Ağdamda qadın məşuqu ilə birləşib ərini öldürdü

Ağdamda qadın məşuqu ilə birləşib ərini öldürdü

27 İyun 2011 14:10
Bəyəndim (0) Bəyənmədim (0)
Ölənlə öldürən qohum idilər

İTTİHAM

Qəsdən adam öldürməkdə təqsirli bilinən sabiq sevgililərin - Loğman Kərimov və Gülbəniz Alxanovanın məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə yolu ilə müəyyənləşdirilib ki, Loğman Kərimov Ağdam rayonunun Zəngişalı kəndində yaşayan uzaq qohumu Azər Alxanovun evinə gedib-gələrkən onun arvadı Gülbəniz Alxanova ilə "isti" münasibət qurub. Loğman Kərimovun anasının bu əlaqələrin qarşısını almaq məqsədi ilə Azər Alxanova onun həyat yoldaşı ilə oğlu arasında əxlaqsız münasibətlər olması barədə məlumatlandırması və Gülbəniz Alxanovadan onun oğlundan əl çəkməsi barədə tələbi heç bir nəticə verməyib. Əksinə, ana-oğul arasındakı münasibətlər kəskin şəkildə pozulub.

Təxminən 2002-ci ilin ortalarından Loğman Kərimov Gülbəniz Alxanova ilə daimi nikahda yaşamaq üçün sonuncunun təhriki ilə bu işdə onlara mane ola biləcək şəxsi - yəni Gülbənizin həyat yoldaşı Azər Alxanovu aradan götürməyi qərara alırlar. Bu məqsədlə 29 mart 2003-cü ildə saat 20:00 radələrində Loğman Kərimov həmişəki kimi Azər Alxanovun evində olarkən Gülbəniz ona ərinin kobud hərəkətlərindən cana doyduğunu bildirib. Ərini aradan götürmək məqsədi ilə o, Loğman Kərimovu qəsdən adam öldürməyə təhrik edib. Loğman Kərimov isə öz növbəsində sevgilisinə bu işə son qoyacağını söz verib. Saat 23:00 radələrində Loğman Kərimov evlərinə getmək adı ilə Alxanovların mənzilindən çıxarkən ev sahibi onu ötürmək istəyib. Ev sahibinin bu canfəşanlığı sonda ona baha başa gəlib. Belə ki, Loğman Kərimov əlində saxladığı çəkiclə onu ötürməyə çıxan ev sahibinin başına qəflətən zərbə endirib. Aldığı zərbənin təsirindən yerə yıxılan Azər Alxanovun ölmədiyini görən Loğman Kərimov onun boğazından yapışaraq var gücü ilə boğmağa başlayıb. Azər Alxanovu boğub öldürdükdən sonra meyiti sürüyərək Gülbənizin yaşadığı həyətə gətirib. Əvvəlcə meyiti həyətdəki quyuda, sonra isə izi itirmək məqsədi ilə əkin sahəsinin kənarındakı quyuda basdırıb.

"STOLUN ARXASINDA AYAĞIMI ONUN AYAĞININ ÜSTÜNƏ QOYDUM"

Təqsirləndirilən şəxs qismində dindirilən Loğman Kərimov ona elan olunmuş ittihamla özünü təqsirli bilib:

- 2000-ci ildə hərbi xidmətimi başa vurduqdan sonra kəndimizə qayıdaraq təsərrüfatla, əkin-biçinlə məşğul olmuşam. Həmkəndlim, eyni zamanda uzaq qohumum Azər Alxanov ilə münasibətim həmişə yaxşı olub, mütəmadi olaraq əlaqə saxlamışıq, təsərrüfat işlərində bir-birimizə köməklik etmişik. 2000-ci ilin ortalarında kolxozun torpaq sahələri kolxozun üzvləri arasında bölünərkən Azərlə əkin yerlərimız bir-birinə yaxın düşdüyündən münasibətlərimiz daha da yaxınlaşmışdı. Azərin evinə hərbi xidmətdən əvvəl gedib-gəlmişdim. Bir sözlə, münasibətimiz həmişə yaxşı idi. Azərin həyat yoldaşı Gülbənizdən xoşum gəldiyi üçün təxminən 2002-ci ilin ortalarında növbəti dəfə Alxanovların evində olarkən stolun arxasında ayağımı onun ayağının üstünə qoydum. Bu hərəkətimə görə onun heç nə demədiyini görüb, Gülbənizin də mənə laqeyd olmadığını başa düşdüm. Bir neçə gündən sonra Azərgilə gedərək Gülbənizin evdə tək olduğunu görüb salam verib stol arxasında oturdum. Çay gətirən zaman Gülbənizin əlindən tutduqda, o, əlindəki çayı stolun üstünə qoyaraq, qucağımda oturdu. Həmin gün ilk dəfə Gülbənizlə cinsi əlaqədə oldum. O vaxtdan 2006-cı ilin dekabr ayına kimi Gülbənizlə yaxın ünsiyyətdə olmuşam. Gülbənizlə ünsiyyətə başlayandan bir müddət sonra o, həyat yoldaşı Azərdən narazılıq edərək, ümumiyyətlə ərindən xoşu gəlmədiyini, bu səbəbdən də Azərlə cinsi əlaqədə olmaq istəmədiyini, buna baxmayaraq, ərinin onu zorla cinsi əlaqədə olmağa məcbur etdiyini və onun bu hərəkətlərindən cana doyduğunu deyirdi. Gülbəniz dəfələrlə məndən xoşu gəldiyini də deyirdi. Biz Azər evdə olmayan vaxtlarda onların evində, evdə olanda isə həyətdə və evin arxasında görüşürdük. Aramızda olan söhbətlər zamanı Gülbənizə ailəsindən boşanacağı təqdirdə onu alacağımı bildirmişdim. Gülbəniz isə, "boşansaq da, kənddə bir yerdə yaşamağımız mümkün olmayacaq, başqa yerə getmək üçünsə pul lazımdır", - deyirdi. Bir müddət sonra Gülbənizlə danışıb razılaşdığımız kimi təxminən 2002-ci ilin oktyabr ayında pul qazanmaq məqsədi ilə Bakı şəhərinə getdim. 2003-cü ilin yanvar ayının axırlarına kimi Bakı şəhərində şüşə sexində işləmişəm. Qazancım kirayə haqqına və yeməyimə ancaq çatırdı. 2002-ci ilin axırlarında bu barədə Gülbənizlə görüşüb ona bildirdim. O isə dedi ki, mən heç nə deyə bilmərəm, özün bax, gör nə edirsən. Bakıya işləməyə getməmişdən əvvəl atam buna etiraz etməmişdi. Lakin 2003-cü ilin əvvəllərində atamgil ev tikdikləri üçün onlara köməklik etməyimi istədilər. Mən də buna görə evimizə qayıtdım. Atamın mənə Azərgilə getməyimi qadağan etməsinə baxmayaraq, gizlində də olsa, onlara gedib-gəlirdim. Atam şübhələndikdə isə onu aldadırdım. Həmin vaxtlar Gülbəniz mənə, "Azər bizdən şübhələnir, deyir ki, mənimlə yatmaq istəmirsənsə, deməli, Loğmanla yatırsan, mən isə heç nəyi boynuma almıram", - dedi. Bu söhbətdən sonra Gülbəniz onların evində daim narazılıq olduğunu deyirdi. Amma mən belə bir narazılığın olduğunu görməmişdim. Ümumiyyətlə, hadisə baş verən günə kimi Azərlə aramızda heç bir konflikt olmamışdı, söz-söhbət olmamışdı. Gülbəniz deyirdi ki, Azərdən boşana bilmir, belə yaşamaq isə onu bezdirir, nə yolla olursa olsun, canını ərinin əlindən qurtarmalıdır. Hətta mənə, "səninlə bir yerdə olmağım üçün canımı Azərdən qurtar", - deyirdi. Gülbəniz məni Azəri öldürməkdən başqa çıxış yolu olmadığına inandırmağa çalışırdı. Deyirdi ki, əgər Azəri soruşsalar, onun harasa işləməyə getdiyini və geri qayıtmadığını bildirəcək. Bu söhbətdən sonra hər gün axşam Azərgilə gəlirdim, onunla domino oynayırdım, televizora baxırdım.

29 mart 2003-cü ilə qədər Azəri öldürməyə tərəddüd edirdim. Həmin gün axşam təxminən saat 20:00 radələrində Azərgilə getdim. Gülbənizlə Azərin evdə nəsə danışdıqlarını görüb buna əhəmiyyət vermədim. Stol arxasında oturub onlarla birlikdə televizora baxdım. Bir qədər sonra Azərin çölə çıxdığını görüb nə baş verdiyini soruşduqda Gülbəniz, "hər gün eyni şey, bəsdir, mən daha cana doymuşam, nə edirsən elə", - dedikdə onu sakitləşdirməyə çalışdım. Dedim ki, bu gün bu qapıdan çıxıb gedəndən sonra ya o qayıdar, ya da mən qayıdaram. Gülbənizin mənə, "sən qayıt gəl, təki sənə bir şey olmasın", - deməsindən bir az da ürəkləndim. Artıq Azəri öldürmək qərarına gəldiyimi başa düşdüyündən Gülbəniz məndən bunu nə cür edəcəyimi soruşdu. Mən də qapının ağzındakı çəkici ona göstərib həmin çəkiclə vuracağımı bildirdim. Bu zaman Azər qayıdıb gəldiyi üçün Gülbəniz daha heç nə deyə bilmədi. Təxminən saat 23-24 radələrində evə getmək üçün ayağa qalxdım. Həmişə olduğu kimi Azərin məni yola salacağını bilirdim. Bayıra çıxarkən qapının ağzındakı çəkici Azərdən istəyib özümlə götürdüm və onunla birlikdə həyətdən çıxıb bizim evə sarı getdik. Evdən təxminən 50 metr aralaşdıqdan sonra Azərin sol tərəfinə keçərək onu bir addım belə irəli buraxmadım. Əlimdəki çəkiclə qəflətən başının arxa hissəsindən var gücümlə vurdum. Çəkic Azərin başına dəyən kimi o, üzü üstə yerə yıxıldı. Onun sifəti, alnı yerə dəyərək qanadı. Çəkic sapından qırıldığına görə yerə yıxılandan sonra Azərin başından vura bilmədim. Yerdə onunla əlbəyaxa olarkən əl atıb Azərin boğazından bərk yapışıb sıxmağa başladım və boğub öldürdüm. Əllərinin boşaldığını görüb öldüyünü başa düşüb ayağa durdum. Meyitin qollarından tutaraq sürüyüb həyətlərinə gətirdim. Meyiti həyətdə qoyub evə qalxdım və Gülbənizə Azəri öldürdüyümü dedim. Gülbəniz bayıra çıxıb meyitə baxdıqdan sonra qorxaraq, "bəs indi bunun axırı nə olacaq, özün nə istəyirsən onu da elə, mən bilmirəm", - deyib evə girdi. Evin arxasında kartof saxlamaq üçün quyu olduğunu bildiyimdən Azərin meyitini sürüyüb oraya apardım. Meyiti quyuya atdım, üstünü taxta qapı ilə örtdükdən sonra çəkicin metal hissəsini meyitin yaxınlığındakı tikiliyə qoydum, taxta hissəsini isə evdə "peçə" atıb yandırdım. Çəkicin rezin başlıq olan hissəsini hadisədən xeyli sonra gizlətdiyim yerdən götürərək yandırdım. Gülbəniz də Azərin pasportunu və paltarlarını yandırdı. Azərin meyitini quyuya atıb evə girdikdən sonra Gülbənizin tökdüyü su ilə əllərimi yudum. Gülbəniz üstümə tökülmüş qan ləkələrini silib təmizlədi. Birlikdə oturub çay içdik, sonra isə intim əlaqəyə girdik. Kənddə işıqlar söndürüləndən bir qədər sonra evimizə getdim. Hadisə yerində qanın olub-olmamağını yoxlamaq üçün sübh tezdən yuxudan oyanıb həmin yerə gəldim. Qan olmadığını görüb evə qayıtdım.

30 mart 2003-cü ildə axşam saatlarında Gülbənizgilə gəldim. Onlardan bel götürüb kənddən təxminən 300 metr aralıdakı Çəlik kəndi istiqamətinə gedən torpaq yolun kənarındakı zibilliyə gəldim. Orada su olmayan köhnə suvarma kanalının içində quyu qazaraq geri qayıtdım.

QUYUDAN ÇIXARILAN MEYİT

Bir qədər Gülbənizgildə oturduqdan sonra meyiti aparmaq üçün nənəm Ağcagilin həyətindən əl arabası gətirdim. Azərin meyitini quyudan çıxarıb həmin əl arabasına qoydum. Heç kim görməsin deyə boş həyət sahələrinin içi ilə quyu qazdığım yerə apardım. Yol boyu heç kimlə rastlaşmadım. Havalar şaxtalı olduğundan və meyit quyuda yarıbükülü vəziyyətdə qaldığından qıcımışdı. Meyiti əynindəki qara rəngli şalvar, qara rəngli sviter, kurtka və qaloşları ilə birlikdə basdırdım. Nənəmgildən gizlində götürdüyüm arabanı aparıb yerinə qoydum. Gecə saat 01:00 radələrində Gülbənizgilə gəlib bu barədə ona məlumat verdim. Gülbənizlə cinsi əlaqəyə girdikdən sonra evimizə getdim.

4 İLDƏN SONRA TAPILAN MEYİT

Meyiti basdırdığım yeri 13 yanvar 2007-ci ildə Ağdam rayon prokurorluğunun və RPŞ-nin əməkdaşlarına göstərdikdən sonra özümün iştirakım ilə meyit həmin yerdən qazılıb çıxarıldı. Azərin öldürülməsi, Gülbənizlə olan münasibətlərim barədə onun uşaqlarının məlumatı olmayıb. Bu ilin yanvar ayının 13-ə qədər Azərin öldürülməsi barədə heç kimə heç nə deməmişik. Hamıya bildirmişdik ki, guya Azər Ağcabədi rayonuna işləməyə gedib və qayıtmayıb.

2006-cı ilin aprel ayının 30-da həmkəndlim Zahidə Alxanova ilə nişanlandıqdan sonra Gülbənizlə aramızda narazılıq yarandı. Gülbəniz tutulası olsa da belə hər şeyi açıb danışacağı ilə məni hədələdi. Yanvar ayının 13-də RPŞ-ə dəvət edilən zaman Gülbənizin hər şeyi açıb danışdığını başa düşdüm. Odur ki, Azəri öldürdüyümü etiraf edərək, hadisəni olduğu kimi danışdım.

SOYUQ MÜNASİBƏT

Təqsirləndirilən şəxs qismində dindirilən Gülbəniz Alxanova ona elan olunmuş ittihamla özünü təqsirli bilib:

- Həmkəndlim Azərlə 1993-cü ildə ailə həyatı qurmuşam. Birgə nikahdan iki övladımız olub. Yaşadığımız Ağdam şəhəri işğal olunduqdan sonra cəbhə xətti kəndimizə yaxın olduğuna görə həyat yoldaşım və qayınanamla birlikdə Ağcabədi rayonunun Qiyaməddinli kəndinə getmişik. Təxminən 1 il orada yaşadıqdan sonra yenidən kəndimizə-qayınatamın evinə qayıtmışıq. Azər məni qaçırdığına görə valideynlərim bizimlə barışmadılar və bu günə kimi də küsülüdürlər. Ümumiyyətlə, ərə getdiyim gündən qayınlarım, baldızlarım məni yola vermirdilər, evdən çıxıb getməyim üçün incidirdilər. Ərim də ailə üzvlərinin bu hərəkətlərini dəstəkləyirdi. Hər gün evimizdə dava-dalaş olurdu. 1996-cı ildə qayınlarım Azərlə məni və uşaqlarımı ayırıb indi yaşadığımız daxmaya çıxardılar. Azər bir kişi kimi mənə qarşı soyuq olduğuna görə ondan xoşum gəlmirdi. Həmişə evə gələndən sonra yıxılıb yatır, nə uşaqlarla, nə də ki mənimlə maraqlanmırdı. Azər əvvəllər fermada işləyirdi. Ferma dağıldıqdan sonra nə iş olsa, gedib işləyir, son vaxtlar isə çörək bişirmək üçün istifadə olunan duxovka düzəldib satmaqla məşğul olurdu. Arabir anamgilə gedib-gəlsəm də, Azər nə mənim anamgilə, nə də ki öz anasıgilə qardaş-bacıları üz vermədiklərini görə getmirdi. Həmkəndlim Loğman Kərimovun atası Zülfi ilə həyat yoldaşım Azər uzaq qohum idilər. Loğmanla aramızda yaş fərqinə baxmayaraq, bir-birimizlə münasibətimiz Azər öldürülən günə kimi həmişə yaxşı olub. Loğman hərbi xidmətdən qayıtdıqdan sonra Azərə köməklik edirdi.

XƏYANƏT

Loğman bizə gəlib-gedən zaman Azər həmişə hörmət mənasında onu yola salırdı. Birinci dəfə Loğmanla 2002-ci ilin əvvəllərində, uşaqlar məktəbdə olan zaman yaxınlıq etmişəm. Belə ki, Loğman bizə gəlib mənimlə yaxınlıq etmək istədiyini dedi. Ondan xoşum gəldiyindən etiraz etmədim. Həmin vaxtdan aramızda yaxın münasibət yaranmışdı. Loğman hər gün bizə gəldiyinə və evlərinə gec qayıtdığına görə anası bizim görüşməyimizdən şübhələnmişdi. Ona görə də Loğmanı bizə qoymayaraq, "sən oraya Gülbənizə görə gedirsən", - deyirdi. Amma buna baxmayaraq, Loğman mənimlə əlaqəni kəsmirdi. Bir dəfə isə Loğmanın anası ərimin qarşısını kəsib, "oğlum sənin arvadına görə sizə gedib-gəlir", - demişdi. Həmin gün Azər məndən bunun həqiqət olub-olmadığını məndən soruşduqda, ona Loğmanı evimizə özü gətirdiyini dedim. Bildirdim ki, əgər belədirsə, onda onu evimizə gətirmə. Azər isə əsəbiləşərək, "sən kimsən, Loğman buraya gəlib, gələcək də, istəmirsən, çıx get atan evinə", - dedi.

Loğmanla yaxınlıq etdiyim zamanlar ərimlə də cinsi əlaqədə olurdum. Lakin Loğmanı aldadaraq ərimin guya mənimlə zorla yaxınlıq etdiyini bildirirdim.

Loğman mənimlə yaxınlıq etmək üçün saatlarla həyətdə oturub Azərin yatmasını gözləyirdi. Bəzən isə yay vaxtlarında gözləyə-gözləyə həyətdəcə yatıb qalırdı.

... VƏ YALAN

Loğmanın məni ərimə qısqandığını bildiyim üçün yalandan Azərə nifrət etdiyimi, onunla cinsi əlaqədə olmaq istəmədiyimi, həyat yoldaşımın mənimlə zor gücünə yaxınlıq etdiyini deyirdim. Loğman isə acıqlanaraq, "bir də Azərlə yatsan, gör sənə neyləyəcəyəm!", - deyib hədələyirdi. Loğmanın məni sevməsini bildiyim üçün onun hədələrinə əhəmiyyət vermirdim. Özüm də bəlkə onun məni istəməsindən qat-qat artıq onu istəyirdim.

2003-cü ilin mart ayının 29-da axşam Loğman bizə gələrkən Azərlə mənim mübahisə etdiyimi gördü və heç nə deməyib oturub televizora baxdı. Azərin çölə çıxdığını görüncə məndən nə baş verdiyini soruşdu. Mən də ona, "heç nə, hər gün eyni şey, bəsdir, cana doymuşam, nə edirsən elə", - dedim.

QƏTL PLANI

Bu sözdən sonra Loğman, "bu gün qapıdan çıxıb gedəndən sonra ya o qayıdar, ya da ki mən qayıdaram", - dedi. Onun bu cavabından başa düşdüm ki, Azəri öldürmək niyyətindədir. Ona görə də ,"sən qayıt gəl, təki sənə heç nə olmasın", - dedim. Azər evə qayıdıb gələndən sonra bir xeyli oturub Loğmanla söhbət etdi. Gecə saat 23-24 radələrində Loğman Azərə evə getmək istədiyini bildirdi. Azər də həmişə olduğu kimi onu yola salmaq üçün bayıra çıxdı. Bu zaman Loğman özünün rezin başlıqlı çəkicini də Azərdən istəyib özü ilə götürdü. Onlar çıxandan sonra yatmaq üçün çarpayıya uzandım. Bir qədər keçmiş Loğman qayıdıb gəldi və mənə Azəri öldürdüyünü söylədi. Xalatımı geyinib onunla birlikdə bayıra çıxdıqda Azərin meyitinin orada olduğunu görüb qorxdum. Loğman meyiti həyətdəki kartof quyusuna ataraq üstünü basdırdı. Belə razılaşdıq ki, soruşan olarsa, Azərin harasa işləməyə getdiyini deyək. Bundan sonra mənimlə cinsi əlaqəyə girdi və çıxıb evlərinə getdi. Səhəri gün uşaqlar meyiti görməsinlər deyə onları atamgilə apardım. Axşam uşaqlarla birlikdə evə qayıtdım. Loğman yenidən bizə gəlib, həyətdəki "lapatkanı" götürüb getdi. Sonra mənə dedi ki, meyiti aparıb başqa yerdə dəfn edib. Həmin vaxtdan sonra Loğman axşamlar bizə gəlir, mənimlə yaxınlıq edir, gecə evlərinə qayıdırdı. Azərin qardaşı Asəf Loğmanı güdüb bizim həyətə girən zaman tutmuşdu və mənə, "utanmırsan, Loğman burada nə edir?" - demişdi və Ağdam RPŞ-ə şikayət etmişdi. Həmin hadisə ilə bağlı məndən izahat alınarkən ərimin 7-8 ay əvvəl çıxıb getdiyini, qayınlarımın köməklik etmədiklərini, Loğmanın da Azərin bir qohumu kimi bizə köməklik göstərdiyini dedim. Loğman da mənim dediklərimə uyğun izahat verdi. 2006-cı ilin əvvəllərində Loğman kəndimizdən başqa bir qıza nişanlandı. Ərimin Loğman tərəfindən öldürülməsi barədə polisə məlumat vermək istəsəm də, tərəddüd etdim. Ötən ilin yanvar ayının 13-də RPŞ-ə dəvət olunarkən orada hər şeyi açıb danışdım.

LOĞMANIN EVLƏRİ İSTİQAMƏTİNDƏN DAVA-DALAŞ SƏSİ GƏLDİYİNİ EŞİTDİM

Zərərçəkmiş şəxs qismində dindirilən Mehdiqulu Alxanovun (mərhumun qardaşı) ifadəsindən:

- Azər ortancıl qardaşım olub. Şuşa kənd təsərrüfatı texnikumunun baytarlıq fakültəsində təhsil almışdı və fermada işləyirdi. Kolxoz ləğv olunduqdan sonra əmlak payı kimi verilmiş torpaq sahəsini əkib-becərməklə və başqa-başqa fərdi şəxslərə köməklik etməklə ailəsini dolandırırdı. Azər öz ailəsi ilə 1996-cı ilə kimi valideynlərimin evində yaşamışdı. Qardaşım arvadı Gülbəniz anamla və bacımla yola getmədiyinə görə evdə həmişə narazılıq olurdu. Sonuncu dəfə Gülbəniz uşaqlarını atıb atası evinə getdiyinə görə bir böyük qardaş kimi Azərdən arvadını boşamasını tələb etdim. Lakin qardaşım iki uşağı olduğunu deyib, arvadını boşaya bilməyəcəyini söylədi. Bundan sonra atamın adına olan torpaq sahəsində daxma tikərək qardaşımgili oraya köçürdüm. Gülbənizə görə heç vaxt qardaşımın evinə getmirdim. qardaşımla küçədə, sahədə görüşürdüm. 1997-ci ildə anam vəfat etsə də, Gülbəniz yasa gəlmədi. Azər həyat yoldaşına qarşı münasibətlərimizi bildiyinə görə çox vaxt bizimlə üz-üzə gəlməkdən çəkinir, qaçırdı. 2002-ci ilə bacım Almaz uzun müddət xəstə yatdıqdan sonra vəfat etdi. O, vəfat etməmişdən əvvəl qardaşıma, "bacın xəstədir, səni oxudan odur, əziyyətini də bir ana kimi o çəkib, niyə gəlib bacına baş çəkmirsən?" - deyəndə Azər, "gələcəm", - deyə söz versə də, gəlmirdi. Arvadının onu bizə gəlməyə qoymadığını fikirləşirdim. Bacım öləndən sonra Azər bizə gələndə digər bacım onu içəri buraxmayıb, "gözləyirdin ki, ölsün, sonra gələsən, niyə vaxtında gəlmədin ki, səni görsün", - deyəndən sonra Azər qayıdıb getdi və sonrakı yas mərasimlərində iştirak etmədi. Həmin ərəfələrdə qohumumuz Zülfünün oğlu Loğman Azərlə oturub-durur, bir-birlərinin evinə gedib-gəlirdilər. Gülbənizin Loğmanla əlaqəsi olması barədə kənddə söz-söhbət yayılmışdı. Bu barədə qardaşıma bildirdim və təklif etdim ki, Gülbənizi boşasın. Azər isə danışılanların böhtan olduğunu deməklə kifayətlənirdi. Sonuncu dəfə Azəri 21 mart 2003-cü ildə əlində ərzaq dolu torba ilə evlərinə gedərkən görmüşdüm. Ondan sonra bir daha nə özüm, nə də qohumlarımız onu görməmişik. Aradan iki-üç keçəndən sonra Loğmanın Azərin əkin yerini tək əkdiyini görüb qardaşımın harada olduğunu xəbər aldım. O, dedi ki, Azər 4-5 günlüyə harasa işləməyə gedib. Azər əvvəllər də bir neçə günlüyə başqa yerlərə işləməyə getdiyindən şübhələnmədik. Ancaq sonradan Azərdən səs-soraq çıxmadığını görüb narahat olduq.

2003-cü ilin iyul ayında Loğmangilin evləri istiqamətindən dava-dalaş səsi gəldiyini eşitdim. Bacım Solmaz dedi ki, Gülğənizlə Loğmanın anası Lyuba dalaşıb. Səhəri günü Loğmanın nənəsi bizim evə gəlib bacıma, "bilirsiniz Azər haradadır? Azər yoxdur, harada olması bilinmir, niyə qardaşınızı axtarmırsınız?" - demişdi. Bundan sonra dəfələrlə Gülbənizin yanına gedib ondan qardaşımın harada olduğunu soruşsam da, yenə məni aldadarıq Azərin işləməyə getdiyini deyirdi. 2003-cü ilin noyabr ayında qardaşım Asəf Loğmanın gecəyarısı Azərin həyətinə keçmək istədiyini görüb onu tutub atasının yanına aparmışdı və Zülfüyə, "soruş gör, sənin oğlun gecə vaxtı mənim qardaşımın evində nə gəzir", - demişdi. Bundan sonra qardaşım Asəflə mən Ağdam RPŞ-ə gedərək ərizə verdik. Loğmanla Gülbənizi RPŞ-ə çağırdılar. Bir daha qardaşımın həyətinə getməməyi barədə Loğmandan iltizam aldılar. Həmin vaxtlar Azərin Loğman tərəfindən öldürülüb basdırılması bizim ağlımıza belə gəlməmişdi. Hamı kimi Azərin yerini bizə demək istəmədiyini, Gülbənizin isə bunu bilsə də, bizdən gizlətdiyini fikirləşirdik. 2004-cü ilin yanvar ayında qardaşımın itkin düşməsi ilə bağlı Ağdam RPŞ-ə ərizə verdim. Azəri Bakıda, Sumqayıtda, Ağcabədidə axtarsaq da, tapa bilmədik. Yalnız 13 yanvar 2007-ci ildə qardaşımın Loğman tərəfindən öldürülüb kəndin yaxınlığındakı "zibillik" deyilən ərazidə basdırıldığını bildik.

QEYD: Məhkəmənin hökmü ilə Loğman Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11, Gülbəniz Alxanova isə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

SON SÖZ ƏVƏZİ:

Bu da növbəti cinayət işi. Təəssüf ki, bu dəfə də fikrimizi nida ilə bitirə bilmirik, həmişəki kimi vergüllə tamamlamalı oluruq. Çünki insanlar xəyanətin ən böyük cinayət olduğunu bilmədikcə bu cür cinayət işləri hələ çox olacaq...

İnarə Rafiqqızı

O.M.