
Polisə xəsarət yetirəndən silah və narkotik götürülüb
Astara rayonunda polis əməkdaşına tabeçilik göstərməyərək ona xəsarət yetirən şəxs rayonun hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bu barədə Apa-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Sulduz Məmmədov məlumat verib. Onun sözlərinə görə, RPŞ-nin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan "KİA" markalı avtomobilin sürücüsü, rayonun Kələdəhnə kənd sakini, 27 yaşlı Seymur Ağarəhim oğlu Əliyevə yaxınlaşaraq ondan sənədlərini tələb edib.
Tabeçilik göstərməyən Seymur Əliyev avtomobili hərəkətə gətirərək polis əməkdaşına ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra maşından düşərək hadisə yerini tərk edib.
Seymur Əliyevin avtomobilinə və yaşadığı Astara şəhəri, Səməd Vurğun küçəsi, 235 "a" ünvanında yerləşən evinə baxış zamanı silah və külli miqdarda narkotik vasitə, o cümlədən ümumi çəkisi 6370,688 qram heroin, 1066,29 qram tiryək, 334,26 qram həşiş qətranı, 246,078 qram amfetaminlər qrupuna daxil olan metamfetamin psixotrop maddəsi, 1 ədəd "Makarov" tipli qaz silahı və 1 ədəd beşbarmaq-bıçaq aşkarlanaraq götürülüb.
İstintaqa verdiyi ifadəsində saxlanılan Seymur Əliyev narkotik vasitəni tanışı olan İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, silahı dəmir yolunda tapdığını, törətdiyi əməldən isə peşman olduğunu bildirib.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalar davam etdirilir.
Mediainfo.az