Sabunçudakı atışmada yararlananlar arasında daha biri dünyasını dəyişib

Sabunçudakı atışmada yararlananlar arasında daha biri dünyasını dəyişib

25 Fevral 2014 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda baş verən atışmada xəsarət alanlarından daha biri dünyasını dəyişib.

3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, güllə yarası ilə xəstəxanaya daxil olan Yusif Əlipaşayev bu gün səhər aldığı xəsarətdən ölüb.

Xəstəxanadan həmçinin bildirilib ki, hadisə nəticəsində xəsarət alanlar - Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov Mərkəzi Klinikaya oğlu Asif Nəzərov isə Daxili İşlər Nazirliyinin hospitalına köçürülüb.

Qeyd edək ki, fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, G. Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən oradan 1 ədəd qoşalülə ov tüfəngi və 4 ədəd giliz, habelə G. Lətifovun evinə baxış zamanı 19 ədəd patron aşkar edilib götürülüb.

Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır.

Hadisə zamanı güllə yarası alan A. Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, A. Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.