Oğlu öldürülən anaya ŞOK MÜRACİƏT:"Gəlim ayağına, öldür məni!"

Oğlu öldürülən anaya ŞOK MÜRACİƏT:"Gəlim ayağına, öldür məni!"

29 Yanvar 2015 16:20
Bəyəndim (0) Bəyənmədim (0)
Qardaşı qətlə yetirilən şəxs: "Qardaşının kəlləsini kəsib qabağına tullayacam"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Zəngilan rayon sakini, 1990-cı il təvəllüdlü Azad Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs çıxış edərək vəsatət qaldırıb. 30 yaşlı Xəyyam Allahverdiyevi öldürməkdə təqsirli bilinən Azad Orucov cinayət işinin düzgün araşdırılmamasını deyib: "Birincisi onu qeyd etmək istəyirəm ki, ittiham aktında bildirilir ki, məni guya polis əməkdaşları tutub. Halbuki hadisə olan gün özüm polis şöbəsinə gedərək təslim olmuşam. Sonrakı proseslərdə mən Bakı İstintaq Təcridxanasında olarkən prokuror ittiham aktına məni aldadaraq qol çəkdirib. Həmin vaxt vəkilim yanımda yox idi və məni müdafiə etməli olan şəxsi çağırmağa da imkanım yox idi. İttiham aktını oxumaq istədim, mənə dedi ki, səni aldatmıram. Orada mənim işimlə bağlı Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə iş başlandığı yazılıb. Halbuki, mən o maddə ilə təqsirləndirilməməliyəm. Vəsadətim ondan ibarətdir ki, işi araşdıran prokuror gəlib burda ifadə versin".

A.Orucovun çıxışı zamanı məhkəmə zalında olan zərərçəkmiş şəxsin qohumları onun sözlərinə kəskin reaksiya veriblər. Zərərçəkmiş şəxsin qardaşı ilə A. Orucovun qardaşı Abbas Orucov arasında mübahisə yaranıb. Zərəçəkmiş şəxsin qardaşı Abbas Orucovun ünvanına nəlayiq ifadələr işlədib: "Səni burda sağ qoymayacam, hələ qardaşının kəlləsini kəsib qabağına tullayacam. Hələ qoy bu məhkəmə qutarsın".

Bu sözlərdən sonra ara daha da qızışıb. Hakimlər kollegiyası ortalığın qarışdığını görüb fasiləyə gedib. Bu zaman X.Allahverdiyevin anası üzünü Azad Orucova tuturaq deyib: "Allah belini qırsın, sənin kişiliyin olsaydı sən bu qələti eləməzdin. Gedib özünü öldürərdin. Ən azı o qardaşın özünü asardı".

Azad Orucovda üzünü öldürdüyü şəxsin anasına tutaraq "Xala! mən istəyərdim ki, sənin oğlunu öldürüm?, hadisədi də olub. Mənə şərait yarat çıxım burdan, gəlim öz ayağımla sənin yanına və məni öldür".

Daha sonra hakimlər fasilədən geri qayıdıb. Təqsirləndirilən şəxsin vəsadəti təmin olunmayıb. Hakimlər məhkəmə istintaqının baş vurulduğunu elan ediblər və çıxış üçün sözü dövlət ittihamçısına veriblər. İttihamçı-prokuror çıxış edərək təqsirləndirilən şəxsin 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Xəyyam Allahverdiyevin anası məhkəmədən oğlunu öldürən şəxs üçün daha ağır cəza tələb edib: "Bilirsiniz, o mənim təkcə oğlumu öldürməyib. Mənim həyat yoldaşım da hadisədən bir müddət sonra ürəyi tutaraq öldü. Oğlunun ölümü onu məhv etdi. Sizdən bir yaşlı qadın kimi xahiş edirəm".

Hakimlər çıxış üçün sözü Azad Orucovun vəkilinə veriblər. O, çıxışa hazır olmadığından məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi fevralın 9-da dəvam etdiriləcək.

Qeyd edək ki, hadisə 2013-cü il iyulun 26-da Suraxanı rayonunda "Duzlu göl" adlanan ərazidə baş verib. 30 yaşlı Xəyyam Allahverdiyev aldığı ağır xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində onun döyülərək öldürüldüyü məlum olub. Hadisəni törədən Zəngilan rayon sakinləri - 20 yaşlı Elçin Abdullayev, 29 yaşlı Abbas Orucov və onun qardaşı 23 yaşlı Azad Orucov tutulub.

İstintaqın gedişində Azad Orucovun X. Allahverdiyevi küt alətlə vuraraq öldürməsi üzə çıxıb. Onun X.Allahverdiyevi mübahisə zəminində qətlə yetirməsi məlum olub. O da bəll olub ki, X.Allahverdiiyev Azad Orucovun işlədiyi kafedə hadisədən əvvəl yeyib-içibmiş.

Mediainfo.az