Ağstafalı yeniyetmə yeznəsini öldürdü

Ağstafalı yeniyetmə yeznəsini öldürdü

29 İyun 2011 11:15
Bəyəndim (0) Bəyənmədim (0)
Səbəb bacısı barədə yayılmış dedi-qodular idi

İSTİNTAQ

Xüsusi amansızlıqla qəsdən adam öldürməkdə və oğurluqda ittiham olunan Ağstafa rayon sakinləri İsa Yaqubov və Dursun Nəbiyevin məhkəmə istintaqı yekunlaşıb.

İstintaq yolu ilə müəyyənləşdirilib ki, Ağstafa rayonunun Poylu kənd sakini Fəzail Balayev həyat yoldaşı Afət Yaqubovanı əxlaqsızlıqda günahlandıraraq ondan ayrılıb. Bacısı barəsində kənd arasında gəzən söz-söhbətlər 11-ci sinif şagirdi İsa Yaqubovun qüruruna toxunub. O, bacısı haqqında rüsvayedici şayiələr yayaraq ona böhtan atdığına görə sabiq yeznəsi Fəzail Balayevdən qisas almağı planlaşdırıb. Cızmış olduğu plan barədə həmkəndlisi və yaxın dostu Dursun Nəbiyevi məlumatlandırıb və bu işdə ona köməklik göstərməsini xahiş edib. Hər ikisi Fəzail Balayevin yüngül həyat tərzi sürən qadınlarla yaxın münasibətdə olduğunu bildiklərindən onu fahişə qadın gətirmək adı ilə aldadıb öldürməyi qərara alıblar. Bu məqsədlə Dursun Nəbiyev Fəzail Balayevlə telefon əlaqəsi saxlayaraq ondan qadın gətirməsini xahiş edib.

Fəzail Balayev özünə məxsus VAZ 2106 markalı avtomaşınla fahişəliklə məşğul olan Validə Ziyadova ilə birlikdə gecə saatlarında Ağstafa rayonunun Poylu kəndi yaxınlığında yerləşən "Stalin təpəsi" adlanan sahəyə - çağırılan yerə yollanıb. Orada İsa Yaqubov və Dursun Nəbiyev Fəzail Balayevin bədəninin müxtəlif nahiyələrinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək, onu xüsusi amansızlıqla qətlə yetiriblər. Həmin vaxt hadisə yerində olan qadına səs-küy salmaması və hadisə barədə heç kimə bildirməməsi tapşırılıb. Lakin qadının bu tələbləri yerinə yetirməkdən imtina etməsi ona həyatı bahasına başa gəlib. Belə ki, Validə Ziyadovanı qəsdən öldürmək məqsədi ilə ona çoxsaylı bıçaq zərbələri endiriblər. Aldığı xəsarətlərdən Validə Ziyadova hadisə yerindəcə dünyasını dəyişib. Cinayətin izini itirmək məqsədi ilə İsa Yaqubov və Dursun Nəbiyev ertəsi gün - 20 avqust 2006-cı ildə Fəzail Balayevin və Validə Ziyadovanın meyitlərini tulladıqları yerə - "Stalin təpəsi" adlanan əraziyə gəliblər. Burada meyitlərin üstünə benzin tökərək od vurub yandırıblar.

Bundan başqa İsa Yaqubov hadisə yerində qalmış və Validə Ziyadovaya məxsus mobil telefonu, Dursun Nəbiyev isə Fəzail Balayevə məxsus mobil telefonu götürərək, özgə əmlakını gizli yolla talayıblar. Fəzail Balayevə məxsus avtomaşını isə Poylu kəndindən 1 km aralıdakı "Daş körpü" adlanan əraziyə sürərək orada qoyublar.

"Hamı ona nifrət edirdi"

Təqsirləndirilən şəxs qismində dindirilən İsa Yaqubov ona elan olunmuş ittihamla özünü təqsirli bilib:

- Fəzail Balayev bacım Afətin əri olub. Onlar hadisədən üç il öncə ayrılıblar. Üç uşaq anası olan bacımın iki uşağı Fəzailin himayəsindədir. Afət kiçik oğul Ceyhunla birlikdə bizim evdə yaşayır. Fəzail bacımı əxlaqsızlıqda günahlandıraraq boşayanda mən azyaşlı idim, ona görə də buna bir o qədər fikir vermirdim. O vaxtdan Fəzaillə heç bir əlaqə saxlamamışam. Fəzail bacımdan ayrılandan sonra fahişəliklə məşğul olan qadınlarla oturub-durur, onları sifariş verən kişilərin yanına aparıb-gətirməklə qazanc əldə edirdi. Onun bu hərəkətini həm kəndin, həm də rayonun bütün əhalisi bilirdi. Ona görə də hamı Fəzailə nifrət edirdi.

Fəzail bacımı buraxıb belə hərəkətlər etdiyindən, uşağına baxmadığından ürəyimdə ona qarşı nifrət oyanmışdı. Buna görə də ondan qisas almaq istəyirdim. Hər dəfə Fəzaildən acığım gəldiyini deyəndə, onun hərəkətləri barədə evdə danışanda anam məni sakitləşdirirdi. Hadisədən 20 gün əvvəl kənd camaatından eşitdim ki, Fəzail yenə də son zamanlar camaat arasında bacımdan danışır, ona böhtan ataraq, "yaxşı edib boşamışam", - deyir. Bu səbəbdən də Fəzaili öldürüb ondan qisas almaq qərarına gəldim.

Qisas hissi

Fikrimi yaxın dostum Dursuna bildirdim. Dursun əvvəlcə məni fikrimdən daşındırmağa çalışdı və belə bir iş tutmamağı məsləhət gördü. Mən isə ona qərarımda qəti olduğumu bildirdim. Birlikdə söhbət edərkən belə qərara gəldik ki, Fəzaili yalnız qadın gətizdirmək adı ilə aldadıb gecə vaxtı harasa aparmaq və orada öldürmək olar. Lakin yaxşı bilirdim ki, Fəzail mənim xahişimlə heç vaxt qadın gətirməz. Ona görə də Dursundan xahiş etdim ki, Fəzaildən fahişə qadın gətirməsini istəsin. Fəzail puldan ötrü bunu edərdi, nəticədə heç kim bilmədən onu öldürərdim. Dursunla aramızdakı söhbətdən iki gün sonra yolun kənarındakı mağazanın qarşısında dayanarkən Fəzail Validə adlı qadınla birlikdə maşınla yanımızdan keçdi. Keçməmişdən əvvəl maşını oynadıb bizə tərəf sürərək toza basdı. Fəzailin bu hərəkəti mənə pis təsir etdiyindən Dursun onun mobil telefonuna zəng vuraraq iradını bildirdi.

"Sənin bacının namusu mənim də bacımın namusudur"

Avqust ayının 19-da Fəzaili öldürmək planımı yenidən Dursuna açıqladım. Dursun mənə, "biz dostuq, qardaşıq, əgər qardaşıqsa, deməli, sənin bacının namusu həm də mənim bacımın namusudur", - deyərək mənə bu işdə köməklik etməyə hazır olduğunu söylədim. Bundan sonra məsələni həmin günü necə həll etmək qərarına gəldik. Dursun Fəzailin mobil telefonuna zəng vurub ondan gecə saat 12-dən sonra kəndin kənarındakı xır daşınan boş sahəyə qadın gətirməsini xahiş etdi. Fəzail də ona qadın gətirəcəyinə söz verdi. Həmin gün gecə mağazanın qarşısında dayanarkən Fəzail Validə adlı qadın yanında musiqi oxutdura-oxutdura maşını çox yüksək sürətlə Poylu stansiyasına tərəf sürdü. Dursun Fəzailin mobil telefonuna zəng vuraraq, ondan harada olduğunu soruşdu. Fəzail Dursuna Ağstafa şəhərində olduğunu bildirərək, 10-15 dəqiqədən sonra danışdıqları yerə gələcəyini söylədi.

Musiqi sədaları altında qətl

Bundan sonra Dursunla mən yaşadığımız evə gələrək bıçaq götürdük və kəndin kənarındakı "Stalin təpəsi" adlanın əraziyə gəldik. Fəzail məni görüb tanımasın deyə oradakı iydə ağacının altında gizləndim. Dursun isə maşın yolunun ortasında dayanıb Fəzaili gözlədi. Fəzail musiqi oxutdura-oxutdura maşını Dursunun yanına sürüb saxladı. Validə adlı qadın maşından yerə düşüb onlardan bir qədər uzaqlaşdı. Dursunla Fəzail isə maşından yerə düşüb söhbət etməyə başladılar. Bu zaman Fəzailin mobil telefonuna zəng gəldi. Fəzail maşının yanında əyilib telefonla danışıb qurtaran kimi guppultu səsi eşitdim. Həmin vaxt Dursun, "Akkoş, gəl, hazırdır", - deyə məni səslədi. Gizləndiyim yerdən çıxıb qaça-qaça Dursunun yanına gəldikdə ayağım ilişib yerə yıxıldım, sol ayağım daşa dəyib əzildi. Fəzailin yanına çatdıqda onun dizləri və dirsəkləri yerdə, başı aşağı vəziyyətdə dayandığını görüb əlimdəki bıçaqla sol böyründən bir dəfə zərbə endirdim. İkinci zərbəni vuranda bıçağın tiyəsi dəstək hissədən qırılıb yerə düşdü. Dursun mənə burada qalmağı tapşırdı və Fəzailin kürək nahiyəsinə iki dəfə zərbə vurub Validənin dalınca getdi. Dursunla əvvəlcədən razılaşmışdıq ki, Validəni öldürməyək, onu dilə tutub hadisə yerindən geri qaytaraq və bu barədə heç kimə danışmamağını tapşıraq. Bu məqsədlə də Dursun Validənin dalınca getdi.

Bu vaxt Fəzailin zəif səslə xırıldadığını eşitdim və yerdən götürdüyüm iri daş parçası ilə onun başından zərbə endirdim.

Yandırılan meyitlər

Validənin, "Ay Fəzail, ay Fəzail", - deyə iki-üç dəfə çağırdığını eşidib, nə baş verdiyini öyrənmək üçün onların yanına gəldim. Validə sol çiyini üstündə yerdə uzanıqlı vəziyyətdə idi. Dursun isə dizi üstə yerdə durub sağ əli Validənin ürəyinə sapladığı bıçağın dəstəyindən, sol əli ilə onun başından tutub yerə tərəf sıxmışdı. Mən Validənin baş nahiyəsinə, kürəyinə üç-dörd dəfə təpiklə vurdum. Dursun aşağı əyilərək, sol əli ilə Validənin saçlarından yuxarı dartdı və əlindəki bıçaqla onun boğazını kəsdi. Bundan sonra hər ikimiz Fəzailin yanına qayıtdıq. Fəzail artıq keçinmişdi. Avtomaşının açarları onun əlində idi. Mən açarları onun əlindən aldım. Fəzailin yerə düşmüş mobil telefonunu isə Dursun götürdü. Meyitin ayaqlarından dartıb yolun sağ hissəsində olan quyunun kənarına gətirdik. Sonra isə Validənin meyitini sürüyə-sürüyə maşının yanında olan quyuya atdıq. Bundan sonra Fəzailin meyitini Validənin meyitinin üstünə tulladıq. Hadisə yerində düşüb qalmış, Validəyə məxsus mobil telefonu cibimə qoydum. Meyitləri quyuya atandan sonra Fəzailə məxsus avtomaşını kəndin digər tərəfində olan Xılxına kəndinə gedən yoldakı iki təpənin arasına sürdük və orada qoyub evimizə qayıtdıq. Yolda Validəyə məxsus mobil telefona zəng gəldiyindən sim-kartı çıxarıb artezian quyusuna tulladım. Dursun izi itirmək üçün mənə meyitlərin üstünü basdırmağı təklif etdi. Mən isə ona meyitləri yandırmaq fikrində olduğumu dedim. Bu məqsədlə yenidən hadisə yerinə qayıtdıq. Lakin hadisə yerindən bir qədər aralıda avtomaşın dayandığını gördük. Maşındakıların polis əməkdaşları ola biləcəyindən qorxub geri qayıtdıq. Həmin gün saat 15:00 radələrində Dursunla birlikdə meyitləri yandırmaq üçün hadisə yerinə gəldik. Dursun evdən yarım litrlik benzin gətirmişdi. Hadisə yerinə gəldikdən sonra Dursun benzini meyitlərin üstünə səpdi və kibritlə od vurub yandırdı.

Cinayət və etiraf

Cinayəti törədərkən istifadə etdiyim bıçağı Fəzailin və Validənin meyitlərini tulladığımız quyuya atmışam. Validəyə məxsus "Samsunq" mobil telefonunu evdəki xrustal vazın içərisinə qoymuşam. Dursunun Fəzailə, mənim isə Validəyə məxsus mobil telefonu götürməkdə, hadisə zamanı maşını "Xılxına" yolunun kənarına qoymaqda məqsədimiz cinayətin izini itirmək olub".

"Sənin bacının təmiz adını mən də qorumalıyam"

Təqsirləndirilən şəxs qismində dindirilən Dursun Nəbiyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib:

- Fəzaili uşaqlıqdan tanıyaram. Aramızda ədavət, düşmənçilik olmayıb. Fəzail dostum İsanin bacısı Afəti 3 il olardı ki, boşamışdı. Fəzail Afətdən ayrıldıqdan sonra Poylu kəndində söz-söhbət yayılmışdı ki, guya Afət əxlaqsızlıq edib başqa kişilərlə gəzdiyinə görə əri onu boşayıb. Bir qonşu kimi Afəti başıaşağı, tərbiyəli qadın kimi tanıyıram. Afət ərindən ayrıldıqdan sonra valideynlərinin yanında yaşayırdı. Fəzail daim fahişə qadınlarla oturub-durur, onları sifariş verən müxtəlif şəxslərin yanına aparmaqla qazanc əldə edirdi. Onun bu hərəkətini bütün kənd camaatı bilirdi. Fəzail bir gün ərzində bir neçə dəfə maşınla musiqi oxutdura-oxutdura yoldan gəlib-keçdiyindən, bəzi hallarda isə onu görsünlər deyə siqnal verdiyindən İsa əsəbiləşirdi. Bir gün İsa mənə bacısı barəsində kənddə gəzən söz-söhbətlərdən bezdiyini, tay-tuşlarının içinə çıxa bilmədiyini, Fəzailin gecə-gündüz ona-buna fahişə daşımasından təngə gəldiyini və bu səbəbdən də onu öldürmək istədiyini bildirdi.

İsa fikrində qəti olduğunu söyləyərək bu işdə ona köməklik edib-etməyəcəyimi soruşdu. İsanın məqsədindən daşınmadığını görüb ona, "sənin bacın məni bacımdır, onun təmiz adını mən də qorumalıyam", - deyərək bu işdə ona kömək edəcəyimə söz verdim. İsa dedi ki, Fəzaili qadın gətizdirməklə aldadıb gecə vaxtı harasa aparmaq və orada öldürmək mümkün olar.

Avqust ayının 19-da nahar fasiləsi zamanı Fəzailə zəng vuraraq gecə saat 12-dən sonra kəndin kənarındakı boş sahəyə fahişə qadın gətirməsini xahiş etdim. Fəzail həmin yeri yaxşı tanıdığını deyib, belə bir qadın gətirəcəyinə söz verdi.

"Sinəsinə zərbə endirdim"

Gecə saat 24:00 radələrində İsa ilə evə gedib bıçaq götürdük və həmin yerə yollandıq. Fəzavil İsanı görməsin deyə o, ağacın altında gizləndi. Mən isə yolun ortasında dayanıb Fəzaili gözlədim. Fəzail maşınla gəlib mənim yanımda dayandı. Validə adlı qadını gətirdiyinə görə məndən 18 manat pul aldı. Həmin puldan 8 manat özünə, 10 manat isə Validəyə verdi. Sonra isə Validəyə maşından bir qədər aralıda əylənmək üçün yer hazırlamağı tapşırdı. Validə maşından düşüb yer hazırlamağa getdi. Mən Fəzailə maşından düşməyi və bir qədər söhbət etməyi təklif etdim. O, maşından düşüb mənim yanıma gəldikdə sağ əlimdə saxladığım bıçaqla Fəzailin sinəsinə bir dəfə möhkəm zərbə endirdim. Bıçaq Fəzailə dəyən kimi o astadan, "bu kimi idi, ayə", - dedi. Bıçağı ikinci dəfə Fəzailin sinəsinə vurub saxladım və astadan İsanı çağırdım. İsa bıçaqla Fəzailin sol böyründən bir dəfə zərbə endirdi. İkinci zərbəni vuranda bıçağın tiyəsi qırıldı. Mən bıçağı Fəzailin sinəsindən çıxarıb kürəyinə iki dəfə zərblə endirdim və İsaya, "sən qal burada, mən gedim Validədən tələb edim ki, hadisə barədə heç kimə bir söz deməsin", - deyib Validənin yanına yollandım.

"Qışqırma, səni evə yola salacağıq"

Validəyə yaxınlaşdıqda o, "ay Fəzail, ay Fəzail",- deyə qışqırdı. Validəyə dedim ki, qışqırma, səni evə yola salacağam. Lakin Validə yenə də qışqırmağa başladı. Onun səsinə kənar şəxslərin gələcəyindən qorxaraq əlimdəki bıçaqla sinəsinə iki dəfə zərbə endirdim. İkinci zərbədən sonra Validə sinəsində bıçaq yerə yıxıldı. İsa bizim yanımıza gələrək Validənin sifət və baş nahiyəsinə təpiklə vurdu. Bıçağı Validənin sinəsindən çıxarıb onun boğazına çəkdim. İsa ilə birlikdə Fəzailin yanına gəldikdə onun öldüyünü gördüm. Fəzailin meyitinin yanında yerə düşmüş mobil telefonu götürüb cibimə qoydum. Bundan sonra meyitləri sürüyüb yolun kənarındakı quyuya tulladıq. Cinayətin izini itirmək məqsədi ilə Fəzailə məxsus maşını iki təpənin arasında qoyub evə gəldik. Meyitlərin üstünü basdırmağı İsaya dedikdə o, razılaşmadı və onları yandıracağını bildirdi. Ertəsi gün həyətimizdəki motosikletin bakından plastmas qaba yarım litr benzin çəkib doldurdum. Benzin dolu qabı cibimə qoyub İsa ilə birlikdə hadisə yerinə yollandıq. Benzini meyitlərin üstünə səpdim və kibriti yandırıb atdım. Meyitlər alışıb yanmağa başladıqda hadisə yerindən uzaqlaşdıq. Evə gəldikdən sonra Fəzailə məxsus mobil telefonu həyətdəki qoz ağacının altında basdırdım ki, həmin telefon aparatı heç kimi əlinə keçməsin. Sonradan həmin telefonu istintaqa təqdim etdim.

"Qardaşımın heç kimlə ədavəti, düşmənçiliyi olmayıb"

Zərərçəkmiş şəxs qismində dindirilən Rafiq Balayevin (mərhumun qardaşı) ifadəsindən:

- Qardaşım Fəzail anama məxsus evdə iki azyaşlı uşağı, anam və bacılarımla birlikdə yaşayırdı. O, özünə məxsus avtomaşınla sərnişin daşımaqla ailəsini dolandırırdı. Fəzail həmkəndlimiz Afətlə ailə qurmuşdu. İlk vaxtlar dolansalar da, sonralar yola getmirdilər. Fəzailin deməsinə görə, arvadı Afət əxlaqsızlıq etdiyinə görə 2003-cü ildə ondan ayrılmışdı. Ötən ilin avqust ayının 20-də anam Minayə qardaşımın gecə evə gəlmədiyini, mobil telefonuna isə zəng çatmadığını dedi. 21 avqust 2006-cı ildə mən Ağstafa şəhərinə gəlib taksi sürücülərindən qardaşımı görüb-görmədiklərini soruşdum. Telman adlı taksi sürücüsü mənə həmkəndlim Məhəmməd Həsənovun Fəzailə məxsus maşını bir gün əvvəl "Daş körpü" deyilən ərazidə gördüyünü bildirdi. Mən həmin yerə gəldikdə qardaşımın maşının orada olduğunu gördüm. Maşının üzərində qan ləkələri olduğunu görüb anamla birlikdə Ağstafa rayon prokurorluğuna gəldik və hadisə barədə məlumat verdik.

26 avqust 2006-cı ildə həmkəndlim Rəfayel Əliyev "Köhnə xır yeri"ndən xır daşımağa getdikdə oradakı qazılmış köhnə quyuda qardaşım Fəzailin və bir nəfər qadının yandırılmış meyitlərinin olduğunu bildirdi. Həmin yerə gəlib meyitə baxan kimi Fəzaili tanıdım. Qardaşımın heç kimlə ədavəti, düşmənçiliyi olmayıb. Arvadını boşadığına görə onunla ədavətdə olan şəxs yalnız Afətin qardaşı İsa Yaqubov olub.

Zərərçəkmiş şəxs qismində dindirilən Şamil Ziyadovun (mərhumun atası) ifadəsindən:

- Validə mənim qızımdır. O, 2000-ci ildən Ağstafa rayonunda yaşayır. Validənin Ağstafa şəhərində "Nuruş" ləqəbli qadınla münasibəti olub. 26 avqust 2006-cı ildə mənə qızımın yandırılmış meyitinin aşkar olunması barədə məlumat verildi. Validənin kim tərəfindən öldürülməsi barədə məlumatım yoxdur.

QEYD: Məhkəmənin hökmü ilə İsa Yaqubov 10 il, eyni maddələrlə ittiham olunan Dursun Nəbiyev isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

SON SÖZ ƏVƏZİ:

Deyirlər, bıçaq yarası sağalar, söz yarası sağalmaz. Bu dəfə nə bıçaq yarası sağaldı, nə də söz yarası. Çünki söz bütün kəndə yayılmışdı...

İnarə Rafiqqızı

O.M.