Azərbaycanda həbsxana məhkumlarının əl işləri satışa çıxarılacaq
Azərbaycanda həbsxana məhkumlarının faydalı işlərə cəlb olunma prosesi davam edir. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Bu sahədə həyata keçirilən növbəti tədbirlərdən biri yeni istifadəyə verilmiş Şəki Penitensiar müəssisəsinin rejim korpuslarında müasir tipli avadanlıqlarla təchiz edilmiş istehsalat sahələrinin fəaliyyətə başlaması olub. Müxtəlif suvenirlərin istehsalını həyata keçirən sexlərdə ilkin olaraq 12 nəfər işlə təmin olunub. Məhkumların istehsal etdikləri suvenirlər ticarət şəbəkəli vasitəsilə satışa çıxarılacaq. Əldə olunan vəsait onların saxlanma şəraitinin daha da yaxşılaşdırılmasına yönəldiləcək.
Müəssisədə cəza çəkənlərin haqqı ödənilən ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində işlər davam etdirilir. Bu məqsədlə mövcud şəraitin daha da yaxşılaşdırılması üçün Penitensiar Xidmət tərəfindən yaxın gələcəkdə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Mediainfo.az































































































