Həkimin qatillərinin məhkəməsi davam edib

Həkimin qatillərinin məhkəməsi davam edib

8 Yanvar 2015 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apelyasiya Məhkəməsində tamah məqsədi ilə qəsdən adam öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Bağırlının apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib. Qərardan kasasiya şikayəti verilib. Ali Məhkəməyə göndərilən şikayətdə apelyasiya instansiyasında şikayətlərə məhkəmə istintaqı aparılmaqla baxılması tələb olunub. Bu səbəbdən məhkəmə təxirə salınıb.

Qeyd edək ki, ötən ilin mayın 25-də tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyev Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 92, mənzil 8-də öldürülüb. Cavid Həmişəyev kirayə qaldığı evə yüngül həyat tərzi sürən və narkotik vasitə aludəçisi olduğu ehtimal olunan Türkan Bağırlı ilə gəlib.

Daha sonra isə iki nəfər evə gəlib və qətl hadisəsi baş verib. Mərhuma məxsus 90 NU 363 dövlət nömrə nişanlı "Mercedes MLK" markalı avtomobilin də yerində olmadığı müəyyənləşib. Avtomobil daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən "20 yanvar" dairəsində saxlanılıb. Avtomobildə olan şəxslər – Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədov tutulub. Onların cinayəti tamah məqsədilə törətdikləri məlum olub.
Avtomobilə baxış zamanı isə mərhumun şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarlar, ümumilikdə 670 manat pul götürülüb. Qətldə istifadə olunan iki ədəd bıçaq isə Buzovna qəsəbəsindəki zibillik ərazisindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Koroğlu Məmmədov 15 il, Yasin Ərəbov 15 il, Türkan Bağırlı 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verib. Koroğlu Məmmədov cəzasının yüngülləşdirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyib. Hökmdən Baş Prokurorluq da apelyasiya protesti verib. Prokurorluq Koroğlu Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib. Zərərçəkmiş tərəf də təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı şikayət ediblər.
Mediainfo.az