“Dedilər, onsuz da “srok”a gedirsən, bu cinayətləri də boynuna al“
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı Elmira Dadaşovanı öldürməkdə, çoxsaylı oğurluq və oğurluğa cəhd etməkdə təqsirli bilinən Əlaqif Abbasovun məhkəməsi davam edib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Güləbətin Orucova ifadə verib.
Zərərçəkmiş deyib ki, Füzuli rayonu işğal olunandan sonra Abşeron rayonu "Mexkalon" qəsəbəsində yerləşən beton zavodun ərazisində olan binada məskunlaşıblar. Onun sözlərinə görə, evindən 3200 manat və xeyli miqdarda qızıl oğurlanıb. Zərərçəkmiş oğurluq hadisəsi baş verən günü yas yerində olduqlarını və evdə heç kimin olmadığını deyib: "Yas mərasimi başa çatdıqdan sonra evə qayıtdıq. Evdən oğurluq edildiyini gördük. Oğrular evə pəncərədən girmişdilər. Evdən 3200 manat və gəlinimə məxsus qızılları aparmışdılar. Gəlinimin paltarları arasında "Fatimə" sözü yazılan sadə sep olub. Onu da oğurlamışdılar. Evimdən kimin oğurluq etdiyini bilmirəm. Əlaqif Abbasovu tanımıram və əvvəllərdə rastlaşmamışıq. Bu cinayətə tam aydınlıq gətirilməsini istəyirəm. Çünki düşmənim kimdir, onu tanımaq istəyirəm. Evimdən aparılan əşyalardan heç biri qaytarılmayıb".
Güləbətin Orucovanın sözlərinə görə, evindən oğurlanan qızıl əşyalarının dəyəri 6900 manat olub. Zərərçəkmiş evinə girənlərin tək olmadığını qeyd edib: "Bizim evə oğurluq məqsədilə tək girmək mümkün deyil. Bir nəfər kənarda gözətçi olub. Çünki həyətdə çoxlu adamlar var. Görmə ehtimalı çoxdur. Kənardan gözətçi olmasaydı, bir nəfərin evə girməsi mümkün olmazdı".
Əlaqif Abbasov zərərçəkmişin evindən oğurluq etmədiyini deyib. Onun ifadəsinə görə, polisdə oğurluq hadisəsini boynuna almağı təklif ediblər: "Mənə dedilər ki, onsuz da ölümlə "srok"a gedirsən, bu açılmayan cinayətləri də boynuna al. Mən də boynuma aldım. Daha başıma bu qədər oyunun gələcəyini bilmədim".
Daha sonra Aqil Dadaşovun sürücüsü Əkbər Babaşov deyib ki, Əlaqif Abbasovu hadisədən sonra tanıyıb. Onun sözlərinə görə, hadisə baş verən günü Aqil Dadaşov ona həyat yoldaşının reseptini götürməsini və həkimə aparmasını tapşırıb: "Mən də resepti götürmək üçün evə getdim. Evdən resepti götürdüm. Mərhum Elmira xanım 2-ci mərtəbədə olduğu üçün qapını aşağıdan özüm bağladım. Bundan sonra Elmira xanıma müalicə yazılması üçün resepti həkimə apardım. Orada həkimi gözlədiyim vaxt Aqil Dadaşov mənə zəng etdi. O, Elmira xanımın vurulduğunu və evə gəlməyimi dedi. Mən də həkimi görmədən evə gəldim. Mən ora çatanda artıq Elmira xanımı aparmışdılar".
Əkbər Babaşov deyib ki, evdən oğurluq edilməsindən xəbəri olmayıb. Məhkəmə martın 6-da davam edəcək