
Arsen Baqdasaryan: “Azərbaycanlılar günahsız yerə yurdlarından didərgin salınıblar”
Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Aprelin 13-də başlayan prosesdə erməni kəşfiyyatçısı ona qarşı qaldırılan ittihamlara etiraz etməyib.
"Trend" Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, iclas hakimlər Elbəy Allahverdiyevin sədrliyi, Zabil Qasımov və Elmin Rüstəmovun iştirakı ilə aparılır. Məhkəmə prosesində A.Baqdasaryanla yanaşı, erməni kəşfiyyatçısını Ağdam rayonunun Zəngişalı kəndi ərazisində ələ keçirən azərbaycanlı hərbçilər də iştirak edir. A.Baqdasaryan tərcüməçi və vəkillə təmin edilib. Əsir götürülən kəşfiyyatçının müdafiəçisi vəkil Ramiz Abdullayevdir. Məhkəmə zalında erməni kəşfiyyatçı ona qarşı qaldırılan ittihamlara etiraz etməyib.
O, Ermənistan hökumətinə müraciət edərək, Azərbaycana məxsus torpaqların azad olunmasını istəyib: "Azərbaycanlılarla ermənilər illərlə yaxşı münasibətdə olub. Ermənistan azərbaycanlıların torpağını geri qaytarmalıdır. Azərbaycan müharibə istəmir, Azərbaycan ona məxsus torpaqları tələb edir. Erməni əsgərlərə səslənərək bildirirəm ki, siz başqasının torpağından geri çəkilməlisiniz. Ermənistanda olan azərbaycanlı əsirlər geri qaytarılmalıdır. Həbsdə olduğum müddətcə mənə qarşı yaxşı rəftar olunub, geyim və qida ilə daim təmin edilmişəm. Diqqətinizə çatdırıram ki, bu söylədiklərimi mənə heç kəs diqtə etməyib, bu, mənim sərbəst düşüncəmdir".
Xatırladaq ki, aprelin 7-də keçirilən hazırlıq iclasında 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olan A.Baqdasaryana dövlət ittihamçısı Anar Mirkişiyev tərəfindən Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham elan edilib.
İstintaq zamanı müəyyən olunub ki, Ermənistanda xüsusi təlim keçən A.Baqdasaryan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən erməni silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən (adı və soyadı bəllidir) Azərbaycan vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb.
A.Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd "fuqas" tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan A.Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
İş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə, habelə A.Baqdasaryanın üzərindən götürülmüş soyuq silaha və digər əşyalara, torpağa basdırılmış minalardan birinə, həmçinin digər iki minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin edilərək rəylər alınıb, hadisənin şahidləri dindirilib.
A.Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.
Proses aprelin 20-də davam etdiriləcək.
***
Bu arada - aprelin 14-də Şuşa həbsxanasında saxlanılan azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun vəkillərinin "apelyasiya şikayəti"nə baxılacağı xəbəri yayılıb. Ermənistanın news.am saytının iddiasına görə, Şahbaz Quliyevin vəkili Arkadi İsraelyan bildirib ki, bütövlükdə hökmdən narazıdır, çünki müdafiə etdiyi şəxs özünü təqsirli bilməyib. Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan isə müdafiə etdiyi şəxslə bağlı irəli sürülən bir maddədən şikayət etdiyini bildirib. Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il azadlıqdan məhrum edilmə cəzası oxunub.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Dağlıq Qarabağda azərbaycanlı girovlar üzərində keçirilən qondarma "məhkəmə"nin heç bir hüquqi əsası yoxdur. Diplomat bir daha diqqətə çatdırıb ki, həmin şəxslər Azərbaycanın işğal olunmuş ərazilərində girov götürülüblər: "ATƏT-in Minsk Qrupu ölkələri tərəfindən girovların azad edilməsi ilə bağlı çağırış edilib. Biz bunu dəstəkləyirik. Ermənistan isə bu sahədə destruktiv siyasət həyata keçirir. Bu, danışıqlar prosesinə xələl gətirir".
Yeri gəlmişkən, bundan əvvəl Azərbaycana könüllü keçən erməni ordusunun əsgəri, əslən Xocavənddən olan Andranik Qriqoryan da erməni əsgərlərə çağırış edib silahı yerə qoymağı, ağ bayraq qaldırmağı tövsiyə etmişdi.
Bəzi hallarda Azərbaycandakı erməni əsirlərlə kəlbəcərli iki girovumuzu dəyişmək imkanları gündəmə gətirilir.
Hərbi ekspert Üzeyir Cəfərov isə erməni kəşfiyyatçısı ilə bizim girov vətəndaşlarımızı müqayisə etməyin tərəfdarı olmadığını bildirdi: "Baqdasaryan erməni hərbçisidir və ötən il döyüş tapşırığını yerinə yetirmək üçün Azərbaycan tərəfə göndərilərkən ordumuz tərəfindən ələ keçirilib. Məhkəmədə günahını özü də etiraf edib və təqsirini boynuna alıb. Lakin mən onun müraciətinə o qədər də diqqət yetirilməsinin tərəfdarı deyiləm. Aydın məsələdir ki, erməni istənilən bicliyi edə bilər ki, hardasa "özünə bir gün ağlasın". Amma Şahbaz və Dilqəm öz ata-baba ocaqlarında işğalçı ermənilər tərəfindən girov götürülüb və üzərində saxta məhkəmə qurulub". Ü.Cəfərov qeyd etdi ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Dağlıq Qarabağdakı qondarma "məhkəmə"ni də müqayisə etmək olmaz. Qarabağdakı qondarma məhkəmədən fərqli olaraq, bizim məhkəmələrin qəbul etdiyi qərarlar hətta Avropa Məhkəməsi tərəfindən tanınır. Bu qərarlar heç zaman tanınmayacaq. Ermənilər ona çalışmalı idilər ki, məsələ bu qədər böyüməsin. Amma onlar buna getdilər və özlərinə ziyan etdilər. Azərbaycan bir neçə dəfə Ermənistandan olan hərbçilər, əsirlərlə bağlı humanistlik nümayiş etdirmişdi. Təəssüf ki, Ermənistan Azərbaycanın humanist addımlarını dəyərləndirmədi və bizim vətəndaşlarımıza qarşı qeyri-humanist davranış nümayiş etdirdilər. Bu, nə qonşuluq prinsiplərinə uyğun gəlir, nə də beynəlxalq qanunlara".
Hərbi ekspert ağır maddələrlə ittiham olunan Baqdasaryanın günün birində xilas ola biləcəyi qənaətindədir: "Amma bizim soydaşlarımıza, kəlbəcərli qardaşlarımıza qarşı qondarma ittihamın heç bir əsası yoxdur və saxta məhkəmədə də təsdiqini tapmadı. Faktiki olaraq ermənilərin iddiaları heç bir normal məntiqə sığmır. Erməni kəşfiyyatçısının mühakimə olunması birmənalıdır. Yeganə ümid onun dövlət başçısı tərəfindən əfv edilib üçüncü ölkə, yaxud Ermənistana təhvil verilməsidir. Düzdür, bu, yaxın aylar üçün gözlənilən deyil. Amma ermənilər müvafiq addım atarsa, Azərbaycan tərəfi bu dəfə də humanistlik nümayiş etdirib erməni hərbçisi ilə bağlı qərarını verə bilər". (musavat)
Mediainfo.az