15 yaşlı bacısını qətlə yetirən qardaş

15 yaşlı bacısını qətlə yetirən qardaş

9 İyun 2011 11:33
Bəyəndim (0) Bəyənmədim (0)
O, bacısını namus üstündə öldürdüyünü deyib

2009-cu ilin noyabr ayının 27-də Şəmkir rayonunun İrmaşlı kəndində kənd sakini 15 yaşlı Şəfəq Səfxanovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs tutulub.

İstintaqla müəyyən olunub ki, Şəfəqi qardaşı 1982-ci il təvəllüdlü Daşqın Səfxanov öldürüb. Şəfəq qardaşı Daşqın tərəfindən noyabrın 25-də qısqanclıq zəminində boğulma yolu ilə qətlə yetirilib.

Daşqın Səfxanov uzun müddət Ukrayna Respublikasının Odessa şəhərində yaşayıb. 11 ilə yaxın bacısının üzünü görməyib. O, Ukraynada olarkən bacısının rayonda əxlaqsızlıqla məşğul olduğunu eşidib. Şəmkirə gələn Daşqın polis şöbəsində əxlaqsız-fahişə kimi qeydiyyata götürülmüş Şəfəqlə küçədə "tanış" olur, qardaşı olduğunu bildirmədən, özünü onunla görüşmək və yaxınlıq etmək istəyən oğlan kimi təqdim edir. Növbəti "müştəri" isə Şəfəqi yaşadığı kənddən 3 kilometr uzağa "Qulu dərəsi"nə aparır. Orada Şəfəqə qardaşı olduğunu deyən Daşqın onu qətlə yetirir. Qardaş bacısını boğduqdan sonra qurd-quşa yem olması, heç meyitinin də ələ gəlməməsi üçün xəndəyə atır. Amma kənd sakinləri ərazidə meyit olduğu barədə polisə məlumat verirlər və beləcə cinayətin üstü açılır.

Sözügedən cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Daşqın Səfxanov ona elan edilmiş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində İrmaşlı kəndində anadan olduğunu, İrmaşlı kənd orta məktəbinin 5-ci sinfini bitirdiyini, böyük bacısı Səbinənin ailə quraraq Daşbulaq kəndində, ikinci bacısı Rəsmiyyənin Gəncənin yaxınlığında, üçüncü bacısı Əminənin isə ailəsi ilə birlikdə İrmaşlı kəndində yaşadığını göstərib: "Şəfəq mənim kiçik bacımdır. O 1994-cü ildə anadan olub.

1999-cu ilin sentyabr ayında gözlərimi müalicə etdirmək məqsədi ilə Ukrayna Respublikasının Odessa şəhərinə getmişdim. Təxminən son on il ərzində orada yaşamışam. Son dövrlər həmkəndlilərimdən bacım Şəfəqin rayonda pis yola düşdüyünü, fahişəliklə məşğul olduğunu eşitmişdim. 2008-ci ilin noyabr ayında atamla telefon əlaqəsi saxlayarkən bacım barəsində eşitdiklərimin həqiqət olub-olmadığını ondan soruşdum. Atam telefonda ağlayıb, Şəfəqin evdən qaçaraq pis yola düşdüyünü, hamımızı başı aşağı etdiyini dedi. Atama dedim ki, özüm kəndə qayıdıb bu məsələni yoluna qoyacağam.

"Rayona qayıtmaqda məqsədim bacımı öldürmək idi"

Bir müddət kəndə qayıtmağa maddi imkanım olmadı. Ötən ilin noyabr ayında Kiyev şəhərinə gedərək səfirlikdən müvəqqəti sənəd aldıqdan sonra noyabrın 24-də Kiyev-Gəncə reysi ilə Gəncə şəhərinə gəldim. Şəmkirə gəlməkdə məqsədim bacım Şəfəqi pis yola düşdüyünə görə öldürmək idi. Yaxın qohumlarım rayona qayıtdığımı biləcəkləri halda, Şəfəqi axtarmaqda və öldürməkdə mənə maneçilik törədəcəklərini düşünüb, Odessadan gəlməyim barədə heç kimə məlumat vermədim. Heç kimlə əlaqə saxlamadım, valideynlərimlə görüşmək üçün kəndə belə getmədim.

"Özümü Rusiyadan gəlmiş oğlan kimi təqdim edərək onunla görüşmək istədiyimi bildirdim"

İki gün Şəmkirdə qalıb bacımı axtarmağa başladım. Odessada olarkən Şəfəqin çox vaxt Şəmkir bazarının yanında gəzib dolaşdığını eşitmişdim. Onun son vaxtlar çəkdirdiyi şəklini də əldə etmişdim. 24 noyabr 2009-cu ildə bütün günü ticarət mərkəzi yerləşən küçə ilə bazara tərəf gedib-gələrək müşahidə apardım. Həmin gün günortadan sonra Şəfəqi ticarət mərkəzi yerləşən küçənin yuxarı hissəsindən yolun kənarı ilə dükanlara baxa-baxa piyada bazara tərəf getdiyini gördüm. Şəfəqi sifətdən, sarı saçlarından, yaşından və geyimindən tanıdım. Onun əynində qısa cins yubka, qara rəngli gödəkcə, qara çəkmə, əlində isə qara qadın çantası var idi. Bacımın ardınca gedərək yaxınlaşıb ona salam verdim. Şəfəq mənə baxaraq salamımı aldı. Özümü Rusiyadan gəlmiş oğlan kimi təqdim edərək onunla görüşmək istədiyimi bildirdim. Bir necə dəqiqə söhbət etdikdən sonra Şəfəq səhəri gün, yəni 25 noyabr 2009-cu ildə saat 18 radələrində həmin yerdə mənimlə görüşməyə razılıq verdi.

"Və bacımla "görüşməyə" yollandım"

Bacımı öldürmək məqsədi ilə bazardan bir ədəd mətbəx bıçağı, bir ədəd skoç və bir metr göy rəngli nazik şlanq aldım. Əşyaları əynimdə olan gödəkcənin iç hissəsindəki ciblərimə qoydum. Həmin gün saat 18 radələrində Şəmkirin ticarət mərkəzi yerləşdiyi küçədə Şəfəqlə görüşdüm. Onu məscidin yaxınlığında yerləşən parka apardım, orada olan oturacaqların birində oturub söhbət etdim, vaxtı ötürməklə qaranlıq düşməsini gözlədim. Söhbət zamanı ona Xanlar rayonundan olduğumu və uzun illərdən bəri Rusiyada yaşadığımı dedim. Şəfəq isə özünü Düyərli kəndindən Elnarə kimi təqdim etdi. Parkda təxminən bir saatdan artıq oturduq. Şəfəqə yalandan dostumun bizim üçün evdə yaxşı stol açdığını, gedib orada istirahət edəcəyimizi söylədim. O da razılaşdı. Parkdan çıxıb küçəyə tərəf getdik, yolun kənarında dayanaraq avtomaşın gözlədik. Həmin vaxt yoldan keçən tanımadığım ağ rəngli "Jiquli" markalı taksi avtomaşınını saxlatdım. Sürücüyə yaxınlaşıb Rusiyadan qonaq gəldiyimi deyərək, bizi Dağ İrmaşlı kəndinə aparmasını xahiş etdim. Taksi sürücüsü 20 manat alacağını dedikdən sonra maşına əyləşdik. Şəfəq avtomaşının arxa oturacağında, mən isə sürücünün yanında qabaq oturacaqda oturdum. Sürücü avtomaşını Şiştəpə yolu istiqamətində sürərkən Şəfəq Dağ İrmaşlı kəndində yaşayan dostumun adını soruşdu. Ona dostumun mənimlə birlikdə Rusiyada yaşadığını, kəndə bir neçə günlük gəldiyini dedim.

"Qulu dərəsi"

Biz kəndə girəndə hava tamamilə qaralmışdı. İrmaşlı kəndindən təxminən 2 kilometr keçib, Dağ İrmaşlı kəndinə tərəf gedərkən sürücüdən avtomaşını yoldan bir qədər aralıda yerləşən çəmənlik sahəsinə sürməsini xahiş etdim. Həmin ərazi el arasında "Qulu dərəsi" adlanır. Uşaqlıqda bu yerlərdə həmişə mal-qara otardığım üçün hər cığırına bələd idim. Orada xəndək olduğunu bilirdim. Uşaq vaxtı iki dəfə həmin xəndəyə düşmüşdüm. Şəfəq məndən həmin yerə getməyimizin səbəbini soruşdu. Ona çəmənlikdə görüşüb, sonra evə gedəcəyimizi dedim. Avtomaşını çəmənlikdə saxlatdırıb maşından düşdüm. Maşından bir az aralanıb ətrafa baxdım. Ətrafda kimsə yox idi. Bundan sonra sürücüyə yaxınlaşaraq Dağ İrmaşlı kəndinə getmək fikrindən döndüyümü bildirdim. Ona 20 manat pul verib yola saldım.

"Mən sənin qardaşınam"

Sürücü oradan geri qayıdaraq çıxıb getdi. Şəfəq avtomaşını nə üçün buraxdığımı soruşanda ona avtomaşının bizi yolda gözləyəcəyini dedim. Sonra siqaret yandırıb çəkdim. Maşın getdikdən sonra Şəfəqin əlindən tutub çəmənlikdə olan xəndəyə doğru apardım. Şəfəqin əlindən tutarkən o, "sənin əlin mənə soyuq gəlir, sən kef çəkmək istəyən adama oxşamırsan", - dedi. Həmin vaxt başımdan şapkanı çıxarıb Şəfəqə, "mən sənin qardaşınam", - deyib nalayiq bir ifadə işlətdim. Bundan sonra yumruqla onun ağzından zərbə vurdum. Zərbənin təsirindən Şəfəq sağ böyrü üstə yerə yıxıldı. Təpiklə onun sifətinə daha bir zərbə vurduqdan sonra, əllərimlə boğazını sıxaraq boğmağa başladım. Bir neçə dəqiqə boğazını möhkəm sıxdım.

"Onu sürüyüb xəndəyə atdım"

Onun ölmədiyini görüb üstümdə olan rezin şlanqı çıxarıb boynuna keçirib sıxmağa davam etdim. Alışqanın işığını sifətinə salarkən, dodaqlarının qaralmasından Şəfəqin öldüyünü hiss etdim. Sonra onu üzü aşağı bir neçə metr sürüyüb, həmin vəziyyətdə də xəndəyə atdım. Onu xəndəyə atandan sonra çantasına baxdım. Çantada daraq, duxi, saç broşkası, diş pastası, bir neçə vərəq əzilmiş kağız parçası, istifadə edilməmiş çoxlu prezirvativlər olduğunu gördüm. Çantasını və gödəkcəsini üstünə tulladım. Meyitin görünməməsi üçün xəndəyin kənarında bitən qaratikan kollarını dibdən qıraraq meyitin üstünə qoydum.

"Şəfəqi pozğun yola düşdüyü, ailəmizi başı aşağı etdiyi üçün öldürmüşəm"

Bu hadisədən sonra oradan kəndə tərəf qayıtdım. Lakin kəndə girmədən arxa yolla, "Quş dağı" deyilən sahəni keçib İrmaşlı kəndi ilə Şiştəpə kəndi arasındakı yola çıxdım. Yolda 15-20 dəqiqə gözlədikdən sonra Şəmkir tərəfə gedən yol avtomaşınına oturaraq getdim. Şiştəpə kəndini keçdikdən sonra ayaq yoluna getmək üçün avtomaşını bir anlıq saxlatdırdım. Ayaq yoluna düşərkən, üstümdə olan mətbəx bıçağını, skoçu və rezin şlanqı yolun sağ tərəfində yerləşən çökəkliyə atdım. Şəmkirə çatandan sonra avtomaşından düşərək, Bakı şəhərinə getmək üçün Şəmkirdə "Dörd yol" adlanan yerə getdim. Avtobusa oturaraq Bakı şəhərinə, oradansa birbaşa Sumqayıt şəhərinə gəldim. Bir gün Sumqayıtda qaldıqdan sonra İrmaşlı kəndində yaşayan bacım Əminəyə zəng vurdum. Ona telefonda dedim ki, əgər polislər atamı narahat etsələr mənim nömrəmi verərsən, mənimlə danışsınlar. 27 noyabr 2009-cu ildə Əminə ilə yenidən danışarkən Əminə dedi ki, polislər atamgilə gəliblər. Bundan sonra mən özüm polis işçiləri ilə telefonla danışaraq könüllü polis şöbəsinə gələcəyimi bildirdim. Bakı şəhərində Namiq adlı polis işçisi ilə görüşüb, onun avtomaşını ilə Şəmkir polis şöbəsinə gəldim. Kiçik bacım Şəfəqi pozğun yola düşdüyü, ailəmizi başı aşağı etdiyi üçün öldürmüşəm. İbtidai istintaq zamanı hadisəni olduğu kimi söyləmişəm. Maddi sübutların yerini könüllü olaraq göstərmişəm"...

"14 yaşı olanda Şəfəq evdən qaçmağa başlamışdı"

Zərərçəkmiş şəxs qismində dindirilən Fatma Səfxanova (mərhumun anası) ifadəsində 1982-ci ildə Abdurəhman Səfxanovla ailə qurduğunu, birgə nikahdan bir oğlan və dörd qız uşaqları olduğunu göstərib: "Şəfəq 15 fevral 1994-cü ildə anadan olub. Heç yerdə oxumayıb və işləməyib. Oğlum Daşqın 1999-cu ilin sentyabr ayında gözlərini müalicə etdirmək üçün Ukraynanın Odessa şəhərinə getmişdi. O, son on il ərzində bir dəfə də olsun kəndə gəlməyib. Orada yaşadığı dövrdə yalnız telefon vasitəsi ilə bizimlə əlaqə saxlayıb. Böyük qızlarımın üçü də el adəti ilə ailə həyatı qurub, ayrı yaşayırlar. Lakin kiçik qızım Şəfəq 14 yaşından etibarən telefon vasitəsi ilə oğlanlarla danışırdı. Həmin vaxtlardan da evdən qaçmağa başlamışdı. Şəfəqin evdən qaçması barədə polis şöbəsinə müraciət etmişdik.

"Şəfəq bizim sözümüzə baxmırdı"

Polislər onu tapıb evə gətirdikdən sonra Şəfəq yenidən təkrar evdən qaçırdı. Şəfəqin bu hərəkətlərinin qarşısını almağa çox çalışırdıq. Lakin Şəfəq heç vaxt bizim sözümüzə baxmır, evdən qaçaraq əxlaqsız hərəkətlərini davam etdirirdi. 2009-cu ilin avqust ayından isə Şəfəq ümumiyyətlə evə gəlmədi. Tanıdığımız adamlardan Şəfəqin Şəmkirdə yaşadığını eşitmişdik. Onun Şəmkirdə harada, necə və kiminlə yaşadığını bilmirdik. Şəfəqin meyitinin "Qulu dərəsi" adlanan sahədə aşkar edildiyini Şəmkir rayon polis şöbəsinin əməkdaşlarından eşitdik. Polislər bizi sorğu-sual edərkən Şəfəqin Daşqın tərəfindən öldürüldüyünü bilməmişəm. Çünki Daşqın evə gəlməmişdi. Bir müddət keçəndən sonra İrmaşlı kəndində yaşayan qızım Əminə dedi ki, qardaşı Daşqın onun telefonuna zəng edib Şəfəqi pis yola düşdüyünə görə öldürdüyünü, meyitini isə dərəyə atdığını deyib. Bundan sonra bilmişəm ki, Daşqın Şəfəqi öldürüb.

"Oğlumdan heç bir şikayətim və tələbim yoxdur".

Daşqınla polis şöbəsində görüşərkən bildim ki, Daşqın Odessadakı yerlilərimizdən bacısının pis yola düşdüyünü eşidib və bu ona pis təsir göstərib. O, Şəfəqin bu hərəkətlərinə dözə bilmədiyi üçün rayona gələrək Şəfəqi tapıb və onu öldürüb. Oğlumdan heç bir şikayətim və tələbim yoxdur".

"Bundan sonra başı yuxarı gəzə bilərsiniz"

Şahid qismində dindirilən Əminə Qurbanova ifadəsində Daşqının onun qardaşı, Şəfəqin isə kiçik bacısı olduğunu göstərib: "Bacım Şəfəq son zamanlar ümumiyyətlə evdə yaşamırdı. Mən ərdə olduğum üçün Şəfəqi tez-tez görə bilmirdim. Anamın deməsinə görə Şəfəq son vaxtlar Şəmkirdə qalırdı. Qardaşım Daşqın kənddə yaşamasa da, bacımın pis yola düşdüyünü eşitmişdi. Onun bunu kimdən eşitdiyini bilmirəm. 26 noyabr 2009-cu ildə saat təxminən 17 radələrində Daşqın mobil telefonuma zəng vurdu. Söhbət zamanı mənə "Bundan sonra başı yuxarı gəzə bilərsiniz, Şəfəqi pis yola düşdüyünə görə İrmaşlı kəndinin yaxınlığındakı "Qulu dərəsi" deyilən sahəyə apararaq, boğub öldürmüşəm", - dedi.

"Günah bacımda olub"

Daşqının deməyinə görə Şəfəqi boğandan sonra meyitini dərəyə atıb gedib. Daşqının dediyi sözləri eşidib pis vəziyyətə düşdüm. Qorxumdan nə edəcəyimi bilmədim. Bu barədə anam Fatmaya danışdım, anamsa polisə məlumat verdi. Qardaşım Daşqın mülayim xasiyyətli mehriban bir insandır. Şəfəqin bu hərəkətləri ona pis təsir etdiyi üçün o bacımı öldürüb. Əslində, günah da elə bacımda olub."

"Dəfələrlə polis vasitəsilə evə gətirsək də, evdə qalmır, qaçırdı"

Şahid qismində dindirilən Əbdurrəhman Səfxanov ifadəsində göstərib ki, hadisədən bir il əvvəl qızı Şəfəqin fahişəliklə məşğul olduğunu öyrənib: "Şəfəq evin son beşiyi olduğundan bizimlə birlikdə yaşayırdı. Şəfəqin fahişəliklə məşğul olduğunu təxminən bir ildən bir qədər artıq olar ki, öyrənmişdim. Bunun üstündə Şəfəqlə dəfələrlə mübahisə etmişdim. Lakin Şəfəq öz əməlindən əl çəkməyərək tez-tez evdən gedirdi. Şəfəqi dəfələrlə polis şöbəsinə ərizə yazıb polis vasitəsilə evə gətirsək də, o evdə qalmırdı. Evdən qaçıb öz əməllərini davam etdirirdi. Mən 2009-cu ilin avqust ayında Odessa şəhərindən qayıtdıqdan sonra Şəfəq evdən qaçdı. Yalnız kənd camaatının deməyinə görə, Şəfəqin Şəmkir şəhərində olduğunu eşitmişdim. Oğlum Daşqın isə təxminən 11 il ərzində Odessa şəhərində yaşayırdı. 27 noyabr 2009-cu ildə səhər saat 10 radələrində iki nəfər polis əməkdaşı evə gələrək qızım Şəfəqin öldürüldüyünü, meyitinin kəndin yaxınlığında, "Qulu dərəsi" adlanan yerdən tapıldığını dedilər. Bu hadisə barədə məlumatımın olub-olmadığını soruşdular. Həmin vaxtı arvadım Fatma qızım Əminənin yeni uşağı dünyaya gəldiyindən ona baş çəkməyə getmişdi. Fatma qayıtdıqdan sonra polis işçilərinə dedi ki, oğlu Daşqın Əminəyə zəng edərək, Odessa şəhərindən gəldiyini və bacısı Şəfəqi öldürüb "Qulu dərəsi"nə atdığını bildirib. Yalnız onda bilmişəm ki, Şəfəqi Daşqın öldürüb.

"Şəfəqin hərəkətlərinə görə biz el içinə çıxa bilmirdik"

Daşqının Şəfəqi öldürmək niyyəti olmasından məlumatım olmayıb. Şəfəqin fahişəliklə məşğul olması istər mənə, istərsə də Daşqına və yaxın qohumlarımıza pis təsir etmişdi. Şəfəqin hərəkətlərinə görə el içinə çıxa bilmirdik. Şəfəq bizim adımızı rüsvay etmişdi. Buna baxmayaraq, Daşqına Şəfəqi öldürməsi barədə heç bir söz deməmişəm. Daşqın özü bizdən xəbərsiz Odessadan İrmaşlı kəndinə qayıdıb. Gəldiyini bizə demədən bacısı Şəfəqi pis yola düşdüyünə, fahişəliklə məşğul olduğuna görə öldürüb. Bir ata kimi çox sıxıntı keçirmişəm. Qızım həyatdan köçüb. Oğlum isə ona görə tutulub. Bu işin əsl günahkarı qızımdır. Oğlum qızımın hərəkətlərinə dözə bilməyərək belə bir cinayətə əl atıb. Xahiş edirəm ona güzəşt edəsiniz. Oğlumdan heç bir şikayətimiz və tələbimiz yoxdur."

"7-ci sinfi bitirəndən sonra Şəfəq məktəbdən yayınmışdı"

Şahid qismində istintaq zamanı ifadə verən İrmaşlı kənd 2 saylı orta məktəbin müəlliməsi Gülüstan Allahverdiyeva ifadəsində Şəfəqin sinif rəhbəri olduğunu göstərib: "Şəfəq 7-ci sinfi bitirib 8-ci sinfə keçərkən məktəbdən yayınmağa başladı. Bir neçə dəfə onun valideynləri ilə söhbət apardım. Valideynləri özləri ərizə verərək Şəfəqi Respublikadan kənara aparacaqlarını dedilər. Şəfəq oxuyan müddətdə çalışqan uşaq olmayıb. Valideyninin ərizəsinə əsasən məktəbin direktoru onu məktəbdən kənarlaşdırdı. Şəfəq məktəbdən çıxandan sonra məlum oldu ki, evdən qaçıb gedib, ayrıca yaşayır. Eşitdiyimə görə, polislər bir neçə dəfə Şəfəqi rayonda saxlayaraq gətirib valideynlərinə təhvil veriblər. Lakin o yenidən evdən qaçıb. Ötən ilin noyabr ayının axırlarında Şəfəqin pis yola düşdüyünə görə qardaşı Daşqın tərəfindən öldürülməsini eşitmişəm. Hadisənin necə baş verməsi barədə məlumatım yoxdur."

"Xəndəkdə qadın meyiti gördüm"

Şahid qismində dindirilən Həmid Ələsgərov ifadəsində Şəmkir rayonunun İrmaşlı kəndində yaşadığını, Əbdurrəhman Səfxanovu həmkəndlisi kimi tanıdığını göstərib: "27 noyabr 2009-cu ildə saat təxminən 09 radələrində öz heyvanlarımı kəndin örüş yerinə aparmışdım. "Qulu dərəsi" deyilən sahədəki xəndəkdə üstü kollarla örtülmüş qadın meyiti gördüm. Meyiti orada görərkən ətrafda heç kim yox idi. Bu barədə kəndin icra nümayəndəsinə zəng edib məlumat verdim. Sonra həmin yerə polis və prokurorluq əməkdaşları gəldilər. Araşdırma zamanı məlum oldu ki, meyit həmkəndlim Əbdurəhmanın kiçik qızı Şəfəqin meyitidir. Daha sonra məlum oldu ki, Şəfəq evdən qaçıb fahişəliklə məşğul olduğuna görə, onun Ukraynada yaşayan qardaşı Daşqın Səfxanov bacısının pis yola düşdüyünü bilib, qohumlarından xəbərsiz rayona gələrək Şəfəqi həmin ərazidə boğub öldürüb. Daşqını tanıyıram, amma onu 10 ildən artıqdır ki, kənddə görməmişəm. Daşqının bacısı Şəfəqi nə vaxt və necə həmin əraziyə aparıb öldürdüyünü bilməmişəm. Şəfəqin Daşqın tərəfindən öldürülməsini sonradan eşitmişəm."

QEYD: Məhkəmənin hökmü ilə Daşqın Səfxanov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

Yeniyetmənin əxlaqsız hərəkəti ilə ailəsinin başının üstünü qara buludlar almışdı. Sonra ildırım çaxdı, göy guruldadı və qara buludlar göz yaşlarına dönərək leysan yağış kimi yağdı. İnanırıq ki, yağışdan sonra aydın səma və göy qurşağı olacaq...

İnarə Rafiqqızı

O.M.