
Bakıdakı qətlin bəzi təfərrüatları məlum olub
Cinayətkarlar 50 yaşlı Füzuli İsgəndərovun toydan yaxşı pul yığdığını güman edib
Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqmlar üzə çıxıb. Mediainfo.az -ın vesti.az-a istinadən verdiyi xəbərə görə, hadisə Babək prospekti ev 17-də qeydə alınıb.1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.
Bildirilir ki, qatil F.İsgəndərova məxsus qarajın yaxınlığında dayanıb və onu gözləyib. F.İsgəndərov qaraja tərəf yaxınlaşan zaman qatil ona bir neçə bıçaq zərbəsi endirib, daha sonra isə onun boğazını kəsib. Daha sonra cinayətkar F.İsgəndərovun evinə girib. Hadisə şahidinin dediyinə görə, qatil 20-25 yaşlı şəxs olub. Lakin həmin şəxsin cinayəti tək törədib-törətməməsi hələlik dəqiqləşməyib.
Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Hələlik hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilməyib.
Polisdən həmçinin onu bildiriblər ki, avqustun 29-da F.İsgəndərov qızına toy edib. İstintaq güman edir ki, cinayətkarlar F.İsgəndərova toydan yaxşı pul qaldığı qənaətində olublar.
Faktla bağlı araşdırma davam etdirilir.
Mediainfo.az