Yalan  danışıq qətlə səbəb oldu

Yalan danışıq qətlə səbəb oldu

26 Fevral 2014 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəran Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Salyan rayonunun Qaraçala kənd sakini, 1979-cu il təvəllüdlü Rüstəm İmanovun məhkəməsi başa çatıb

İttihama görə, Rüstəm İmanov 2013-cü il, aprelin 16-da həmkəndlisi Emin Nəcəfovu öldürüb. Bu cinayətin baş verməsinə səbəb isə hadisədən bir neçə gün əvvəl Rüstəm İmanovun mərhumun yaxın qohumu Aynurə İsmayılova ilə bağlı dedikləri olub. Rüstəm İmanov Aynurə ilə münasibətinin olduğunu deyib. Onun danışdıqları bir neçə saat içində bütün kənd sakinlərinin dilində dolaşmağa başlayıb. Aynurə aprelin 13-də haqqında yayılan söz-söhbətə görə intihara cəhd edib. Vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

Aynurənin atası Şamxal İsmayılov qızı haqqında gəzən söz-söhbətə aydınlıq gətirmək üçün İmanovların evinə gəlib. Onu Rüstəmin böyük qardaşı Pərvin qarşılayıb. Pərvin intihara cəhd edən qızın atasını söyüb və qapıdan qovub. Bu məsələni aydınlaşdırmaq üçün Aynurənin qohumu Emin Rüstəmlə görüşmək istəyib.

Aprelin 16-ı saat 20.00-da Emin idarə etdiyi "Tofaş Şahin" markalı maşınla Rüstəm İmanovun arxasınca gəlib. O, Rüstəmi maşına mindirib Varlı kəndinə gətirib. Rüstəm Pərvinin haqlı olduğunu deyib və maşından düşərək evlərinə gedib.

Həmin gün saat 23.00-da Rüstəm İmanov qardaşı Pərvinlə Eminin yanına qayıdıb. Onlar Yeni Uluxanlı kəndinin mərkəzi yolunun Kürsəngi-Şirvan avtomobil yolu ilə kəsişdiyi yerdə Emin Nəcəfovla rastlaşıblar. Mübahisə zamanı Rüstəm Emini bıçaqlayaraq öldürüb.

Hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rüstəm İmanov 11 il müddətinə azadlıqdan məhrum edilib.