Məktəblini öldürənlər apellyasiya şikayəti veriblər

Məktəblini öldürənlər apellyasiya şikayəti veriblər

27 Yanvar 2015 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində 11-ci sinif şagirdini qətlə yetirməkdə təqsirli bilinən Elsevər Məmmədov, Nurlan Dünyamalıyev, Samir Məmmədov, Fuad Heydərov və Abbas Abbaslının işi üzrə məhkəmə prosesinə start verilib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları, həmçinin onların apellyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Məhkəmə baxışı fevralın 3-nə təyin olunub. Həmin vaxtadək prokurorluğun məhkəməyə təqdim etdiyi protest araşdırılacaq.

Qeyd edək ki, qətl hadisəsi keçən il aprelin 2-də Binəqədi şosesi, döngə 4 ünvanında yerləşən "Davud market"in qarşısında baş verib. Binəqədi rayon sakini 1997-ci il təvəllüdlü Mobil Abdullayev bıçaqlanıb. 11-ci sinif şagirdi olan Mobil Abdullayevi xəstəxanaya yerləşdirsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, həbs olunub.

İstintaq araşdırması zamanı cinayətin digər iştirakçıları - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Nurlan Dünyamalıyev və 1996-cı il təvəllüdlü Samir Məmmədov müəyyən edilib. Onlar da saxlanılıblar. İstintaq qanlı cinayətin bəzi təfərrüatlarını üzə çıxarıb. Öldürülən Mobil Abdullayev penitensiar xidmətin formasını geyinərək şəkil çəkdirib. O, həmin şəkli Facebook səhifəsində yerləşdirərək "Privet, voram" sözünü yazıb. Şəklin altına Elsevər Məmmədov şərh yazıb. Onun şərhi mübahisəyə səbəb olub. Həmin vaxt Mobil Abdullayev oğru aləminin nümayəndələrinin ünvanına söyüş söyüb.
Bu söyüşdən sonra tərəflər arasında mübahisə daha da qızışıb. Həmin vaxt Mobil Abdullayev ana-bacı söyüşü söyüb. Qarşı tərəf isə mübahisəni sosial şəbəkədə yox, real həyatda davam etdirməyi tələb edib. Bu zaman Mobil Abdullayev "Davud" marketin qarşısında görüş təyin edib. Elsevər Abdullayev tanışları Fuad Heydərov, Abbas Abbaslı, Nurlan Dünyamalıyevlə sosial şəbəkədə oğru aləmi ilə bağlı yaranan mübahisəni aydınlaşdırmaq üçün görüş yerinə gəliblər. Mobil Abdullayev də hadisə yerinə tək gəlməyib. O, yaxın bir neçə qohumunu götürərək, həmin yerə gəlib. Görüş zamanı tərəflərin mübahisəsi qanlı cinayətlə nəticələnib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Məmmədov 14 il, Elsevər Məmmədov 3 il, Nurlan Dünyamalıyev 8 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər Fuad Heydərov və Abbas Abbaslı şərti cəza alıblar.

Hökmdən təqsirləndirilən şəxslər narazı qalıblar. Onlar apellyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Həmçinin prokurorluq da apelyasiya şikayəti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb ediblər.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları, həmçinin onların apellyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Prokurorluğun məhkəməyə təqdim etdiyi protest araşdırılandan sonra işə baxılması üçün fevralın 3-nə təyin olunub.

Mediainfo.az