Dövlət qurumlarının adından istifadə edən dələduzlar

Dövlət qurumlarının adından istifadə edən dələduzlar

12 Dekabr 2013 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət qurumlarının adından istifadə edərək vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluq törətməkdə təqsirləndirilən Əhliman Məmmədov və İlham Cəfərovun məhkəmə prosesi başa çatıb.

Apa-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Məmmədov 13 il, İ. Cəfərov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzinin həmin şəxslərlə bağlı yaydığı məlumata görə, Cəfərov İlham Nuhu oğlu və Məmmədov Əhliman Məhəmməd oğlu Azərbaycanda güzəştli kreditlərin alınması, həmçinin ayrı-ayrı vəzifələrə təyin olunmaları adı ilə müxtəlif fiziki şəxslərə yalan vədlər verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onların külli miqdarda əmlaklarını ələ keçiriblər və həmin şəxslərə külli miqdarda ziyan vurublar.

Məlum olub ki, İlham Cəfərov və Əhliman Məmmədov birlikdə cinayət əməllərini həyata keçirmək məqsədilə 2011-ci ilin oktyabr ayında kəndli və fermer təsərrüfatının inkişafı məqsədi ilə uzunmüddətli güzəştli kreditlər vermək adı ilə "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi" adlı saxta təşkilat yaradıblar.

Əvvəlcədən hazırladıqları saxta sənədlərdə İlham Cəfərov özünü "Hacıyev A.Ş" adı ilə "Nazirlər Kabinetinin İcra Aparatının rəhbəri" kimi qələmə vermiş və mütəşəkkil dəstənin digər rəhbəri Əhliman Məmmədov vasitəsi ilə müxtəlif fiziki şəxslərə təqdim olunub, bu sahədə müəyyən təbliğat işləri də aparıbdır. Bu yolla İlham Cəfərov və Əhliman Məmmədov həmin şəxslərə yalan vədlər verərək, onların etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlaklarını ələ keçirməklə öz aralarında bölüblər.

Aparılan araşdırma zamanı vətəndaşlara aldatma və etibarlarından sui-istifadə etmə yolu 215 min manat məbləğində ziyan vurulduğu müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər hökmdən apellyasiya şikayəti veriblər.