2 qardaş dostlarını öldürüb meyitini gölə atdı

2 qardaş dostlarını öldürüb meyitini gölə atdı

14 May 2014 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Kafedə dostların mübahisəsi cinayətlə nəticələndi

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Zəngilan rayon sakini, 23 yaşlı Azad Orucovun məhkəməsi başlayıb. İttihama görə, hadisə ötən il avqustun 26-da baş verib.

Teleqraf.com xəbər verir ki, Azad Orucov həmin gün Suraxanı rayonu ərazisindəki Duzlu göldə 30 yaşlı Xəyyam Allahverdiyevi döyərək öldürüb. İstintaq araşdırması zamanı məlum olub ki, hadisə yerində Azadın qardaşı, 29 yaşlı Abbas Orucov və onun həmyerlisi 20 yaşlı Elçin Abdullayev də olub. Abbas Orucov və Elçin Abdullayev xuliqanlıqda ittiham olunur.

Həmin gün Xəyyam Allahverdiyev içkili vəziyyətdə dostları Abbas və Azad Orucovların kafesinə gedib, onları nalayiq söyüşlərlə təhqir edib. Qarşı tərəf onu sakitləşdirməyə çalışsa da, mümkün olmayıb. Əsəblərinə hakim ola bilməyən Azad və qardaşı Abbas onun baş nahiyəsinə yumruqla zərbələr endiriblər. Xəyyam aldığı zərbələrdən dünyasını dəyişib. Qardaşlar meyiti ərazidəki Duzlu gölə atıblar.

Polis tərəfindən saxlanılan qardaşlar baş verənləri etiraf ediblər. Azad Orucov bildirib ki, mərhumla indiyə qədər aralarında heç bir ədavəti olmayıb: " Xəyyamla çoxdan tanışıq. O, içkili vəziyyətdə bizim kafeyə gəldi, nalayiq söyüşlərlə təhqir etdi. Nə baş verdiyini anlamadıq. Sakitləşdirməyə çalışsaq da, alınmadı, mən də yumruğumu işə saldım, o, yıxıldı. Sonra qardaşımla birləşıb möhkəm döydük. Hirsimiz soyuyanda artıq gec idi".

Hakim Azər Orucovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı mayın 19-na təyin olunub.

Mediainfo.az