu. Səbəbi də o idi ki, qızım həddindən artıq qısqanc idi və ərini hamıya qısqanırdı. Coqa Ram mənə İlhamədən gileylənirdi. Mən isə onu sakitləşdirirdim ki, hər şey yaxşı olacaq.

May ayının 19-da gecə evdə yatdığım vaxt həyat yoldaşım Qumru məni yuxudan oyadaraq dedi ki, bəs İlhaməgildə nə isə baş verir. Dərhal paltarlarımı geyinib küçəyə çıxdım. Gecə saat 02:00 radələri idi. Taksi tutub qızımgilin yaşadığı evə gəldim. Darvazanın və evin qapısı açıq idi. Yataq otağına keçdikdə qızımın döşəmədə al-qan içində öldüyünü gördüm. Həmin vaxt Coqa Ram çarpayıda uzanmışdı. Hisslərimi cilovlaya bilməyib onu yumruqla vurdum. Coqa Ram ayılıb bayıra qaçdı. Onun dalınca qaçaraq həyətdə tutub saxladım. Polislər gələndən sonra onlara təhvil verdim. Coqa Ramın bədənində olan xəsarətləri o özü-özünə yetirib, heç kəs onu bıçaqla vurmayıb. Mən Coqa Rama yalnız bir neçə yumruq vurmuşam.

"Mən, ərim və oğlum İlhamənin xarici vətəndaşa ərə getməsinə razı deyildik"

Şahid qismində dindirilən Qumru Qurbanovanın ifadəsindən:

- Mən, ərim və oğlum İlhamənin xarici vətəndaşa ərə getməsinə razı deyildik. Lakin İlhamə inadkarlıq edərək Coqa Rama ərə getdi. Onların iki övladları oldu. Mehriban yaşayırdılar. Hətta Coqa Ram dəfələrlə İlhaməni qıcolma zamanı xilas etmişdi. Son zamanlar İlhamə ilə ərinin münasibətləri pozulmuşdu, aralarında mübahisələr baş verirdi. Belə ki, Coqa Ramın işləri düz gəlmədiyindən ailəsini özüylə İngiltərəyə aparmaq istəyirdi. Qızımsa buna razı olmurdu.

18 may 2007-ci ildə mən rayona getməli idim. İlhamə mənə zəng vurub, "ana, nə vaxt qayıdacaqsan?", - deyə soruşdu. Sonra da ərindən şikayətləndi ki, Coqa Ram işıqpulunu ödəmək istəmir. Mən qızımı sakitləşdirib dedim ki, eybi yoxdur, atan hissə-hissə ödəyər. İlhamə bundan başqa mənə dedi ki, əri evi yandırmaqla və onu öldürməklə hədələyir. Qızıma dedim ki, telefonu ərinə ver. Coqa Ram dəstəyi götürəndə ondan, "bilirsən saat neçədir, niyə yatmırsan?", - deyə soruşdum. O, mənə, "sənə nə var niyə yatmıram?", - deyə kobud cavab qaytardı. Bir azdan İlhamə qonşuları Mətanətgildən zəng vuraraq dedi ki, Coqa Ram solyarka töküb evi yandırır. Qızıma bərk-bərk tapşırdım ki, otur qonşuda, indi atanla gəlirəm. Həyat yoldaşım Əlini yuxudan oyadıb onunla birlikdə qızımgilə yollandım. İçəri girəndə gördüm ki, qızımın başı kəsilib, qan içərisindədir. İstədim ki, çarpayıda uzanan Coqa Ramın başını kəsim, lakin ərim qoymadı. Dedi ki, hökumət var, orqan var. Coqa Rama ağır cəza verilməsini xahiş edirəm, mənim günahsız balamı vəhşicəsinə qətlə yetirdiyinə görə.

QEYD: Məhkəmənin hökmü ilə Coqa Ram Santox cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

Həyat da film kimidir. Onun ssenarisini mələklər yazır, rəssamı təbiətdir, rejissoru isə İlahi qüvvə. Biz insanlar bu filmdə sadəcə aktyorlarıq. Təəssüf ki, həyat filmləri hind kinoları kimi həmişə yaxşı sonluqla bitmir...

İnarə Rafiqqızı

O.M.