Məktəbli sevgililərin intiharının səbəbi bəlli oldu

Məktəbli sevgililərin intiharının səbəbi bəlli oldu

26 May 2014 11:20
Bəyəndim (0) Bəyənmədim (0)
Oğlan əvvəlcə sevdiyini boğub, sonra özünü öldürüb

Baş Prokurorluq Xaçmazda iki məktəblinin intihar etməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, mayın 24-də, saat 20 radələrində Xaçmaz rayonunun Nabran kəndi yaxınlığındakı meşə massivində Xaçmaz şəhər sakini, 1998-ci il təvəllüdlü Quliyev Vasif Yaşar oğlunun meyitinin ağacdan asılmış vəziyyətdə, təxminən 25 metr aralıda yerdə isə rayonun Hacıqurban-oba kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızının meyiti aşkar olunub.

Rayon Polis Şöbəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçiriblər. Baxış zamanı hər iki meyitin boyun nahiyəsində stranqulyasiya şırımları və qollarında kəsilmiş yaralar, hadisə yerində isə butulka şüşəsinin qırılmış hissələri aşkar edilib.

Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanmışdır. İş üzrə ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin olunub.

İlkin istintaqla müəyyən edilib ki, V. Quliyevlə N. Tağıyeva Xaçmaz şəhəri 2 saylı tam orta məktəbdə paralel siniflərdə təhsil almaqla son bir ildə bir-birilərini seviblər. Lakin 2 ay əvvəl N. Tağıyeva Ukraynada yaşayan qohumuna nişanlandığından son günlərdə onların hər ikisi intihar etmək barədə sinif yoldaşlarına bildiriblər.

Hadisədən bir neçə saat əvvəl V. Quliyev və N. Tağıyeva sonuncunun sinif yoldaşı Amin Əlipaşayevlə qeyd edilən meşə massivinə gediblər. İntihar etmək üçün qollarını şüşə parçası ilə kəsən zaman yanlarında olan A. Əlipaşayev onları bu hərəkətdən daşındırmaq məqsədilə o da öz növbəsində qoluna xəsarət yetirib. Lakin V. Quliyev və N. Tağıyeva aldadaraq onu evlərinə yola salıb, bundan sonra qəti olaraq intihar yoluna əl atıblar.

İlkin fərziyyəyə görə V. Quliyev özündə olan bel kəməri ilə əvvəlcə N. Tağıyevanı boğaraq qəsdən öldürüb, daha sonra isə həmin kəmərlə özünü ağacdan asaraq intihar edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mediainfo.az