
Tovuzda törədilmiş qətlin təfərrüatları məlum olub
Tovuzda amansızlıqla törədilmiş qətlin bəzi təfərrüatları məlum olub. APA TV-nin verdiyi məlumata görə, 43 yaşlı Müşfiq Hüseynovu öldürən şəxsin axtarışları davam edir.
Bununla belə, cinayətin bəzi detalları müəyyənləşdirilib. Şənbə günü rayonun Əlimərdanlı kənd qəbiristanlığı yaxınlığında "Jiquli" markalı avtomobilinin baqajından fermer, iki uşaq atası Müşfiq Hüseynovun meyiti tapılıb. Onun baş nahiyəsinə iki dəfə atəş açılıb.
Mərhumun həyat yoldaşı Tovuz rayon Polis İdarəsində verdiyi ifadəsində bildirilib ki, sonuncu dəfə əri aprelin 24-də evə gəlib və yarım saatlıq işi olduğunu deyərək harasa gedib. Ertəsi gün isə qadına ərinin öldürülməsi ilə bağlı məlumat verilib. Onun meyitini çobanlar tapıb. Onlar Müşfiq Hüseynovun avtomobilini tanıyıb, maşına yaxınlaşıblar və bu barədə onun qardaşına məlumat veriblər. Hadisə yerinə gələn qardaşı avtomobilin ön hissəsində güllə izləri aşkarlayıb. Bundan sonra baqajı açan şəxs orada qardaşının meyitini görüb.
Araşdırmalar nəticəsində Müşfiq Hüseynovun 10 gün əvvəl uzun müddət yaşadığı Rusiyadan qayıtdığı aydın olub. İstintaq ölümün onun gəlişi ilə bağlı olduğunu istisna edir. Müşfiq Hüseynovun qadın üstündə qətlə yetirildiyi ehtimal olunur. Qatil birinci onun ağzına atəş açıb, daha sonra başına bir güllə vurub. Onun evdən yarım saatlıq çıxmasının səbəbi qatillə görüşmək olub. Öldürülən şəxsə məxsus mobil telefona gələn və gedən zənglər silinib. Həmin nömrələri qatilin sildiyi bildirilir. Polis onun abonenti olduğu operatora nömrələrin aşkar olunması ilə bağlı müraciət göndərib. O da məlum olub ki, Müşfiq Hüseynov qəbiristanlığın yanında güllələnməyib. Ora onun meyitini gətiriblər. Ora gətirilən zaman mərhumun ayağında ayaqqabıları olmayıb.
Mediainfo.az