Saatlıda mal-qaraya qənim olan dəstə ələ keçdi
Onlar sakinlərə ümimilikdə 2000 manatdan çox ziyan vurublar
Saatlı rayonunda mal-qara oğurluğu ilə məşğul olan ələ keçirilib. Milli.az-a istinadən "Mediainfo.az" bildirir ki, saxlanılan şəxslərin bir neçə yerdə oğurluq etdikləri də aşkarlanıb. Mayın 2-də Saatlı Rayon Polis Şöbəsinə rayonun Hacıqasımlı kənd sakin Nüsrət Abbasova məxsus ümumi dəyəri 1000 manat olan 7 baş qoyun-quzunun oğurlanması ilə bağlı məlumat daxil olub. Həmin məlumat əsasında polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər şəxs, Beyləqan rayon sakini Elşən Məmmədov və qardaşı oğlu Ramil Məmmədov, həmçinin tanışları Asif Balakişiyev saxlanılıblar.
İstintaq zamanı cinayətkar qrupun digər əməlləri də aşkar edilib. Belə ki, həmin şəxslər fevralın 7-də rayonun Hacıqasımlı kənd sakini Ramal İbrahimova məxsus 1000 manat dəyərində olan bir baş iribuynuzlu heyvan oğurlayıblar. Bundan başqa, oğruların nəinki Saatlıda, hətta İmişlidə də törətdikləri əməllər ortaya çıxıb. Məlum olub ki, həmin şəxslər yanvar ayında İmişlinin Qaraqaşlı kənd sakini Seyfəddin Həsənova məxsus bir baş dana və rayonun Ölcələr kənd sakini İbad Məmmədova məxsus 2 baş iribuynuzlu heyvan oğurlayıblar. Qeyd edək ki, saxlanılanlardan Elşən Məmmədov əvvələr də məhkumluq həyatı yaşayıb. Hazırda faktla bağlı araşdırma aparılır.