Körpəsini boğan kişi olanları soyuqqanlıqla danışdı
Qəbələ rayonunda baş verən dəhşətli cinayətin bəzi təfərrüatları məlum olub. Qəbələ rayon prokurorunun köməkçisi Elçin Sadıqovun ANS-ə verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü Gündüz Ələsgərov 2012-ci ilin may ayında dünyaya gələn qızı Mədinə Ələsgərovanı öldürməsinin səbəbini açıqlayarkən daha da iyrəncliyə əl atıb. Gündüz Ələsgərov əsassız olaraq iddia edib ki, beşikdə boğaraq öldürdüyü Mədinə Ələsgərova onun övladı deyil.
O, həyat yoldaşı Dursun Ələkbərovanı hər gün döyüb, incidirmiş. O, qadını xəyanətdə günahlandırıb, 4 yaşlı qızın ondan olmadığını deyirmiş. Lakin qadın hər dəfə bunun yalan olduğunu və qızın onun övladı olduğunu bildirirmiş.
Bu gecə isə ərlə arvadın mübahisəsi daha da şiddətli olub. Gündüz Ələsgərov arvadını evdən qovub. O, qadına icazə verməyib ki, uşaqları götürsün. Ata evdə qızı Səbinə və Mədinə ilə yalnız qalıb. Kişi ona oxşamayan qızın beşiyinin yanına gəlib. O, digər qızının yanında 4 yaşlı qızcığazı balışla boğmağa başlayıb.
Qısqanclıq və kinli ata qızının fəryadına heç bir əhəmiyyət verməyib. Onu boğaraq öldürüb. Hadisə baş verərkən Gündüz Ələsgərov özündə olub və içki qəbul etməyib.
Qeyd edək ki, polis tərəfindən saxlanılan Gündüz Ələsgərov azyaşlı qızını boğmasını soyuqqanlıqla, həm də, heç bir detalı qaçırmadan danışıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.