Televerilişə çıxdığına görə sevgilisini öldürmək istədi

Televerilişə çıxdığına görə sevgilisini öldürmək istədi

6 Dekabr 2013 15:26
Bəyəndim (0) Bəyənmədim (0)
“O, məni biabır edib“

Masallı rayon Qodman kəndində anadan olan 1988-ci il təvəllüdlü Elçin Kazımovun qeyri-rəsmi yaşadığı Mehriban Xudaverdiyevadan bir qızı olub. Sevgililər bir müddət bir yerdə yaşadıqdan sonra ayrılıblar. Elçin Mehribandan ayrıldıqdan sonra qızı Aliyəni valideynlərinin yaşadığı Qodman kəndinə gətirib. Bundan sonra Mehriban qızının geri qaytarılması üçün Elçin Kazımovla dəfələrlə mübahisə edib.

Həmçinin Mehriban 4 dekabr 2012-ci il tarixdə ANS telekanalında canlı yayımlanan "İkinci həyat" verilişində uşağının əlindən alınması ilə bağlı çıxış edib. Onun telekanalda çıxış etməsi və sərt ittihamları Elçini əsəbiləşdirib. Dekabrın 10-da Mehriban uşağını geri almaq üçün yenidən Elçinlə telefon vasitəsilə danışıb. Elçin uşağı qaytarmayacağını deyib. Mehriban Masallı rayon Polis Şöbəsinin qabağına gəlib və Elçinlə əlaqə saxlayaraq polisə şikayət edəcəyini deyib. Elçin isə "şikayət etmə, orda gözlə",-deyib. 16.00-da Elçin də polis şöbəsinin həyətinə gəlib. Keçmiş sevgililər mübahisə ediblər. Elçin Kazımov mübahisə zamanı özündə olan cib bıçağı ilə Mehribana xəsarət yetirib. Həmin vaxt polis şöbəsində xidmətdə olan sahə rəisi Ceyhun Nuriyev Mehribanı Elçinin əlindən alıb. Mehriban polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Elçin Kazımov isə həbs edilib.

Hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Kazımov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib. Elçin Kazımov hadisənin ailə münaqişəsi zəminində baş verdiyini deyib: "Keçmiş arvadım Mehriban "ANS" telekanalında canlı yayımlanan "İkinci həyat" verilişində məni cəmiyyətə öz istədiyi şəkildə təqdim edərək biabır edib. Bundan başqa, Mehriban öz telefon zəngləri ilə məni o həddə çatdırıb ki, onu öldürmək istəmişəm. Mehriban bu cinayəti törətməyə məni təhrik edib. Əslində, onun təhqirlərindən müdafiə olunmuşam. İstintaqda və məhkəmədə səmimi ifadə vermişəm. İstintaqdan yayınmamışam. Bütün bunlara baxmayaraq mənə ağır cəza verilib. Apelyasiya Məhkəməsinin hakimlərindən barəmdə daha yüngül cəzanın verilməsini xahiş edirəm".

Şirvan Apelyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elçin Kazımovun apellyasiya şikayəti təmin edilməyib.

/Hacı/