Azərbaycanda 24 sentyabrın rəsmi kriminal xronikası

Azərbaycanda 24 sentyabrın rəsmi kriminal xronikası

25 Sentyabr 2014 13:27
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 71 cinayət faktı qeydə alınmışdır

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 71 cinayət faktı qeydə alınmış, onların da 33-ü "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 8 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 43 nəfər tutulmuşdur.

Oğurluq etmiş Bakı şəhər sakini Ağa Məmmədov tutulmuşdur

24.09.2014
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il martın 14-də Pərviz Qasımovun mənzilindən 3200 ABŞ dollarını oğurlamış Bakı şəhər sakini Ağa Məmmədov tutulmuşdur.

Tərtər rayonu ərazində yerləşən "Sərin Ada" kafesində əxlaqsızlıq yuvası aşkar edilmişdir

24.09.2014
Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ağalar İsrafilovun Azadqaraqoyunlu kəndində yerləşən "Sərin Ada" kafesində gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilmişdir.

Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini Polad Xasıyevə bıçaqla xəsarət yetirmiş Şahmurad Səmədov tutulmuşdur

24.09.2014
Sentyabrın 25-nə keçən gecə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qəsəbə sakini Şahmurad Səmədov münaqişə zəminində həmyerlisi Polad Xasıyevə bıçaqla xəsarət yetirmişdir.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Səmədov tutulmuşdur.

Abşeron rayonunun Nübar qəsəbəsindən qəsəbə sakini Elçin Məmmədova məxsus qaçırılmış avtomobil saxlanılmışdır

24.09.2014
Sentyabrın 24-nə keçən gecə Abşeron rayonunun Nübar qəsəbəsindən qəsəbə sakini Elçin Məmmədova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılmışdır. BDYPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şəki rayonu ərazisində saxlanılmış, sürücü - Bakı şəhər sakini Əşrəfəli Mürşüdov və sərnişin - Abşeron rayon sakini İbrahim İsmayılov araşdırma aparılması üçün Abşeron RPŞ-yə təhvil verilmişlər.

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yol-nəqliyyat hadisəsi

24.09.2014
Sentyabrın 24-də saat 20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Fərzəli Əliyev idarə etdiyi "Volkswagen" markalı avtomobili aşırmışdır. F.Əliyevin sərnişini - arvadı Gülurə hadisə yerində ölmüşdür.

BDYPİ tərəfindən araşdırma aparılır.

Nizami rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi

24.09.2014
Sentyabrın 24-də saat 13 radələrində paytaxtın Nizami rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Hikmət Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili yol ayırıcısına vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş H.Məmmədovun sərnişini Fərid Əzizov orada ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Daşkəsən rayonunun Mollahəsənli kəndində yol-nəqliyyat hadisəsi

24.09.2014
Sentyabrın 24-də saat 15 radələrində Daşkəsən rayonunun Mollahəsənli kəndində kənd sakini Elşad Paşayev idarə etdiyi "T-16" markalı traktoru aşırmışdır. Sürücü hadisə yerində ölmüşdür.

Sabunçu rayonu Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi

24.09.2014
Sentyabrın 24-də saat 07 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Vaqif Hüseynov vurulmuşdur. V.Hüseynova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə qəza hadisəsi

24.09.2014
Sentyabrın 24-də saat 04 radələrində Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi "Saipa" markalı avtomobil vurulmuşdur. Sürücü avtomobili hadisə yerində atıb getmişdir. Nəticədə avtomobil yararsız hala düşmüş, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşmış, habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kvm. hissəsi dağılmışdır.
NBPİ XPB tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

İnsult diaqnozu ilə xəstəxanaya gətirilmiş 45-50 yaşlı qadın orada ölmüşdür

24.09.2014
Sentyabrın 24-nə keçən gecə Yasamal rayonu ərazisindən 45-50 yaşlı qadın insult diaqnozu ilə xəstəxanaya gətirilmiş və saat 09 radələrində orada ölmüşdür.
Araşdırma aparılır.

Şamaxı rayon sakini Elton Eyvazov və Qobustan rayon sakini Mahir Bayramov elektrik cərəyanı vurmasından ölmüşlər

24.09.2014
Sentyabrın 24-də Şamaxı rayon sakini Elton Eyvazov və Qobustan rayon sakini Mahir Bayramov elektrik cərəyanı vurması nəticəsində ölmüşlər.

Mediainfo.az