
Polis "Xudafərin" restoranında bəyin gəlini döyməsi məsələsinə açıqlama gətirdi
Nizami Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 25-də "Xudafərin" şadlıq sarayında keçirilən toyda bəylə gəlin arasında dava şəxsi münaqişə zəmnində düşüb.Dava zamanı bəy gəlinini vurub. Sonradan davaya toya gələn qonaqlar müdaxilə ediblər.
Qonaqların müdaxiləsindən sonra ara sakitləşib və toy mərasimi davam edib. Sonradan bəy Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə dəvət olunub. Bəy izahat yazıb və sərbəst buraxılıb.
İşi araşdıran təhqiqatçı Rövşən Rəhimlinin verdiyi məlumata görə, mübahisə toy qurtarana yaxın olub. Mübahisə valideynlərlə bağlı yaranmış narazıçılıq səbəbindən yaranıb.
"Əslində elə ciddi hadisə olmayıb. Deyildiyi kimi, bəy gəlini döyməyib. Problem artıq həll olunub", - deyə Rövşən Rəhimli bildirib.
Hadisə baş verən şadlıq sarayından isə sayta bildiriblər ki, toyun ortasında bəy qəfildən gəlinlə mübahisəyə başlayıb. Sonradan onu vurub. Bundan sonra bir neçə dəqiqə toyda münaqişə yaranıb. Sonradan problem həll olunub.
"Toy qurtaranda da hər şey qaydasında olub. Bəylə gəlin zaldan "Vağzalı" havası ilə çıxıblar", - deyə şadlıq sarayından bildirilib.
Mediainfo.az