Beyləqanda törədilmiş dəhşətli qətllə bağlı yeni xəbər

Beyləqanda törədilmiş dəhşətli qətllə bağlı yeni xəbər

18 Fevral 2014 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 12-də Beyləqan rayonunda 30 yaşlı Hüseynov Yasin Yelmar oğlunun qətlə yetirilməsi ilə bağlı mərhumun yaxınları Lent.az -a müraciət edib. Y.Hüseynovun qohumları hadisə ilə bağlı aparılan araşdırmalar və başlanmış cinayət işinin gedişatından narahat olduqlarını bildiriblər. Mərhumun yaxınları iddia edir ki, qətl sifarişli olub: "Cinayətkarlar əvvəlcədən cinayətə hazır olub, beşbarmaq və bıçaqla qətli həyata keçiriblər. Onlar əvvəlcə Yasin Hüseynova yaxınlaşıb siqaret istəyiblər. Sonra bıçaqla qoluna ağır zərbə endiriblər. Y.Hüseynov yaralı vəziyyətdə qorunmaq üçün yaxınlıqdakı mağazanın piştaxtasının altına girib. Qatillər piştaxtanın altında ona əvvəlcə beşbarmaqla bir neçə zərbə endirib, sonra bıçaqla boğazında yuxu arteriyasını və venasını kəsiblər. Yasin Hüseynov qan itirdiyindən xəstəxanaya çatmamış keçinib".

Y.Hüseynovun yaxınları cinayətin təşkilatçıları və digər iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilmədiyini bildirirlər.

Məsələ ilə bağlı Beyləqan rayon prokurorunun böyük köməkçisi Rəfail Şahbələdov bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Beyləqan rayon sakini 30 yaşlı Hüseynov Yasin Yelmar oğlunun qətlində şübhəli bilinən 23 yaşlı Zakir Yusifli və 22 yaşlı Tural İsmayıllı yaxalanıb və onların hər ikisi barəsində istintaq müddətində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

R.Şahbələdov onu da bildirdi ki, Y.Hüseynov Zakir Yusifli və Tural İsmayıllı ilə əvvəlcədən tanış olublar. Hadisədən bir gün əvvəl onların arasında mübahisə yaranıb. Sabahısı gün isə Z.Yusifli avtomobillə Y.Hüseynova yaxınlaşıb və onu maşına dəvət edərək bir gün əvvəlki hadisəni müzakirə etməyə dəvət edib. Bu zaman Z.Yusiflinin onu bıçaqlamaq istədiyini görən 30 yaşlı Y.Hüseynli maşından düşərək yaxınlıqdakı mağazaya qaçıb və özünü qorumaq üçün piştaxtanın altına girib. Z.Yusifli və T.İsmayıllı onun arxasınca gələrək, mağazada bıçaqlayaraq öldürüblər.

Prokurorluğundan bildirildi ki, faktla bağlı araşdırmalar davam etdirilir.