Bakı sakini narkoman oğlunu xüsusi qəddarlıqla öldürdü
Atanın bu addımı atmasına səbəb narkomaniyadan əziyyət çəkən oğlunun onu eşitməməyi və ev əşyalarını dəyər-dəyməzinə satması olub. Övladının əlindən təngə gələn ata onu əvvəlcə şərflə boğub, sonra isə döş qəfəsinə çoxlu sayda bıçaq zərbələri endirməklə həyatına son qoyub.
MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini 67 yaşlı Qurban Eminovun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs doğma oğlu Rəhim Eminovu xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunur.
Məhkəmə yolu ilə müəyyən edilib ki, Qurban Eminov 2009-cu ilin fevralın 4-də oğlu Rəhimlə aralarındakı mübahisə zəminində sonuncunu əvvəlcə şərflə boğub, sonra isə mətbəx bıçağı ilə döş qəfəsinə çoxlu zərbələr endirib. Sonuncu zərbədə bıçağı mərhumun sinəsində saxlayaraq üstünü gödəkcə ilə örtüb. Əvvəlcə qızı Səriyyə Sailovanın evinə gedərək baş vermiş hadisə barədə ona məlumat verib. Daha sonra isə könüllü təslim olmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinə gedib.
"RƏHİM DAHA DA BAXIMSIZ QALDI"
Təqsirləndirilən şəxs qismində dindirilən Qurban Eminov ifadəsində göstərib ki, oğlu Rəhimi qətlə yetirməsinə səbəb sonuncunun narkomanlıq etməsi və ev əşyalarını satması olub. Belə ki, ata dəfələrlə oğlunu düz yola dəvət etsə də, sonuncu onun dediklərinə məhəl qoymayıb. Bu səbəbdən də ata ilə oğul arasında tez-tez mübahisələr baş verirmiş: "Rəhim əvvəllər narkotik maddələrə qurşandığına görə 2002-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasını çəkib azadlığa çıxandan sonra onun normal həyata qayıtması üçün əlimdən gələni etdim. Lakin onu bu yoldan çəkindirə bilmədim. Rəhim ev əşyalarını satır, evdən pul oğurlayır və narkotik maddələr alıb, qəbul edirdi. Mən onun qarşısını almaqda aciz idim. Onunla dəfələrlə söhbət etsəm də, faydası olmurdu. Evdə heç nə qalmamışdı, hər şeyi satmışdı. Hələ uşaq olarkən Rəhim hündürlükdən yıxılaraq başından zədə almışdı və buna görə ona 2-ci qrup əlillik dərəcəsi verilmişdi. 2006-cı ilin noyabr ayında isə Bakıda avtomobil qəzasına düşdü, sol ayağı və sol qolu sıradan çıxdı, bu dəfə ona 1-ci qrup əlillik dərəcəsi verildi. 2007-ci ildə isə həyat yoldaşım vəfat etdi. Rəhim daha da baxımsız qaldı. Evdə gözünə dəyən nə var idisə, aparıb satırdı. Hadisədən əvvəl - fevralın 3-də cibimdən pul oğurlamasına və bacısına məxsus cehizlik xalçanı satdığına, pullara isə narkotik maddə aldığına görə onu tənbeh etdim. Sabahı gün növbəti dəfə evdən geyim əşyalarını yığışdıraraq satmağa aparmağa hazırlaşanda qarşısını kəsdim. Dəfələrlə təklif etdim ki, əşyaları yerinə qoysun, o isə əhəmiyyət vermədi. Aramızda yenə mübahisə düşdü. Mən o dərəcədə əsəbiləşmişdim ki, özümü idarə edə bilmirdim. Özümə gələndə gördüm ki, şərfi boğazına dolayıb sıxmışam, sonra isə bıçaqla döş qəfəsinə zərbələr vurmuşam. Rəhim artıq keçinmişdi, mən meyitin üstünə gödəkcə atıb evdən çıxdım. Birbaşa qızım Səriyyənin evinə gəldim, Rəhimin hərəkətlərindən bezdiyimi və onu öldürdüyümü bildirdim. Sonra isə Sumqayıt Şəhər Polis İdarəsinə gedib baş vermiş hadisə barədə məlumat verdim və könüllü özümü təslim etdim".
BACININ İFADƏSİ
Zərərçəkmiş qismində dindirilən Səriyyə Sailova ifadəsində göstərib ki, təqsirləndirilən şəxs onun atası, qətlə yetirilənsə qardaşıdır. Səriyyə Sailovanın ifadəsinə görə, qardaşı Rəhim narkomaniyadan əziyyət çəkib. Narkotik maddələrin qəbuluna görə həbsdə yatmış qardaşı azadlığa buraxıldıqdan sonra da əməllərindən daşınmayıb. 2006-cı ilin noyabr ayında Bakı şəhərində Rəhimi maşın vurduqdan sonra qolu və sol ayağı sınıb, nəticədə qolunun funksiyası itib, Rəhimə birinci qrup əlillik dərəcəsi verilib. 2007-ci ilin sentyabr ayında anası vəfat etdikdən sonra Rəhim mənzilin əşyalarını xəlvəti aparıb sataraq əldə etdiyi və atasının cibindən oğurladığı pullarla narkotik maddələr alıb, qəbul edib. Rəhimin hərəkətlərindən atası hər dəfə əsəbiləşib onunla söhbətlər aparsa da, müsbət nəticə əldə olunmayıb. Əksinə, onların arasında mübahisələr yaranıb. Ötən il fevralın 4-də təqribən saat 17.30 radələrində Qurban Eminov onun yaşadığı mənzilə gələrək hər şeyi ona danışıb. Belə ki, gələrkən evlərindəki köynəkləri satmağa aparan Rəhimlə rastlaşdığını, Rəhimi mənzilə qaytardığını, orada onu əvvəlcə şərflə boğub, sonra isə bıçaqla vurub öldürdüyünü danışıb, bundan sonra təslim olmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinə gedib.
"RƏHİM MƏNİM XALÇAMI MƏNZİLDƏN XƏLVƏTİ APARMIŞDI"
Şahid qismində dindirilən Səmayə Eminova da bacısı Səriyyə Sailovanın ifadəsinə uyğun ifadə verib. O ifadəsində göstərib ki, qardaşının satdığı əşyalar arasında onun cehizlik xalçası da olub: "Rəhim mənim xalçamı mənzildən xəlvəti aparmışdı və sonradan mənə məlum oldu ki, o, xalçanı satıb, puluna narkotik maddələr alıb. Buna görə də atam onunla ötən il fevralın 3-də dalaşmışdı. Onlar dalaşanda Rəhim narkotikin təsiri altında olub. Sabahı gün mən işdə olarkən bacım Səriyyə zəng vuraraq atamın Rəhimi öldürdüyünü və polisə getdiyini bildirib".
"QURBAN ZƏHMƏTKEŞ, AİLƏSİNƏ QAYĞI GÖSTƏRƏN İNSANDIR"
Şahid qismində dindirilən Əsgər Qəribov ifadəsində göstərib ki, Qurban Eminovu və sonuncunun ailə üzvlərini 35 ildir ki, tanıyır. Qonşu binalarda yaşayıblar: "Qurban Eminovla birlikdə Sumqayıt Kimya Zavodunda işləmişik. Qurban zəhmətkeş, ailəsinə qayğı göstərən bir insandır. Uşaqlıqda hündürlükdən yıxılıb başından xəsarət almış oğlu Rəhim əvvəlcə ikinci qrup, 2006-cı ilin sentyabr ayında isə avtomobil qəzasına düşdüyünə görə birinci qrup əlil olub. Nəqliyyat qəzası zamanı aldığı xəsarətlərlə əlaqədar Rəhim cərrahiyyə əməliyyatı keçirib və onun dalağı çıxarılıb, sol qoluna və sol ayağına mil qoyulub və uzun müddət hərəkətsiz qalıb. Ölənə kimi həmin millər Rəhimin nə qolundan, nə də ayağından çıxarılmamışdı. Narkotik maddələr qəbul etdiyinə görə hələ 7-8 il əvvəl həbsdə olmuşdu, ancaq azadlığa çıxandan sonra da narkomanlıqdan əl çəkməmişdi. Eşitdiyimə görə, mənzildən müxtəlif əşyaları xəlvəti aparıb satıb, pulları narkotikə xərcləyirmiş. Buna görə də atası tərəfindən dəfələrlə tənbeh olunurdu. Ancaq bu tənbehlərin heç bir faydası olmurdu. Keçən il fevral ayının əvvəllərində axşam saatlarında Qurbanın mənzilində səs-küy qalxmışdı. Yenə də həmişə olduğu kimi ata-bala mübahisə edirdilər. Sabahı gün isə axşamtərəfi saat 5 radələrində mənzilimin eyvanından baxarkən gördüm ki, Qurban tələsik qonşuluqdakı binaya tərəf gedir. Əlimlə işarə edib onunla salamlaşmaq istədim, ancaq o, əhəmiyyət vermədi. Sabahı gün eşitdim ki, Qurban oğlunu qətlə yetirib".
Mərhum Rəhim Eminov barədə məhkəməyə təqdim olunmuş sənədlərdə qeyd olunur ki, o, spirtli içkilərə və narkotik vasitələrin qəbuluna meylli olub. Sumqayıt Şəhər Narkoloji Dispanser tərəfindən verilmiş arayışdan isə bəlli olur ki, o, 2003-cü ilin fevral ayından "narkomaniya" diaqnozu ilə qeydiyyata alınıb.
Məhkəmənin hökmü ilə Qurban Eminov 12 il müddətinə azadlıqdan məhrum edilib.
SON SÖZ ƏVƏZİ:
Şeytanın nə qulağı olur, nə də buynuzu. Ən böyük şeytan insanın nəfsidir. Vaxtında cilovlamasan, onun qurbanına çevrilirsən. Bu dəfə o, atanı bala qatili etdi...
İnarə Rafiqqızı
O.M.