Murmanskda dəhşət: iki azərbaycanlı öldürülüb, biri isə yaralanıb

Murmanskda dəhşət: iki azərbaycanlı öldürülüb, biri isə yaralanıb

5 Dekabr 2013 14:20
Bəyəndim (0) Bəyənmədim (0)
Murmansk şəhərində azərbaycanlıların ölümü ilə nəticələnən silahlı insident baş verib

Apa-nın Rusiya bürosunun məlumatına görə, dekabrın 4-də axşam saatlarında Murmanskın Xibinski küçəsi, ev 12 ünvanında silahlı insident qeydə alınıb. Nəticədə iki Azərbaycan vətəndaşı ölüb, biri isə ağır yaralanıb.

Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayəti üzrə nümayəndəsi Afil Hüseynov açıqlamasında silahlı insident nəticəsində ölənlərin Lənkəran rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəriman Axundov və 1970-ci il təvəllüdlü Sədi Əzizov olduğunu bildirib: "Yaralı isə "Karina" ticarət mərkəzinin sahibi Həmid Kərimovdur. O, hazırda xəstəxanadadır. Vəziyyəti ağır olaraq qalır".

Afil Hüseynov hadisənin təfərrüatları barədə də danışıb. Onun sözlərinə görə, qatillərin əsas hədəfi çox güman ki, Həmid Kərimov olub: "Nərimanla Sədi onun badına gediblər. Hadisə dünən axşam saatlarında Həmid Kərimovun meyvə-tərəvəz bazasında baş verib. Sədi ilə Nəriman Sankt-Petrburqdan və Moskvadan Murmanska meyvə-tərəvəz gətirməklə məşğul idilər. Həmin gün də onlar bazaya meyvə-tərəvəz gətirmişdilər. Bazanın sahibi Həmid Kərimov öz köməkçisi ilə birlikdə bazaya yoxlama aparmağa gəlib. Bu zaman onları izləyən naməlum şəxslər bazaya girərək atəş açmağa başlayıblar. Nəticədə Nəriman ilə Sədi ölüb, Həmid isə ağır yaralanıb. Qətli törədənlərin kapşonlu gödəkçə geyinmiş iki nəfər olduğu deyilir".

A.Hüseynov yerli mətbuatda qətlin azərbaycanlılar tərəfindən törədilməsi haqqında yayılan məlumatların şayiə olduğunu söyləyib: "Qətli törədənlər rus millətindən olub". Diaspor rəhbəri bu gün mərhumların cənazəsinin Azərbaycana göndəriləcəyini söyləyib: "Artıq bütün sənədlər hazırlanıb. Bu gün cənazələr Bakıya göndəriləcək".