Gülər Əhmədova: "Bir millət vəkili kimi çox insana kömək etmişəm"
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkilləri bir neçə vəsatət veriblər, lakin onların heç biri təmin edilməyib. Sonra Gülər Əhmədova məhkəmədə ifadə verib. Bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sevinc Babayevanın onun başına açdığı oyunları qismən danışıb: "Çünki ölmüş adamın arxasınca danışmağı düzgün hesab eləmirəm. Video ilə bağlı deyə bilərəm ki, onlar montajdır, ekspertlərin çıxışları da bunu təsdiq elədi. Həmin videolarda xeyli qüsur var. Elşadın dediklərinə gəlincə, əgər onun məndə pulu olsaydı, bu qədər vaxt susmazdı. 7 il ərzində mənim iş yerimə, hər gün efirdə olan qardaşıma, həyat yoldaşıma gəlib deyə bilərdi. Bu adam sonuncu müsahibəsini də ANS-ə verib, sonra Fransaya gedib. Arzu Kazımovun və digərlərinin işində pulun alınıb-verilməsi təsdiq olunub. Arzu Kazımov 3 il müddətinə həbs olunub, Binəqədinin prokuroru isə şərti cəza alıb. Lakin mənim işimdə bu sübutlar olmaya-olmaya 3 il həbs veriblər. Mətbuatda bu işləri inqubator cücələri kimi eyniləşdirirlər. Amma elə deyil. Mən Azərbaycan dövlətinə xidmət etmiş adamam, anayam, qadınam, bu gün də dövlətçiliyə xidmət edirəm. Heç vaxt bu yoldan dönən deyiləm. Nəyə görə Binəqədinin prokuroru şərti iş alır, lakin bu mənə şamil edilmir? Mən üç dəfə seçkidən keçmişəm. Mənim müxtəlif təbəqələrdən olan adamlara ehtiyacım olurdu. Sevinc mənimlə bağlı heç vaxt rəsmi vəzifə tutmayıb, mənim rəfiqəm olmayıb. Mən bir millət vəkili kimi çox insana kömək etmişəm. Bilirsiniz ki, yıxılana balta çalan çox olar. Məni Azərbaycanın bir nömrəli pis adamı kimi təqdim etməyə çalışırlar. Həmişə reklamlardan uzaq olmağa çalışmışam".
Məhkəmə davam edir.
Mediainfo.az