ARAŞDIRMA! Dünyada "analoqu olmayan" polis bölməsi Nəsimi rayonundadır!

ARAŞDIRMA! Dünyada "analoqu olmayan" polis bölməsi Nəsimi rayonundadır!

4 Dekabr 2013 15:17
Bəyəndim (0) Bəyənmədim (0)
Bölmənin ətrafında soyğunçuluq hadisələri bitib-tükənmir

Ötən gün Nəsimi rayonu 20 Yanvar küçəsində yerləşən daha bir ərzaq mağazasında qarət hadisəsi baş verib. 24 saylı binanın zirzəmisindəki ərzaq mağazasının sahibi elə həmin binanın birinci mərtəbəsində yaşayır. Qəribədir ki, ev sahibləri gecə saatlarında baş verən qarətdən duyuq düşməyiblər. Xatırladaq ki, bir neçə gün əvvəl elə həmin həndəvərdə yerləşən "Məhəllə" adlı ərzaq mağazasında da qarət baş vermişdi. Soyğunçular elə peşəkarcasına "iş" görmüşdülər ki, mağazaya bitişik bölmənin əməkdaşlarının ruhu belə inciməmişdi.

Bəli, qəribə də olsa, Nəsimi Rayonu 19-cu polis bölməsinin bir hissəsi küçəyə baxan ərzaq mağazasına, bir hissəsi isə küçəyə çıxan kafeyə bitişikdir. Yəni hər hansı bir cinayətkar həmin bölmədən çox rahat şəkildə qaçma planını həyata keçirə bilər. Və yaxud da cinayətkarın yaxınları dəstə şəklində bölməyə hücum edə bilərlər.

Onu da əlavə edim ki, bölmənin qapısında da təhlükə ehtimalı böyüməyə başlayır. Çünki tezliklə polislərin məkanının düz qarşısında şadlıq evi istifadəyə veriləcək. Tikinti işləri artıq başa çatmaq üzrədir. Bu, dünyada analoqu olmayan hadisədir! Şadlıq sarayı+mağaza+kafe=polis bölməsi...

P.S. Bu cür oğurluq halları 19-cu polis bölməsinin ətrafında çox baş verir. Bölmənin əməkdaşlarının ya özlərini görməməzliyə vurmaları, ya tənbəllikləri, ya da qeyri-peşəkarlığı nəticəsində dayanacaqlardakı avtomobillərin güzgüləri, təkərləri, şüşələri və digər predmetləri asanlıqla yoxa çıxır. Hər ay bir sakin avtomobilinin soyulması haqda şikayət ərizəsi ilə bölmə rəhbərliyinə müraciət edir. Şikayət ərizələri isə nədənsə cavabsız qalır. Hər bir küncündən küçə-bacaya deşiklər açdıran bölmənin rəhbərliyinin başı "biznesə" qarışdığından peşəsinə ciddi münasibət göstərmir. Asayişi "qoruyan" bölmənin əməkdaşları sakinlərin səslərinə hay vermədikcə, soyğunçuların da ayaqları necə deyərlər, yer alır. Daha doğrusu, "əl-qolları" açılır. Beləcə, əllərinə keçəni talayırlar. Belə getsə, tezliklə 19-cu bölmənin özünə də növbə çatacaq...

Hazırladı: Könül Aypara