
Bacı qatili RF-da tutuldu
Axtarışda olan Azərbaycan vətəndaşı Vasif Rüstəmov Rusiyanın Perm şəhərində saxlanılıb.
Məlumata görə onun tutulması üçün əməliyyatı Baş Cinayət-Axtarış İdarəsi və Tərtər rayon Polis Şöbəsi əməkdaşları həyata keçirib. Perm şəhərində tutulan Vasif Rüstəmov respublikamıza ekstradisiya olunub.
Ağdam rayon Şotlanlı kəndində anadan olmuş Vasif Rüstəmov 2013-cü ilin əvvəllərində bacısı Şəbnəm Rüstəmovaya 4 bıçaq zərbəsi vurub. O, daha sonra bacısını zəhər içməyə məcbur etməklə ölümünə səbəb olub. Vasif Rüstəmov bacısını intihar etmə adı altında Bakıdan Tərtər rayonuna gətirərək orada dəfn edib.
Buna baxmayaraq Tərtər rayon Polis şöbəsində araşdırma aparılıb və Şəbnəm Rüstəmovanın intihar etmədiyi və öldürüldüyü məlum olub. Bundan sonra Şəbnəm Rüstəmovanın meyiti eksqumasiya edilib və meyitdə 4 bıçaq xəsarəti aşkar edilib. O da müəyyən edilib ki, mərhum atası Namət və qardaşı Vasif tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb.