Azərbaycanda 19 sentyabrın rəsmi kriminal xronikası
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən dünən gün ərzində 58 cinayət faktı qeydə alınmış, onların da 20-si "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.
Suraxanı rayon sakini Z.Hacıağayevin həyətyanı sahəsində çətənə kolları, evindən isə marixuana aşkar edilərək götürülmüşdür
19.09.2014
Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Hacıağayevin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 350 qram olan 6 ədəd çətənə kolu, evindən isə 2 kiloqram 29,44 qram marixuana aşkar edilərək götürülmüşdür.
Qaradağ rayon sakini E.Allahverdiyevin evindən silah-sursat aşkar edilərək götürülmüşdür
19.09.2014
Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbə sakini Eyvaz Allahverdiyevin evindən nömrəsi silinmiş "AK" markalı silah, 110 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.
Sentyabrın 18-də V.Mahmudova bıçaqla xəsarət yetirmiş Xaçmaz şəhər sakini M.Ağayev tutulmuşdur
19.09.2014
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Vüqar Mahmudova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Xaçmaz şəhər sakini Mircəlal Ağayev tutulmuşdur.
Sentyabrın 13-də paytaxt ərazisində idarə etdiyi avtomobillə bir piyadanın ölümü ilə nəticələnən YNH-ni törədən sürücünün şəxsiyyəti müəyyən edilmişdir
19.09.2014
Sentyabrın 13-də Səbail rayonu Neftçilər prospektində müəyyən edilməmiş avtomobillə 40-45 yaşlı kişi vurulmuş və həmin şəxs hadisə yerində ölmüşdür.
Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Naxçıvan şəhər sakini Zöhrab Əkbərov olması, hadisənin isə "Mercedes" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Oleq Kopereyko tərəfindən törədilməsi müəyyən edilmişdir.
Avqustun 22-də Şirvan şəhər sakini M.Mirzəyevanın evindən oğurluğa cəhd göstərmiş T.Ağayev tutulmuşdur
19.09.2014
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Mehriban Mirzəyevanın evindən oğurluğa cəhd göstərmiş şəhər sakini Təbriz Ağayev tutulmuşdur.
Münaqişə zəminində keçmiş arvadına bıçaqla xəsarət yetirmiş C.Məmmədov tutulmuşdur
19.09.2014
Sentyabrın 19-da Sabunçu rayonu Sabunçu qəsəbəsində Cehyun Məmmədov yaşadığı evdə münaqişə zəminində keçmiş arvadı Rəsmiyyə Məmmədovaya bıçaqla xəsarət yetirmişdir.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədov tutulmuşdur.
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yol-nəqliyyat hadisəsi
19.09.2014
Sentyabrın 19-da saat 12 radələrində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kənd sakini Elvin Şirinov idarə etdiyi "VAZ-21011" markalı avtomobili yolun kənarındakı telefon dirəyinə vurmuş və hadisə yerində ölmüşdür.
Sabunçu qəsəbəsində "Mercedes" markalı avtomobillə Bakı şəhər sakini O.Lətifov vurulmuşdur
19.09.2014
Sentyabrın 19-da saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Naxçıvan şəhər sakini Ələmdar Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Orduxan Lətifovu vurmuşdur. Piyada hadisə yerində ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Yeni Suraxanı qəsəbəsində "VAZ-2106" markalı avtomobillə paytaxt sakini B.Muradov vurulmuşdur
19.09.2014
Sentyabrın 19-da saat 23 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qəsəbə sakini Malik Dadaşov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən həmyerlisi Bəxtiyar Muradovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Biləcəri qəsəbəsində İmişli rayon sakini R.Məmmədov idarə etdiyi avtomobillə 30-35 yaşlı kişini vurmuşdur
19.09.2014
Sentyabrın 19-da saat 01 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsində İmişli rayon sakini Rəşad Məmmədov idarə etdiyi "Opel" markalı avtomobillə 30-35 yaşlı kişini vurmuşdur. Həmin şəxs xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.
Qubada azyaşlı F.Qədirov şəhər ərazisindəki çaya düşərək boğulmuşdur
19.09.2014
Sentyabrın 19-da Quba şəhər sakini, azyaşlı Fərid Qədirov şəhər ərazisindəki "Qudyalçay" çayına düşərək boğulmuşdur. Onun tapılması istiqamətində tədbirlər görülür.
Bakı şəhər sakini F.Rəsulov Ağdaş rayonu ərazisində kanalda çimərkən suda boğulmuşdur
19.09.2014
Sentyabrın 19-da Ağdaş rayonunun Kükəl kəndinin ərazisində Bakı şəhər sakini Fuad Rəsulov Yuxarı Şirvan kanalında çimərkən suda boğulmuşdur. Onun tapılması istiqamətində tədbirlər görülür.
Mediainfo.az
.jpg)





























































































