Qatil: "Mən sənə görə dalaşdım"

Qatil: "Mən sənə görə dalaşdım"

21 Oktyabr 2014 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Elvin Mikayılovun məhkəmə prosesi davam edib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər və bıçaqlanan Vüqar Dərgahquliyev ifadə verib.

Məhkəmə qarşısında çıxış edən hadisə şahidi və olayın iştirakçısı Valeh Əsədullayev Elvini çoxdan tanıdığını, obyektində işlədiyini deyib: "Bizim yoldaş kimi münasibətimiz var idi. Həmin günü də bir yerdə idik. Maşını saxlatdılar. Bu zaman Elvin maşının salonundakı saxlanc yerindən bıçaq götürdü. Aşağı düşürtdülər. Mən biri ilə, Elvin iki nəfər ilə söhbət eləməyə başladı. Yanımdakı oğlanı söhbəti böyütməmək üçün sakitləşdirməyə çalışdırdım. Bu zaman Elvinlə Yaşar və Vüqar qardaşları arasında əlbəyaxa dava yarandı. Mən qaçaraq onları aralamağa başladım. Elvini vurdular, gözünü tutdu. Bu zaman mənim özüm onlarla dava etməyə başladım. Özümü qorumaq məqsədi ilə dalaşdım. Bir də baxdım ki, Elvin yoxdur. Qaçıb maşına mindim. 200 metr getmişdim ki, Elvini gördüm və maşına mindirdim. Hara getdiyini soruşdum. O isə, mənə həmin şəxsləri bıçaqla qorxuzduğunu kiçik sıyrıq atdığını dedi. Ondan sonra maşınla Balaxanıya getdik. Maşını əzilmişdir. Taksi ilə avtovağzala, ordan da Ağsuya getdik. Bıçağı Ağsuda gölə atdım. Sabahı gün isə Elvin təslim oldu. Mən bundan artıq heç nə görmədim. Nə Elvinin bıçaqla vurduğunu gördüm, nə də başqa bir şey".

Cinayətdə təqsirləndirilən Elvin Mikayılov Valeh Əsədullayevin verdiyi ifadənin yanlış olduğunu, hadisədə öz günahı olsa belə, boynundan atdığını dedi:"Mən sənə görə dalaşdım. Döydülər məni. O zaman heç nə gözümə gəlmirdi. Cəmi bir zərbə vurdum. Hadisə yerindən qaçdım. Səhəri gün atama zəng eləyib bildim ki, Yaşar ölüb. Özüm gəlib təslim olmuşam. İstintaq zamanı, Vüqarın bədənində 4 bıçaq zərbəsi olduğunu bildim. İstintaq yenidən baxılmasını tələb edirəm. Vüqarı mən öldürməmişəm. Mənə ona qorxuzmaq niyyəti ilə, sıyrıq atdım. Özümü qismən təqsirli bilirəm, amma mən öldürmədiyimə əminəm. Orda başqa kiminsə əlli var. Hadisə yerində məhəllə camaatı olub, amma onları kimsə qoymur burda gəlib ifadə versinlər. Kasıb və yetiməm deyə hər şeyi mənim boynuma qoyurlar. Hadisədə bıçaqlanan Vüqar da öz ifadəsində deyib ki, məni Elvin vurmayıb. Sizdən xahiş edirəm ki, məsələyə düzgün baxın. Valeh yalan deyir. Mənim qədər o da günahkardır".

Hakim Mirzə Xankişiyev digər hal şahidlərinin məhkəmə prosesinə gəlib ifadə verməsini istəyib. Proses oktyabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqustun 31-də Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən "Kral" marketinin qarşısında baş verib. Elvin Mikayılov 32 yaşlı Yaşar Dərgahquliyevin boğazını kəsərək öldürüb. O, daha sonra mərhumun qardaşı, 29 yaşlı Vüqar Dərgahquliyevə bıçaqla iki dəfə zərbə endirib. İstintaq araşdırması zamanı müəyyən olunub ki, hadisəyə səbəb Yaşar Dərgahquliyevin avtomobillə onun maşının yanından sürətlə keçməsi olub. "Niva" markalı avtomobillə onu ötüb keçən Yaşara çatan Elvin Mikayılov qardaşlara hücum çəkib. Dava cinayətlə nəticələnib. Elvin Mikayılov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox əxsi öldürməyə cəhd) maddələri ittiham olunur.

Mediainfo.az