Dələduz və quldur dəstənin başçısı tutulub

Dələduz və quldur dəstənin başçısı tutulub

6 Mart 2014 17:26
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabad rayonunda vətəndaşların dələduzluq yolu ilə aldadılması faktı aşkarlanıb. Sabirabad rayon Polis Şöbəsindən apa-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad şəhər sakini, 1954-cü il təvəllüdlü Əliyev Muradəli Qaçay oğlu tanışları - Cəfərov Əlimirzə Cəfər oğlu, Zeynalov Hafiz Tərlan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq, imkansız ailələrə özlərini QHT nümayəndəsi, xeyriyyəçi kimi təqdim ediblər. Onlar ev tikdirəcəklərini, əvvəlcədən tikiləcək evlərə 3 min manat ödəniş edilməsinin vacib olduğunu deyib, həmin şəxslərin etibarlarından sui-istifadə etməklə pullarını ələ keçiriblər. Bu əməlləri ilə onlar İmişli, Zərdab və Kürdəmir rayonlarında da eyni üsulla bir qrup sakini aldadaraq, pullarını alıblar.

Həmçinin Muradəli Əliyevin vətəndaşlara guya sosial yardım, təqaüd düzəltmək, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumları həbsdən azad etdirmək, cəza çəkənlərin adlarını əfv siyahısına saldırmaq vədləri verərək pullar mənimsədiyi bildirilib.

İstintaqın indiki mərhələsində həmin şəxslərin dələduzluq əməlləri nəticəsində 50 nəfər zərərçəkmiş şəxsə 150 min manat məbləğində maddi ziyan vurulduğu aşkarlanıb.

Muradəli Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilən şəxs qismində Sabirabad rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.