Qaçırılmış avtomobildən oğurlanmış qeydiyyat nişanları başqa maşından tapıldı

Qaçırılmış avtomobildən oğurlanmış qeydiyyat nişanları başqa maşından tapıldı

21 Yanvar 2015 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda qaçırılmış avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları başqa maşında aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Pərviz Babayevə məxsus BMW markalı avtomobilin ötən ilin noyabrın 30-da oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan "VAZ-2107" markalı avtomobilin yanvarın 20-də C.Qurbanov küçəsində hərəkətdə olması aşkar edilib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində avtomobil saxlanılıb, onun Bakı şəhər sakini Kamran Mürsəlov tərəfindən idarə edilməsi müəyyən edilib.

Avtomobilin yük yerinə baxış zamanı oradan qeyd edilən "VAZ-2107" markalı avtomobilə, həmçinin İsveçrə və Birləşmiş Ərəb Əmirliklərinə aid dövlət qeydiyyat nişanları da aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Hüseyn Hüseynliyə məxsus olması və yanvarın 20-nə keçən gecə yaşadığı Əmircan qəsəbəsindən qaçırılması da müəyyən edilib.

Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Mediainfo.az