Rus əsgəri erməni ailəsini qətlə yetirdiyini etiraf edib

Rus əsgəri erməni ailəsini qətlə yetirdiyini etiraf edib

13 Yanvar 2015 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Gümrü şəhərində bir ailənin altı üzvünü öldürməkdə şübhəli bilinən Rusiya hərbçisi Valeri Permyakov istintaqa ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.

Apa-nın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə jurnalistlərə Ermənistan Polisi rəisinin birinci müavini Unan Poqosyan bildirib.

O qeyd edib ki, Avetisyan ailəsinin qətlində şübhəli bilinən Permyakov günahını boynuna alıb: "O bildirib ki, bazanı gəzinti məqsədilə tərk edib və təsadüfən Avetisyanların evinə gedib".

Permyakovun ifadəsinə görə, o, su içmək üçün evə daxil olub. Qətlin motivləri isə məlum deyil və mətbuata əlavə məlumat verilmir. İlkin ehtimallara görə, hadisə məişət mübahisəsi zəminində baş verib.

"News.am" saytının Ermənistan Təhqiqat Komitəsinin rəis müavini Vaan Arutyunyana istinadən məlumatında isə qeyd olunur ki, A.Permyakov evə soxulan zaman ev sahibləri ona müqavimət göstəriblər, o isə qısa müddətdə hamısını avtomatla öldürüb: "Permyakov ifadəsində bildirib ki, növbə körpə uşağa çatanda avtomat silahda ilişmə baş verib. Bu səbəbdən qatil uşağı silahın qundağı ilə öldürməyi qərara alıb. Lakin uşaq xoşbəxtlikdən sağ qalıb".

Qeyd edək ki, öldürülənlər ailə başçısı Seryoja Avetisyan, onun həyat yoldaşı Asmik, qızı Aida, oğlu Armen, onun həyat yoldaşı Araks və sonuncuların 1 yaş 8 aylıq övladı Asmik Avetisyanlardır. Sağ qalan altı aylıq Seryoja Armenoviç Avetisyan kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan körpənin vəziyyəti ağır qiymətləndirilir.

Mediainfo.az