Üç dayı qatilinin hökmü qüvvədə qaldı

Üç dayı qatilinin hökmü qüvvədə qaldı

15 Yanvar 2015 17:13
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt Apellyasiya Məhkəməsində üç dayısını öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan olunub. Hakimlər kolegiyasının qərarına görə, Əsgəralı Abbasovun apelyasiya şikayəti təmin edilməyib və onun barəsində çıxarılmış ömürlük azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, keçən il fevralın 7-də 23 yaşlı Əsgəralı Abbasov Sumqayıt şəhəri, Corat bağlarında dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb. Əsgəralı Abbasovun dayıları arasında şəxsi münasibətlər zəminində baş verən münaqişə səbəb olub. Polis tərəfindən saxlanılan Əsgəralı Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. Təhqirlərə dözə bilməyən Əsgəralı Abbasov dayılarını öldürməyə qərar verdiyini açıqlayıb.

Əsgəralı Abbasov Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgəralı Abbasov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əsgəralı Abbasov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngüləşdirilməsini istəyib. Əsgəralı Abbasov barəasində təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ləğv olunmasını və cəzasının müddətli cəza ilə əvəz edilməsini xahiş edib.

Mediainfo.az